• 22 Noyabr 2024 18:15

Ərdoğan zəlzələdən zərər çəkənlərə yardım elan etdi – VİDEO

 

 

“Biz bütün imkanlarımızı səfərbər etdik. Bütün vilayətlərdə nazir dostlarımızla birlikdə əməliyyatların koordinasiyasını həyata keçiririk. Yaxın günlərdə zəlzələ bölgəsindəki mövcud çətinliklər aradan qaldırılacaq”.

Tacxeber.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Kahramanmaraşdakı çıxışında deyib.

“İlk gündə müəyyən çətinliklər olsa da, ikinci gün və bu gün vəziyyətə hakimik. Dağıntılar üzərində işlərimiz davam edir, lakin eyni zamanda dağıntıların çıxarılması işlərinə də başlanılacaq. Narahat olmayın. Biz vətəndaşlarımızın küçədə qalmasına heç vaxt icazə verə bilmərik”, – Türkiyə lideri qeyd edib.

Ərdoğan zəlzələdən zərərçəkənlərə maliyyə yardımının göstəriləcəyini də bildirib: “Zəlzələnin təsir etdiyi regionlarda yenidənqurma işləri də aparılacaq. Burada daha bir açıqlama vermək istəyirəm: Antalya, Alanya, Mersin kimi şəhərlərdə hotellərlə görüşlər keçirdik və vətəndaşlarımız bu şəhərlərdəki hotellərdə qalmaq istəklərini bildirərsə, onları həmin hotellərə yerləşdirməyə hazırıq. Çox ciddi otaq tutumu var. Vətəndaşlarımız istəsələr, onları oraya yerləşdirmək üçün bütün imkanlarımızı səfərbər edəcəyik. Yemək-içmək kimi bütün ehtiyaclar qarşılanacaq”.

Ərdoğan bildirib ki, yanacaqla bağlı bəzi problemlər var, lakin onların öhdəsindən tədricən gəlinir.

Onun sözlərinə görə, zəlzələ bölgəsində axtarış-xilasetmə fəaliyyətləri davam edir: “Həmçinin vətəndaşlarımızın təxliyəsi da davam edir. Təxribatçıların cəhdlərinə imkan vermək olmaz. Bu məsələdə media nümayəndələri xüsusilə həssas olmalıdır. İndi həmrəy olmaq vaxtıdır. Xüsusilə AFAD-ın açıqlamalarından başqa, təxribatçılara fürsət verməməyinizi istəyirəm. Bu gün birləşmək vaxtıdır. Həmrəylik vaxtıdır. Biz bütün imkanlarımızı səfərbər etmişik. Hələlik bəzi hazırlıqlar görəcəyik və dəymiş ziyanın hesablanması ilə birlikdə ailələrə dəstəyimizi verəcəyik. Biz bu məsələyə Xəzinədarlığın maliyyəsindən müəyyən büdcə ayırmışıq. Təbii fəlakətin təsir etdiyi regionlarda yenidənqurma işləri də aparılacaq. Eyni zamanda zəlzələdən zərərçən hər bir ailəyə 10 min lirə yardım göstəriləcək”.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan zəlzələnin mərkəzi olan Kahramanmaraş vilayətində səfərdədir. Türkiyə dövlət başçısı təbii fəlakətin baş verdiyi ərazilərə baş çəkib, axtarış-xilasetmə işlərinin gedişatı ilə tanış olub. Dövlət başçısına son vəziyyət barədə məlumat verilib.

Tacxeber.com

Oxşar xəbərlər