• 23 Noyabr 2024 00:13

Baba Vəziroğlu: “Kiminsə əynindən ürəklə çıxarıb verdiyi jaket o insanları daha çox isidər, nəinki qalaq-qalaq, qatı açılmamış mallar…”

 

“Həyatımda bir neçə məqam olub ki, demişəm “sözün bitdiyi yer…” İndi həyatımda həmin məqamdır. Baş verənləri ifadə etməyə söz acizdir. Gözümün qabağında dünya dağılır, insanlar həlak olur. Çay içdiyi, televizora baxdığı, xoşbəxt olduğu bir məqamda qəfil göydən bəla enir, insanları naməlum dünyaya aparır. Bilmirik, o dünya var, yoxdur… Bu dünyada insanlar xoşbəxt idilər, indi bilmirik… Hamısının ruhları şad olsun. İlk dəfə ürək ağırısı ilə yardım kampaniyasına qoşuldum. Bu, “kampaniya” deyil, qardaş, doğma insan köməyidir. Hətta ürəyim istəyirdi ki, onların yanında olum. Təbii ki, bu, mümkün olmadı. Türkiyə üçün yardıma qoşuldum, dostlarıma da çağırış etdim. Onsuz da heç bir çağırış lazım deyildi. Çağırış insanlarımızın içində var, bilirlər ki, qardaş dardadır. Bunu nə “hökumət kampaniyası” adlandırmaq olar, nə “konnektura” demək olar. Bu, qandan, gendən gələn bir şeydir, bunu əyani şəkildə gördük. Bölgələrdə, sərhəddən kənarda yaşayan soydaşlarımız… Xalqımız bunu qardaş Türkiyənin yox, öz ağır günü kimi qəbul edir. Ümumiyyətlə, insanlar… Ukraynadan edilən yardımı gördüm, inanın ki, dəhşətə gəldim. Burda artıq milli, dini, irqi mənsubiyyət yoxdur. İnsan övladı dardadır. Bu, bizim faciəli günümüzdür…”

Bu sözləri Pravda.az-a müsahibəsində Əməkdar incəsənət xadimi, tanınmış şair Baba Vəziroğlu deyib.

O, “Azərbaycan Türkiyəyə göndərdiyi yardımları reklam edir” deyərək, kampaniyasına kölgə salmağa çalışanlara da cavab verib: “Kölgə salmaq istəyənlər nəfər-nəfərdir. Onlar həmin insanlardır ki, günəşli gündə deyirsən “Ay Allah, nə gözəl günəş doğub”, deyirlər “bax, günəşin üzündə ləkələr var axı…” Belə insanlardır. Bunların xislətinə kiminsə sevincinə şərik olmaq, xoş hisslərlə yaşamaq yaddır. Belə məxluqlar həmişə olub və olacaq, fikir vermək lazım deyil. Onlara heç “insan” da demirəm. Qarabağın alınmasına sevinməyən insanlardır, bunlardan daha gözləyəsən?”

B.Vəziroğlu deyib ki, Bakıda Türkiyə üçün başladılan yardım kampaniyasında ona toxunan məsələlər olub: “Mənə toxunan bircə məqam oldu. Bunu avaranın biri desəydi, əhəmiyyət verməzdim. Rəsmilərdən biri elə aqressiya ilə dedi ki, “yardıma ikinci əl paltarlar göndərilməsin, bu, kimə lazımdır?” İnanın, təəssüf etdim ki, niyə dağıntıların altında məhz o sözü deyən adam qalmayıb? Sağ qalıb və bu ifunəti yayır. Axı hamı gedib mağazadan təzə şey alıb göndərə bilmir. İnsanlar boğazından kəsib, əynindən çıxarıb göndərir. Elə ürəklə verir ki, bu, bir sıra şirkətlərin göndərdiyindən daha qiymətlidir. Kiminsə əynindən ürəklə çıxarıb verdiyi jaket o insanları daha çox isidər, nəinki qalaq-qalaq, qatı açılmamış mallar. Mənə bircə bu toxundu. Qalan şeylərə fikir vermirəm. Hədyan sözlər danışan rəsmiləri cəzalandırmaq lazımdır ki, xalqın məhəbbətini belə kapitalistcəsinə, bazar adamı kimi qiymətləndirmək olmaz. Zəlzələ baş verən ərazilərdə zərər çəkən insanlar yerdən əski parçası da tapsalar, bürünəcək haldadırlar. Təbii fəlakət onları əlacsız vəziyyətə salıb. Mətbuat işçilərimizdən biri – əlində mikrofon var idi, yəqin televiziya aparıcısı idi – gözümün qarşısında əynindən çox bahalı gödəkçəsini çıxarıb, oradaca yardıma bağışladı ki, gücüm hələlik buna çatır. Bunu necə dəyərləndirməmək, aşağılamaq olar? “İkinci əl” nədir? Ömür boyu görmüşük ki, evdə çoxlu sayda uşaq olanda böyük qardaş-bacının geyindiyi paltarları bir müddət sonra balaca qardaş-bacıları geyinir. Bir ailədə “ikinci əl” nə deməkdir axı?”

O, ermənilərin Türkiyədə baş verən fəlakətə görə sevinmələri barədə də danışıb: “Ermənistanda bəlkə ən ağıllı, normal adekvat adam varsa, o da Baş nazir Nikol Paşinyandır. Paşinyan bilir ki, insan fəlakəti nə deməkdir. Belə fəlakətlərdə bütün müharibələr, siyasi fikir ayrılıqları kənarda qalır. İnsan oğlu düşünür ki, Allahın yaratdığı başqa bir insan dardadır və ona kömək əli uzatmaq lazımdır. Bu çətin günlər bitsin, sən yenə siyasətini yürüt. Bunlar ayrı-ayrı şeylərdir. Amma erməni milləti xəstədir. Həmişə demişəm, yenə də deyirəm. Ermənilərin gələcək nəsilləri belə xəstə olmasa, ağıllı olsa, Paşinyana qızıldan heykəl qoyacaqlar. Yüz illər boyu Ermənistan cəmiyyətini zəhərləyiblər. Bir erməni çıxış edib deyir ki, biz xəstəyik, əlacımız Allaha qalıb, çünki illər boyu bizə aşılayıblar ki, türk sənin düşmənindir. Deyir ki, hətta türk olmasaydı belə, bunlar bir düşmən obrazı yaradacaqdılar. Xəstədirlər. Birdən-birə belə xəstə cəmiyyətə qarşı çıxmaq da olmur. Paşinyan da başa salmağa çalışır, onları reallığa hazırlayır ki, Türkiyə, Azərbaycanla və digər qonşularla əlaqən olmasa, məhvə sürüklənirsən. Belə yaşamaq mümkün deyil, insan ömrü nə qədərdir ki? Yetmiş-səksən-yüz… Sizi də Allah yaradıb, bədbəxtsiniz, yazıqsınız…”

Tacxeber.com

Oxşar xəbərlər