“Belqrad Rusiyanın Krımın ilhaqına analoji olan əməliyyat işləyib hazırlayır…”
“Serbiya NATO ilə münaqişəyə daxil olmaq fikrində deyil…”
“Rusiya Balkanlarda sabitliyi pozmaq, bununla da Qərbin diqqətini Ukraynadan yayındırmaq istəyir…”
“Vaqner qrupu” özəl hərbi şirkətinin muzdluları Serbiya hakimiyyətinə Kosovoya hücum hazırlanmasında kömək edir.
Moderator.az xəbər verir ki, bu barədə qismən tanınan dövlətin prezidenti Vyosa Osmani Britaniyanın “The Telegraph” qəzetinə verdiyi müsahibəsində bəyan edib.
Onun sözlərinə görə, “vaqnerçılər” serb silahlı birləşmələrinə silah və tanıtma işarələri olmayan formanın Kosovo ərazisinə qaçaqmalçılıq yolu ilə keçirilməsində köməklik edir.
“Onlar silah və geyim gətirir, lakin formal olaraq Serbira ordusunun bir hissəsi deyil. Serbiya öz məqsədlərinə nail olmaq istəyir, bunu hərbi əməliyyat adlandırmır”, Osmani bəyan edib.
Prezident bu hərəkətləri Serbiya tərəfindən hibrid hücuma hazırlıq hesab edir. Belqrad, guya, Rusiyanın Krımın ilhaqına analoji olan əməliyyat işləyib hazırlayır.
“Bu, Putinin 2014-cü ildə Krımda etdiklərinin analogiyasıdır. Əvvəlcə o, orada yaşayan ruslardan istifadə edib, sonra saxta bayraq altında müxtəlif əməliyyatlar təşkil edib, daha sonra bu hərbiləşdirilmiş qrupları göndərib”, – Kosovo prezidenti öz fikrini bölüşüb.
“Serb hərbiləşdirilmiş qruplarının bunu “Vaqner qrupu” özəl hərbi şirkətlə birlikdə planlaşdırılmasına dair aşkar sübutlar var. Onların sərhəddə və ya bizim ərazimizdə olması məsələsi hələ də araşdırılır”, – o, əlavə edib.
Osmaninin sözlərinə görə, tədbirlər son altı ayda davam edib.
Bir çox ekspertlər Serbiyanın Kosovonu zəbt etməyə cəsarət edəcəyinə skeptik yanaşır, çünki bu, NATO ilə qarşıdurmaya gətirib çıxara bilər.
“Serbiya NATO ilə müharibəyə daxil olmaq fikrində deyil. Bunu o, bir dəfə edib və məğlub olub. Və bu təcrübəni təkrarlamaq fikrində deyil. NATO qüvvələrinin mövcudluğu hər iki tərəf üçün çəkindirici amildir. Bu, həddən artıq eskalasiyadan yan keçməyə imkan verir”, – bunu Henri Cekson Cəmiyyətinin analitik mərkəzinin Balkanlar üzrə eksperti Helena İvanova deyib.
Lakin prezident Osmani ekspertlərin Rusiyanın Ukraynaya qarşı təcavüzünün imkanları barədə xatırladır. “Ukraynaya hərbi müdaxilədən iki-üç gün öncə dünyanın bir çox liderləri deyirdi ki, “Putin axmaq deyil, o, bunu etmək fikrində deyil”.
Biz indi bunu Vuçiç haqqında eşidirik- “o, o qədər axmaq deyil, bunu etmək fikrində yoxdur”. Mən hücumun mütləq baş verəcəyini iddia etmirəm, amma biz həmişə bunun qarşısını almağa hazır olmalıyıq”, – Osmani bəyan edib.
O, əlavə edib ki, Rusiya Belqraddan Balkanlarda sabitliyini pozmaq və bununla da Qərbin diqqətini Ukraynadan yayındırmaq üçün istifadə edir.
“Serbiyanın köməyilə başqa münaqişə ocaqları yaratmaq, Qərb demokratiyalarını eyni zamanda çoxsaylı münaqişələrə düçar etmək, bütün diqqəti Ukraynaya yönəltməmək istəyirlər”, – Kosovo prezidenti hesab edir.
Belqradla Priştina arasında münasibətlər ötən ilin sonunda xeyli pisləşib. Priştina Kosovonun şimalında yaşayan serblərin üzərinə Serbiyada verilən sürücülük vəsiqələri və nömrə nişanlarından istifadədən imtina etmək öhdəliyi qoyub.
Kosovo serbləri etiraz əlaməti olaraq blokpostlar və barrikadalar qurub. Nəticədə odlu silahdan istifadə edilməklə polislə toqquşmalar baş verib, Serbiya prezidenti Aleksandr Vuçiç isə dekabrda yerli serb əhalisinin maraqlarının qorunması üçün Şimali Kosovoya qoşun yeridilməsi ilə təhdid edib.