“Tələbələrlə bağlı hələ ki, yeni məlumat yoxdur. Bir az əvvəl Samirin qardaşı ilə danışırdım, dedi, məlumat yoxdur, çalışırlar. Məsələ belədir ki, orada bina yerə batıb, torpaqdır, tunel qazırlar, o tunel də çökür, gedib çata bilmirlər. O da xilasedicilər üçün təhlükəlidir. İndi müəyyən aparatlar uşaqların qaldığı yer müəyyənləşdirilir, sadəcə hələ ora çata bilmirlər”.
Bu sözləri azxeber.com-a açıqlamasında Türkiyədə itkin düşən azərbaycanlı tələbə Samir Quliyevin qohumu Ramal Şəmşədli deyib.
O qeyd edib ki, tələbələrlə bağlı bu gün yeni xəbər gözlənilir:
“Dünən fikirləşirdilər ki, hamısı çıxarılacaq, axtarış da dayanacaq. Amma dünən hamısını çıxarmaq mümkün olmadı. Deyilir ki, bu gün axşama bəlkə yekunlaşar, axtarış da dayanar. İndi gözləyirik ki, bu gün nə xəbər olacaq.
Deyilmişdi ki, orada hərəkətlilik görünür, canlı nəsə var, hərəkət edir, amma kim və ya nə olduğu bilinmir. Biz yenə də ümidlə gözləyirik ki, bəlkə bir möcüzə olar”.
Ramal Şəmşədli həmçinin tələbələrin həmin binada olmaması fikrinə də aydınlıq gətirib:
“Elə şey mümkün deyil, çünki həmin gecə saat 12-də, 1-in yarısında uşaqlarla danışılıb, evdə olublar. Onlar da elə uşaqlardır ki, gecə çıxıb harasa getsinlər, gəzməyə çıxsınlar, belə işləri olmayıb. Ona görə də, həmin evdə olublar”.