• 22 Noyabr 2024 22:45

Zəlzələ olan ərazilərdə xəstəlik riski varmı? – AMEA-dan AÇIQLAMA

 

Türkiyədə böyük miqyasda dağıntı və tələfata səbəb olan güclü zəlzələlərdən sonra yaranan antisanitar şəraitdə yoluxucu xəstəliklərin yayılma riski var.

Tacxeber.com xəbər verir ki, dağıntılardan sonra binalarda kanalizasiyaların partlaması nəticəsində daşması, həmçinin ölmüş insanların meyitlərinin çürüməyə başlaması, ətrafda natəmiz şərait yaradıb. Qeyd olunur ki, belə olan halda əraziyə gəmiricilərin toplanması, mikroorqanizmlərin içməli suya keçərək xəstəliklərin yaranmasına səbəb ola bilər.

Yoluxucu xəstəliklər və kliniki mikrobiologiya üzrə türkiyəli mütəxəssis Firdevs Aksoy da yerli mətbuata açıqlamasında gəmiricilərin yaratdığı “Hantavirus” infeksiyası və digər həyat təhlükəli infeksiyalarla yayıla biləcəyini söyləyib.

 “Zəlzələ və təbii fəlakətlərdən sonra xüsusilə də suya çıxışın olmaması səbəbindən ayaqyolu kimi mühitlərdə gigiyenik qaydaların pozulması, suyun kanalizasiyaya qarışması kimi hallarla çox rastlaşırıq. Xüsusilə dağıntılar altından çıxarılanlarda dəri infeksiyaları ilə qarşılaşa bilərik. Həmçinin bu xəstələr zədə səbəbindən “tetanoz” riski altındadırlar, buna görə də tez bir zamanda onlara “tetanoz” peyvəndi vurulmalıdır. Çünki “tetanoz” ölümcül xəstəlikdir.
Həm korlanmış qidalar, həm də kanalizasiya infrastrukturunun dağılması səbəbindən gəmiricilərin sayında artım olacaq və gəmiricilərdən “Hantavirus” adlanan və həyat təhlükəsi olan infeksiyaların keçməsi ehtimalı var. Eyni zamanda çadırlarda izdihamlı mühitlərdə insan çoxluğuna görə xəstəliklərin artacağını gözləyirik”, – deyə o bildirib.

Mövzu ilə bağlı Ölkə.Az-a danışan Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mikrobiologiya İnstitutunun baş direktoru Pənah Muradov bildirib ki, xəstəliklərin qarşısının alınması üçün dezinfeksiya işləri aparılmalıdır:

“Hər hansı bir yerdə təbii fəlakət nəticəsində insan ölümü və ya digər canlıların məhv olduğu hadisələr baş verirsə və vaxtında təmizlik işləri görülmürsə, ərazidə xəstəlik törədicilərin olması ehtimalı var. Burada əsas məsələ xlordan və ya digər aseptik vasitələrdən istifadə etməklə dezinfeksiya işlərinin aparılmasıdır.

Xəstəlik törədəcək mikroorqanizmlərin bir çoxunda kanalizasiya sularında patogen fon daha yüksək olur. Yəni dezinteriya, botulizm və s. kimi mikroorqanizmlərin törətdiyi minlərlə xəstəliklərdə hər hansı biri yayıla bilər”.

P.Muradovun sözlərinə görə, havanın temperaturunun aşağı olması, bu risklərin qarşısını alır:

“Mikroorqanizmlərin əksəriyyəti mezofil orqanizmlərdir. Yəni bunların normal inkişafı üçün temperaturun 20-30 dərəcə arasında olması lazımdır. İnsanın normal bədən temperaturu 36.5 dərəcədirsə, mikroorqanizmlər bu temperatura yaxın şəraitdə patogenik fəaliyyətini göstərə bilir. Sıfır dərəcədə bəzilərində ümumiyyətlə böyümə getmir. İnsanlar xəstələnib bədən temperaturu 40 dərəcəyə qədər artanda da mikroorqanizmlərin bir çoxu məhv olur. Çünki onlar müəyyən temperatur intervalında daha intensiv fəaliyyət göstərir.

Qış mövsümü ilə əlaqədar olaraq havaların soyuq keçməsi, bu risklərin reallaşmasına imkan vermir. Əgər bu hadisə isti yay aylarında olsaydı, xəstəliklərin yayılması riski reallaşacaq səviyyədə təhlükəli ola bilərdi. Hazırkı şəraitdə isə orada kütləvi epidemiyanın yayılacağını düşünmürəm”.

Tacxeber.com

Oxşar xəbərlər