• 22 Noyabr 2024 23:10

İran İslam Respublikasında “tektonik” hərəkətlənmə: Xamenei ailəsi başdan-ayağa “çat” atıb

 

“İran İslam Respublikasının kitabını bağlamaq üçün müstəqil və ədalətli seçkilər yolu ilə yeni konstitusiya hazırlayıb referenduma çıxarılmalıdır”.

Ovqat.com xəbər verir ki, İranın islahatçı liderlərindən olan Mirhüseyn Musəvi bu barədə bəyanat verib.

Musəvinin bu bəyanatı İranda ciddi ajiotaja yol açıb.

Məlumata görə, İranın Ədliyyə Nazirliyi Mürhüseyn Musəvini Xalqın Mücahidləri təşkilatına bağlılıqda günahlandırıb həbs etmək istəyir. Nazirliyə bağlı “Mizan” Xəbər Agentliyinə adı açıqlanmayan “etibarlı təhlükəsizlik rəsmisi” Mirhüseyn Musəvinin “müxalif Xalq Mücahidləri Təşkilatının (XMT) nəzarəti altında olduğunu bildirib.

Təhlükəsizlik rəsmisi Musəvinin son açıqlamasının XMT üzvlərinin “birbaşa mətbəxindən” gəldiyini və onun xüsusilə hazırda Parisdə yaşayan və “Word” internet saytının administratoru olan islahatçı siyasi fəal Ərdəşir Əmir Ərcüməndi vasitəsilə təşkilatla əlaqə qurduğunu iddia edib.

“Mizan”ın adı açıqlanmayan “mənbə”yinin istinad etdiyi dəlil və etibarlı məlumatlara’ görə, “İmam (Xomeyni) xəttini və konstitusiyasını gözdən salmağa çalışan Musəvi Əmir Ərcümənddən aldığı yol xəritəsinə əsaslanır və “bu təlimatların izi Musəvinin açıqlamalarında açıq-aydın görünür.”

 

Məlumata görə, Musəvi Əmir Ərcüməndin qardaşlarından biri vasitəsilə XMT ilə birbaşa əlaqə qurub. “Ərcüməndin qardaşı Bəsim Mənsur XMT -in rəhbərlərindən biridir və hazırda onun Strasburqdakı nümayəndəliyinə rəhbərlik edir“, – deyə Ədliyyə rəsmisi bildirib.

Qeyd edək ki, Mir Hüseyn Musəvi Azərbaycan türküdür. O, 2 mart 1942-ci ildə İranın Şərqi Azərbaycan ostanının Xamnə kəndində doğulub. Musəvi Xamnədə böyüyüb və 1958-ci ildə təhsilini davam etdirmək üçün Tehrana köçüb. İranın ali dini lideri Əli Xameneinin qohumudur; Musəvinin nənəsi Əli Xameneinin ata tərəfindən xalasıdır. 

Musəvi İran İslam Respublikası qurulduğu ilk illərdə ölkənin Baş naziri seçilib. İnqilabdan əvvəl Məhəmməd şah Rzaya qarşı aktiv mübarizəsi ilə İranın Ernesto Çe Gevarası kimi tanınan bu azərbaycanlı övladının ulduzu 1981-ci ildə parlamağa başlayıb.

 

Məlumata görə, 1981-ci il avqust ayında prezident Məhəmməd Əli Rəcai və baş nazir Məhəmməd Cavad Bahonar bir partlayışda öldürüldükdən sonra oktyabr ayında keçirilən seçkilərində Əli Xamenei İranın III prezidenti oldu. O, əvvəl Əli Əkbər Vilayətini özünün baş nazir kimi təyin etdi, lakin parlament ona etimad göstərmədi. Əli Xamenei parlamentdə sol qüvvələrə meylliliyinə baxmayaraq Musəvinin baş nazir seçilməsi ilə razılaşdı. Parlament 31 oktyabr 1981-ci ildə onun namizədliyini səsə qoydu, Musəvi 115-ə qarşı 39 səslə İranın Baş naziri seçildi. İslam Respublikasının son qanadına aid olan Musəvi ilə İslam Respublikasının sağ qanadına aid olan Əli Xamenei arasındakı toqquşmalar bundan sonra baş verdi və ziddiyyətlər səkkiz illik ortaq idarəçilik dövründə davam etdi. İkili arasındakı toqquşmaların gedərək artması Musəvinin 1988-ci ildə İran-İraq müharibəsinin sona çatmasından qısa müddət sonra istefasına səbəb oldu. Baş nazir olaraq Musəvi ən ali lider olan Ruhullah Xomeyninin dəstəyini aldı və Xomeyni onun istefasını qəbul etmədi.

Amma Musəvinin bu üstünlüyü uzun sürmədi. İran-İraq müharibəsi bitdikdən bir il sonra Ruhullah Xomeyni öldü (3 iyun 1989) və Xamenei Ali Məcamie Mütəxəsislər Şurası tərəfindən yeni ali dini lider olaraq seçildi. İranın qurucu liderinin ölümündən sonra Musəvi və digər sol yönümlü insanlar quruluşdakı ana dəstək qaynağını itirdi. Beləcə, hakimiyyət tezliklə Xameneinin və mürtəce qüvvələrin əlinə keçdi.

 

Musəvinin Baş nazirliyi dövrünə nəzər salanda bu gün Cənubi Azərbaycanın eyni kəndindən çıxan, yeri gələndə qohum olan bu iki liderin bir-birinə qarşı düşmənçiliyi sadəcə təəssüf doğurur. Hazırda öz milli kimliyini unudub ermənilərin “ayətullah”ına çevrilən İran dini liderinin ətrafı Musəvini az qala inqilab dəyərlərinə xəyanətdə ittiham edirlər. Halbuki, İran İslam rejiminin prinsiplərini Ruhullah Xomeyni müəyyənləşdiribsə, onun sağlığında Musəviyə daha yaxın olduğu görünür. Baxmayaraq ki, bir-birinə müxalif iki qüvvə arasında balansı qorumaq Xamneiyə də sərfəli idi və sağ mühafizəkarların sol qüvvələri tamamilə sıradan çıxarması onun da işinə gəlmirdi. Musəvi də məhz bu səbəbdən Xomeynin zamanında tam zərərsizləşdirilməmiş ola bilər.

Bununla belə, Musəvinin İslam rejimini ortadan qaldırmaq ideyasını şərh edərkən onu Xalq Mücahidləri Təşkilatına bağlılıqda, yaxud ondan sifariş almaqda günahlandırmaq da əbəsdir. Çünki məhz onun baş nazir olduğu dövrdə İranda müxalif siyasi qruplara, xüsusən də XMH-ə qarşı çoxlu həbslər və edamların həyata keçirildiyi bəllidir. Musəvi heç bir zaman adı terrorçuluqda hallanan bu təşkilatla əməkdaşlıq etməyib, yəqin ki etməz də. Məsələ sadəcə ondadır ki, İran İslam rejiminin sonu gəldiyi və müasir dünya ilə ayaqlaşmadığı uşağa da bəllidir. Musəvi də yəqin ki, bu məntiqdən çıxış edərək molla rejiminin kitabının bağlandığını bildirir.

Təsadüfi deyil ki, təhlükəsizlik rəsmisinin açıqlamaları İranın ali lideri Əli Xameneinin İranda “nəsil fərqi” kimi problemləri qaldırmağa çalışanları üstüörtülü şəkildə tənqid etdiyi, İran rəsmilərini “birliy”ə çağırdığı və “parçalanmalara” qarşı xəbərdarlıq etdiyi çıxışından saatlar sonraya təsadüf edib. Xameneinin “nəsil fərqi” ilə bağlı çıxışı islahatçı keçmiş prezident Məhəmməd Xatəminin bazar ertəsi bəyanatından sonraya düşmüşdü. Xatəmi indiki nəsil ilə inqilab və islahatlar dövrünün (1997-2005) nəsilləri arasındakı fərqə toxunaraq teokratik rejimi bəzi islahatlara çağırmışdı.

 

Sual oluna bilər: Xamenei daşı Məhəmməd Xatəminin bostanına atdığı halda, İranın Ədliyyə qurumları niyə Mirhüseyn Musəviyə hücum edirlər?

Əslində Xatəminin çıxışı da müttəfiqi Mirhüseyn Musəviyə də gizli cavab xarakteri daşıyırdı. Belə ki, Musəvi ondan əvvəl verdiyi bəyanatında “Əsas böhran ölkənin dayanıqsız, ziddiyyətli quruluşu və təməl sistemidir” ifadələrindən istifadə edərək, cəmiyyətin bütün istiqamətlərinə və təbəqələrinə hörmətlə yanaşan yeni konstitusiyanın hazırlanmasına çağırmışdı. Xatəmi isə rejimin devrilməsi çağırışlarına qarşı çıxıb bildirmişdi ki, mövcud konstitusiyanın ruhuna qayıtmaqla islahatlar aparıla bilər. Bununla da atəşi söndürməyə çalışmışdı. Dini rəhbərə bağlı olan “Kayhan” qəzeti və İslam İnqilabı Keşikçiləri Korpusuna (DMO) bağlı “Civan” qəzetləri yazılarında həm Xatəmini, həm də Musəvini hədəf almışdı. “Civan” qəzeti iki lideri rejimə qarşı “kök və qamçı” strategiyasına riayət etməməkdə suçlamışdı. “Kayhan” qəzeti isə iki liderin İran inqilabı və rejimi ilə əlaqələrinə şübhə ilə yanaşdığını bildirmişdi.

 

Maraqlıdır ki, Musəvinin İslam rejiminə qarşı üsyanı dini lider Xamenei ailəsinin ilk etiraz səsi də deyil. Bundan əvvəl Xameneinin digər bir qohumu – bacısı qızı Fəridə Muradxani də İran molla rejiminə qarşı çıxdığı üçün həbs olunaraq 15 il müddətinə azadlıqdan məhrum edilmişdi. Bunu Muradxaninin vəkili Məhəmməd Hüseyn Ağassi ötən il dekabrın 9-da “RadioFarda”ya açıqlamasında bildirmişdi. Vəkilin sözlərinə görə, məhkəmə müvəkkilini ruhani olmamaqda günahlandırmışdı. Bildirmişdi ki, İran İslam Respublikasının rəhbəri Əli Xameneinin bacısı qızı, hüquq müdafiəçisi Fəridə Muradxani noyabrın 23-də çərşənbə günü həbs edilib.

Xameneinin bacısı oğlu Mahmud Muradxani də anasının həbs ilə əlaqədar açıqlama verərək bildirmişdi ki, o, İran xalqı ilə həmrəylik nümayiş etdirir və bu səbəbdən Xameneini tənqid atəşinə tutur. Əslində isə anası yalnız Əli Xameneiyə deyil, ümumiyyətlə, teokratik hakimiyyətə qarşıdır.

Bütün bunlar göstərir ki, İran İslam rejimi günü-gündən çat atır; özü də ali dini rəhbərin ən yaxın qohumlarına qədər.

Tacxeber.com

Oxşar xəbərlər