• 22 Noyabr 2024 23:36

“Əsl türk dili bizim danışdığımız dildir, İlbər Ortaylı da demişdi ki…” – Şahlar Göytürk

 

“Öz dilimizdən imtina etmək Dövlət dili haqqında Qanuna, bu dilin tarixən sabitləşmiş normalarına həqarət etməkdir. Bu dildən imtina etmək ana laylasından məhrum olmaq, dünyada yaşayan soydaşlarımızla əlaqələri kəsmək, yadlaşmaq, manqurtlaşmaq  deməkdir”. 

Tacxeber.com xəbər verir ki, bu fikirləri, dilçi alim Şahlar Göytürk deyib. Onun sözlərinə görə, bu dil dünyanın müxtəlif ölkələrində və tarixi ərazilərimizdə yaşayan azərbaycanlıları birləşdirən yeganə və ən güclü vasitədir:

“Dövlət dili bizim üçün əvəzsiz milli nemətdir, ona toxunmaq olmaz.
Ziyalılarımız dilimizin saflığının qorunması, zənginləşdirilməsi, inkişaf etdirilməsi və bu dilin uluslararası nüfuzunun artırılması haqda düşünməlidirlər. Güzgüdə ləkə varsa, onu sındırmazlar.
Şahbaz bəy fikirlərini bəlkə də emosional şəkildə ifadə edib. Kitabçılıq işində ciddi işlər görür. Amma nəzərə almalı idi ki, ədəbi dil, ələlxüsus da, dövlət dili hər xalqa, hər dövlətə nəsib olmayan dövlət atributudur”.

Dilçi alim problemin dildə deyil, düşüncədə olduğunu söyləyib:

“Kitab satılmırsa, bunun səbəbi dilin zəifliyində deyil, cəmiyyətin dilə və kitaba münasibətindədir. Bu gün dilin zənginləşdirilməsinə, inkişafına naşirlər daha çox töhfə verə bilərlər. Bizim ədəbi dilimiz koyne* dildir. Bu dilin formalaşması, sabitləşməsi Şirvan və Qarabağ dialektləri ilə məhdudlaşmayıb. Biz dilə sistemli şəkildə bütöv azərbaycanlıların vahid dili, ünsiyyət vasitəsi kimi baxmalıyıq. Ayrı-seçkilik yaratmaq yolverilməzdir. Bu dil bizim varlığımızdır, ondan imtina etmək bütövləşməyimiz və “kitab əhli” olacağımız anlamına gəlmir.

Əsl türk dili elə bizim dilimizdir. Tanınmış ziyalı İlbər Ortaylının təbirincə desək, “Azərbaycan dili bizim dilin gəncliyidir. Hər kəs gəncliyini sevər”, – deyə o əlavə edib.

Qeyd edək ki, “Qanun” nəşriyyatının direktoru”, tərcüməçi-yazar Ş.Xuduoğlu Azərbaycan dilindəki kitabların satılmadığını, cəmiyyətin digər dillərdə oxumağa meyilli olduğunu deyərək, Türkiyə türkcəsinə keçid etməyi təklif edib.

*Qədim yunan dilinin Attika dialekti əsasında e.ə. IV əsrdə formalaşmış ümumi yunan dili. 

Tacxeber.com

Oxşar xəbərlər