Fövqəladə Hallar Nazirliyindəki (FHN) xidməti otağında intim videolar çəkərək yaymaqda ittiham olunan polkovnik Zaur Mirzəyevə qarşı mülki iddia qaldırılıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda zərərçəkmiş qismində tanınan qadınlardan biri ona dəymiş maddi və mənəvi zərərin əvəzi olaraq Z.Mirzəyevdən 192 min manat tələb edib. Bu barədə zərərçəkmişin vəkili məhkəmədə mülki iddia qaldırıb.
Zərərçəkmişin sözlərinə görə, Mirzəyevin hərəkətləri nəticəsində onun həyatı darmadağın olub – işini itirib, ailəsi dağılıb, uşaqları əlindən alınıb, sığınacaqda yaşamaq məcburiyyətində qalıb və s.
Mövzu ilə bağlı Yenisabah.az-a danışan Dilarə Əliyeva adına Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri, hüquq müdafiəçisi Novella Cəfəroğlu bildirib ki, görüntüləri Z.Mirzəyevin yayması ilə bağlı dəqiq fakt yoxdur:
“Zaur Mirzəyev ifadəsində qadınlarla münasibətlərini gizli şəkildə çəkdiyini təsdiqləsə də, görüntüləri özünün yaymadığını bildirib. Axı görüntüləri Zaur Mirzəyevin özünün yaydığının təsdiqi yoxdur. Həmin qadının onu məhkəməyə verməsi də absurddur.
Qadın evdən qovulubsa, övladları əlindən alınıbsa, işdən çıxarılıbsa, bunu əvvəldən fikirləşəydi. Əgər qadın risk edib bu addımı atıbsa, nəticələrini də gərək düşünəydi. Buna gedəndə bilməli idi ki, axırı nə ola bilər”.
Hüquq müdafiəçisinin sözlətinə görə FHN-dəki videoların bu cür yayılması doğru hərəkət deyildi:
“Bu videogörüntüləri kim yayıbsa, ona iş düşür, bəli. Amma sən əlində heç bir sübut olmadan deyə bilməzsən ki, videoları Zaur Mirzəyev yayıb. Bunun üçün dəqiq dəlil lazımdır. Görüntülərin yayılması həqiqətən də düzgün deyil. Bu videoların yayılması Azərbaycan cəmiyyətinə heç lazım olan məsələ deyil. İşdə əxlaqsızlıq edilməsi ilə bağlı kiminsə əlində fakt var idisə, aparıb başçıya bunu təqdim etməli, elə oradaca bunu həll etməli idilər. Videoların bütün cəmiyyətlə paylaşılması doğru deyil. Bu nə Azərbaycan mühitinə, nə ailəsinə, nə də tərbiyəsinə layiq olan bir şeydir. Amma hər bir halda həmin qadın videoları yayan tapıldıqda onu məhkəməyə verə bilər. Amma yenə deyirəm, bu işə gedən qadın əvvəlcədən fikirləşməli idi ki, nəyə gedir”.
Xatırladaq ki, sözügedən görüntülər 2022-ci il avqustunda sosial şəbəkələrdə yayılıb. Bundan sonra Zaur Mirzəyev həbs olunub. İttihama əsasən, Z.Mirzəyev iş otağındakı kompüterinə xüsusi proqram vasitəsilə video və foto çəkiliş həyata keçirmək üçün gizli kamera quraşdırıb. 2013- 2019-cu illərdə xidməti otağında tabeliyində olan qadınlarla münasibətlərini lentə alıb. Ona qarşı 3 fərqli maddə ilə ittiham irəli sürülüb.