• 23 Noyabr 2024 03:58

“Ərdoğandan kimlərinsə xoşunun gəlməməsi o demək deyil ki…”

 

“Təbii ki, bu dəhşətli zəlzələ nəticəsində Türkiyədə böyük insan itkiləri olub. Allah bir daha həlak olanlara rəhmət eləsin! Sözsüz ki, bu fəlakət ölkədəki siyasi proseslərə də təsirsiz ötüşməyəcək. Və artıq zəlzələnin ilk günündən bu təsir özünü göstərməyə başlayıb”.

Bu fikirləri AMİP lideri Etibar Məmmədov Moderator.az-a açıqlamasında “Dəhşətli insan itkiləri ilə nəticələnmiş zəlzələ Türkiyədəki siyasi proseslərin gələcəyinə necə təsir  göstərəcək” sualını cavablandırarkən söyləyib.

“Türkiyə siyasiləri arasında zəlzələdən sonrakı kütləvi itkilərlə bağlı müxtəlif yönlərdən sərt tənqidi çıxışlar oldu. Amma ilk günlərdən bunu etmək əslində heç də düzgün deyildi. Çünki təbii fəlakətlərdən siyasi məqsədlər üçün yararlanmaq yaxşı hal deyil. Ancaq, görünür, elə belə də davam edəcək. Və siyasi proseslərin gələcəyi Ərdoğan hökumətinin fəaliyyətindən asılı olacaq. Yəni hökumət, partiya üzvləri gərək bir az öz işlərinə tənqidlə yanaşsınlar, zəlzələ nəticəsində itkilərin çox olmasında məsuliyyəti olan vəzifəli şəxsləri, iş adamlarını müdafiə etməsinlər. Çünki  insan itkilərinin əksəriyyəti məhz məsuliyyətsizliyin nəticəsində olub.  Yəni tikintiyə nəzarət olmayıb, mövcud normalara nəzarət olmayıb, həmin tikinti icazələri kütləvi şəkildə verilib və s. və i.a. Bunlar, təbii ki, hamısı seçki prosesinə təsir göstərəcək. Lakin CHP nə qədər hay-küy salsa da, Ərdoğandan kimlərinsə xoşunun gəlməməsi o demək deyil ki, ondan xoşu gəlməyənlərin CHP-dən xoşu gələcək. Yəni onlar buna ümid edirlərsə, yanılırlar. Çünki mənim fikrimcə, vəziyyət hələ CHP və digərlərinin ümid etdiyi kimi olmayacaq. Ancaq indiki hökumət üçün çətin olacaq. Odur ki, iqtidardakılar öz siyasətlərində lazımi korrektələr etməlidirlər. Yəni hər şeyi inkar mövqeyindən əl çəkməlidirlər, bir az da öz fəliyyətlərinə tənqidi mövqedən  yanaşmalıdırlar. Bu da təbii ki,  onlar üçün proseslərin gələcəyinə müsbət təsir göstərə bilər”- deyə partiya lideri yekunlaşdırıb.

Tacxeber.com

Oxşar xəbərlər