• 19 Aprel 2025 07:23

İlkin Süleymanov haqqında YENİ GƏLİŞMƏ – O azadlığa çıxarsa nə olacaq?

 

Nərmin Quliyeva cinayətində saxlanılan və artıq 4 ildir ki, istintaq prosesi davam edən İlkin Süleymanovun məsələsi ilə bağlı yekun məhkəmə qərarı verilməyib. Əgər məhkəmə qərarı İlkin Süleymanovun xeyirinə nəticələnərsə, daha dəqiq desək, İlkin Süleymanov sözügedən cinayətdə bəraət alarsa ona istintaq səbəbi ilə 4 illik azadlıqdan məhrum edilməsinə görə kompensasiya verilə bilərmi? Ümumiyyətlə bu cür hallarda məhkəmə qərarı ilə bəraət alan şəxslər saxlanıldıqları müddət müqabilində kompensasiya üçün müraciət edirlərmi?

Tacxeber.com xəbər verir ki, bu mövzu ilə bağlı Referans.az məsələnin hüquqi tərəfini öyrənmək üçün bir-neçə hüquqşünasa müraciət edib.

Hüquqşünas Ramil Süleymanov isə belə hallarla bağlı konstitusiyada müəyyən maddələrin tətbiq olunduğunu qeyd edib.

“İlkin Süleymanovla bağlı aparılan cinayət işi və bu cinayət işi ilə bağlı onun cəmiyyətdəki nüfuzunun kifayət qədər ləkələnməsi, onun insanlar arasında uşaq qatili kimi tanınması bir insan üçün məruz qala biləcəyi ən pis damğadır. Birinci növbədə onu demək istəyirəm ki, Azərbaycan Respublikası Konstitusiyasının 68-ci maddəsinə görə, hər kəsin cinayət və dövlət hakimiyyəi orqanlarının qanunsuz davranışlarından müdafiə hüququ vardır. Bu hüquqların qorunmaması nəticəsində şəxsə dəymiş zərər dövlət tərəfindən ödənilir. Burda İlkin Süleymanovun hər hansı formada bəraət alması və təqsirsizliyi sübuta yetirilərsə, qeyd etdiyim maddəyə uyğun olaraq dövlət tərəfindən tam şəkildə ödənilir. Bundan əlavə, bu cinayət işi olduğundan, cinayət işləri Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq Cinayət Prosesual məcəlləsinin 56-cı maddəsinin 56.0.1-ci maddəsinə görə İlkin Süleymanov törədilmiş cinayət əməlində tamamilə bəraət alarsa və ya bu maddənin tələblərinə uyğun olaraq şəxsin barəsində başlanmış cinayət təqibinə xitam verilərsə və ya hansısa başqa şəkildə İlkin Süleymanova qarşı elan olunmuş ittiham bəraətverici əsaslarla tamamilə xitam verilmiş olarsa, bu zaman şəxsin kompensasiya tələb etmək hüququ vardır. Belə olduqda, şəxsə dəymiş zərər tamamilə kompensasiya olunmalıdır. Kompensasiya məbləği təyin olunarkən şəxsin azadlıqda olduğu müddətdə əldə etdiyi aylıq əməkhaqqı, pensiya, müavinətlər ona tamamilə ödənilməlidir. Maliyyə Nazirliyi burada üçüncü şəxs qismində təqdim olunur. Tələb olunan məbləğ məhkəmə tərəfindən düzgün qiymətləndirilməklə, qarşılıqlı olaraq ədalətli şəkildə müəyyən edilməlidir. Qeyd edim ki, İlkin Süleymanovun həm də təqsirsizlik prezumpsiyası hüququ da pozulub. İlkin Süleymanov əgər bəraət alarsa, onun tam hüququ çatır ki, dövlət qurumuna qarşı bu mövzuda iddia qaldırsın və ədalətli kompensasiyanın ödənilməsi məhkəmə tərəfindən təmin olunsun.”

 Hüquqşünas-vəkil Əkrəm Həsənov bu cür hallarda zərərçəkmiş şəxsin ona vurulan mənəvi ziyan müqabilində məhkəməyə müraciət edə biləcəyini deyib.

“Bu cür hallarda məhkəmə tərəfindən bəraət almış şəxs zərərçəkmiş kimi məhkəməyə müraciət edə bilər. Çünki bu zaman ona mənəvi zərər vurulmuş hesab edilir və buna görə müəyyən miqdarda kompensasiya ödənilməlidir. Qərb ölkələrində bu cür faktlarla tez-tez qarşılaşırlar. Lakin bizdə bununla bağlı müraciətlər nadir hallarda olur. Bu hallarda məhkəmənin qərar verdiyi məbləğ də çox böyük həcmdə olmur. Bu zərərçəkmiş şəxsin tam səlahiyyətli hüququdur. Çünki istintaq zamanı həmin şəxs işindən, təhsilindən və şəxsi həyatından təcrid olunur. Bu isə ona istər maddi, istərsə də mənəvi ziyan vurur. Nərmin Quliyeva cinayətinin nəticəsi olaraq, İlkin Süleymanov da bəraət alsa, məhkəməyə təbii ki, bununla bağlı müraciət edə bilər. Əgər saxlanılan şəxsin cinayəti törətdiyi sübut edilərsə bu zaman istintaq prossesi zamanı saxlanma müddəti ona kəsilən həbs müddətindən çıxılır.”

Siyasi və hüquqi şərhçi Xəyal Bəşirov bu hallarda zərərçəkmiş şəxsə məhkəmə tərəfindən müəyyən edilmiş maddi kompensasiya verildiyini bildirib.

“Azərbaycanda da digər hüquqi dövlətlərdə olduğu kimi, belə hallarda zərərçəkmiş şəxsə maddi təzminat ödənilir. Bu təkcə İlkin Süleymanov üçün yox, haçansa günahsız olduğu sübuta yetiriləcək istənilən məhkum üçün bu hüquq var. Bu prosedur zərərçəkən istər həbs edildikdən sonra, istərsə də istintaq prossesində saxlanıldıqdan sonra bəraət alarsa bu cür tətbiq edilir. Dünya ölkələrinin nümunəsində bu cür faktlar tez-tez olur. Bütün hallarda zərərçəkmiş şəxs məhkəməyə müraciət edərək maddi təzminatını əldə etməlidir. Ödəniləcək kompensasiyanın məbləğini məhkəmə müəyyən edir və dövlət tərəfindən ödənilir. Əgər saxlanılmış şəxs istintaq zamanı və ya həbsdə olduğu müddətdə fiziki və mənəvi zorakılığa məruz qalarsa bu vaxt saxlandığı qurumu və orqanı məhkəməyə verə bilər, burda sözügedən qurumlara cinayət işi açılır.”

Tacxeber.com

Oxşar xəbərlər