“Ədirnənin Saros körfəzindən başlayaraq Şərqi Anadoluda Aras vadisinə qədər uzanan Şimali Anadolu qırılma xəttinin davamı olan xətt Saros körfəzi sahil zolağından 5 kilometr uzaqlıqdadır”.
Bu təhlükəli bölgə barədə Türkiyə Geologiya Mühəndisləri Palatasının Ədirnə nümayəndəsi və geologiya mühəndisi Can Yılmaz xəbərdarlıq ediblər.
Can Yılmaz bildirib ki, Mərmərə dənizinin içi ilə davam edən, Tekirdağın Şarköy rayonundan keçərək Saros körfəzinə doğru uzanan qırılma xəttini Şimali Anadolu qırılma xəttinin davamı hesab etmək olar.
“Bu xəttin Ədirnəyə ən yaxın nöqtəsinin Saros Körfəzi sahil xəttindən 5 kilometr uzaqlıqda yerləşdiyi görünür. Bizim Enez rayonumuz da bu xətdən 25-30 kilometr aralıda yerləşir”, – deyə o qeyd edib.
Saros körfəzinin böyük hissəsinin allüvial düzənliklərdən ibarət olduğunu bildirən geologiya mühəndisi vurğulayıb ki, bu bölgədə çox sayda bağ evləri var.
“Bu tikililərin əksəriyyəti 1999-cu ildən əvvəl inşa olunub. Bu bölgədəki vətəndaşlarımıza ilk növbədə bu tikililəri lazımi testlərdən keçirmələrini tövsiyə edirik. Bu bölgə allüvial düzənliklərdən ibarət olduğu üçün, həmçinin də qırılma xəttinə yaxınlığını nəzərə alsaq, ən təhlükəli ərazilərdəndir deyə bilərik”, – deyə Can Yılmaz açıqlama verib.
“Hatayda da göründüyü kimi, dağıntılar daha çox allüvial düzənliklərdə baş verib, qayalıq ərazilərdə müşahidə olunmayıb. Daha möhkəm və dözümlü torpaq qatının olduğu ərazilərdə tikililərə üstünlük verilməlidir”, – deyə o əlavə edib.