Türkiyənin Trabzon şəhərinin Sürmənə rayonunda bir ailə səhvən içi qızıl dolu ayaqqabını zəlzələdə zərərçəkmiş insanlara göndərib.
Tacxeber.com “İHA”ya istinadla xəbər verir ki, hadisə 19 iyulda toyu olacaq Əhməd Akyasanın əsgərliyə getməzdən öncə qızılları görmək istəməsi ilə üzə çıxıb.
Belə ki, Ə.Akyasanın anası qızılları çarpayının altındakı ayaqqabının içində gizlətdiyini söyləyib. Bunu öyrənən oğlu içində qızılların olduğu ayaqqabını xeyriyyə toplama mərkəzinə verdiyini xatırlayıb.
Akyasan ailəsi yardım toplama mərkəzinə gedərək vəziyyəti izah edib.
Əhmədin atası Dursun Akyasan yardım materialları ilə dolu yük maşınının Qaziantepə yola salındığını bildikdən sonra Rayon Polis Şöbəsinə gedərək, vəziyyəti izah edib. Onun ifadəsi alındıqdan sonra qızılların seriya nömrələri protokola yazılıb.
Daha əvvəl Sakaryada zəlzələ yaşadıqlarını dəyən ata hələ də ümidlərinin olduğunu söyləyib:
“Zəlzələ olanda duyğulandıq. Zərərçəkmişlərə kömək etmək istədik. Evdə yeni nə geyim varsa, tələsik hazırladıq. Çarpayının altında 3 cüt ayaqqabı var idi. Oğlum təzə və keyfiyyətli olduğu üçün həmin ayaqqabını verib.
4 gün sonra oğlumun qızılı görmək istəməsi ilə məlum olub ki, anası qızılları o ayaqqabının içinə qoyub”.