Məlum olduğu kimi, toy mərasimləri Azərbaycan xalqının qədim ənənələri sırasında ən başda gələnidir. Əvvəllər toy etmək gənclərə kömək məqsədi daşıyırdı. Hələ kəndlərdə bütün qohum-əqrəba toy evinə yığılar, çatışıb- çatışmayanları müəyyən edər, imkan daxilində, bu məsələləri həll etməyə çalışardılar.
İndiki toylar isə mahiyyətini dəyişib. Toyda valideynlər yeni cütlüyə kömək etmək üçün yox, onları restorandan sağ-salamat evə aparmaq üçün dua edir. Çox vaxt israfçılığa yol verildiyi də heç kəsə sir deyil.
Son illərdə tez-tez Rusiyadakı həmyerlilərimizin toylarında iştirak edən sənətçilər də oradakı toylarla Azərbaycandakı arasında bəzi fərqlər olduğunu bildirirlər.
Tacxeber.com xəbər verir ki, mövzu ilə bağlı bir müddətdir ailə quraraq Moskvaya köçən müğənni Afət Fərmanqızı Yenisabah.az-a danışıb.
O, Rusiyadakı toylarla Azərbaycanda keçirilən məclislərin fərqlərini sadalayıb:
“Birinci fərq maddiyatla bağlıdır. Bütün müğənnilər də təsdiqləyər ki, maddi tərəfdən Rusiya toyları Azərbaycana nisbətən daha yaxşı və sərfəlidir. Bu məndə belədir, başqalarını deyə bilmərəm.
İkinci məsələ isə daha çox geyimlərlə bağlıdır. Mən sosial şəbəkə hesabımda tez-tez Rusiyada iştirak etdiyim məclislərdən görüntüləri izləyicilərimlə bölüşürəm. İzləyicilərin əsasən yazdığı şərhlər bu yöndədir ki, “Ay Allah, xanımlar nə gözəl, abırlı geyinib”. Bu cür şərhlərə tez-tez rast gəlirəm.
Əgər burada işinin yaxşı olmasını istəyirsənsə, Azərbaycanda reklamını qurub sonra gəlməlisən. Məsələn, mən reklamlı müğənniyəm, ona görə də Moskvaya gələndə işim uğurlu oldu. Reklam olmasaydı, inanmıram ki, burada fəaliyyətim bu qədər uğurlu olardı”.
Sənətçinin sözlərinə görə, Azərbaycandan fərqli olaraq, Rusiya məclislərində iştirak edən xanımlar açıq-saçıq libaslardan daha çox qapalı geyimlərə üstünlük verirlər:
“Ümumilikdə isə burada hörmət görürəm. Elə Azərbaycan toylarında da hörmət görürdüm. Bura hələ ki, yeni gəlmiş sayılıram. Baxmayaraq ki, 7-8 aydır ki, Moskvaya köçmüşəm, toy mövsümü 4-5 aydır ki, açılıb. Ona görə yeni sayılıram. Yüksək hörmət görürəm, bir də burada toylar özü səni məcbur edir ki, açıq-saçıq geyinməyəsən. Çünki açıq-saçıq geyinsən, toya gedəndə digərlərinin yanında çox biədəb görünəcəksən. Burada hamı qapalı, normal geyinir. Adicə kimono geyinən də demək olar ki, yoxdur. Belə şəxslərə nadir hallarda rast gəlirsən. Ona görə sən də məcbursan ki, onlar kimi geyinəsən ki, yanlarında pis görünməyəsən”.