• 22 Noyabr 2024 19:30

“Onlar mənim sözlərimə böyük məsuliyyətlə yanaşırlar” – Qurban Qurbanov

"Onlar mənim sözlərimə böyük məsuliyyətlə yanaşırlar" - Qurban Qurbanov

“Oyuna ciddi hazırlaşırıq. Sabah növbəti mərhələyə vəsiqənin taleyi həll olunacaq. İlk matçdan sonra rəqibin gücünə daha yaxından bələd olduq. Çox möhkəm komandaya qarşı oynayırıq. Futbolçularım matça hazırdırlar. Yaxşı oyun göstərmək istəyirik”.

Tacxəbər xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Konfrans Liqasının pley-off mərhələsində “Gent”lə cavab oyunu öncəsi keçirilən mətbuat konfransında deyib.

O, Marko Yankoviçin zədələnməsi ilə bağlı söyləyib: “Marko Yankoviç son vaxtlar çox yaxşı formada idi. Onun zədələnməsinə çox üzüldüm. İkinci dəfədir performansı yaxşılaşanda belə zədə alır.Futbolçularımın sağlam olması mənə əlavə güc, düşüncə verir. Buraya gələn digər oyunçularımız nə etməli olduqlarını bilirlər.  Amma bizim bir-birini əvəzləyə biləcək futbolçularımız var. Bu dəfə meydana çıxan futbolçulardan fərqli şeylər tələb edə bilərik”.

Mütəxəssis hələlik komandada istədiyi dinamikanı görmədiyini vurğulayıb: “Amma oyundan oyuna irəliləyiş hiss edirəm. Futbolçulara hansı motivasiyanı verdiyimizi burda deyə bilməyəcəyəm. Bəziləri ilə dost kimi, bəziləri ilə müəllim kimi danışırıq. Niyə deyirəm ki, futbolçularıma güvənirəm, inanıram? Çünki, mənim sözlərimə böyük məsuliyyətlə yanaşırlar. Bəzən bəlkə onlarda texniki cəhətdən nəsə alınmır. Amma ümumən onların məsuliyyətli yanaşması məni da belə oyunlardan əvvəl rahatlaşdırır”.

Q.Qurbanov daha sonra deyib: “Rəqib baş məşqçiyə “Qarabağ” haqda dediyi xoş sözlərə görə təşəkkür edirəm. Mən də Bakıda öz fikirlərimdə bildirmişdim ki, bu məşqçiyə, bu komandaya qarşı oynamaq çox xoşdur. Çünki, bu komandanın özünə xas olan fəlsəfəsi var. Futbolda fərqli sistemlər mümkündür. Sadəcə icraçıların onu meydanda nə dərəcədə yerinə yetirməsi önəmlidir. Təhlil edəndə görürük ki, “Gent”in düşünmədən atdığı addım yoxdur. Hər xırda epizodda çox diqqətli olurlar. Hamı meydanda nə etməli olduğunu bilir. Həmişə belə məşqçilərə, belə komandara böyük hörmətlə yanaşmışam. Bir məşqçi olaraq belə komandaları təhlil etmək asandır, amma onlara qarşı oynamaq heç də asan deyil. Çünki, meydanda hər addımları düşünülmüşdür. Mənə rəhbərliyimizin Konfrans Liqasının finalı ilə bağlı dediyi fikir barədə sual vermişdilər. Mən də bildirdim ki, bunu kim istəməz? Bu, bizim arzumuzdur. Maksimum irəli getməyi istəyirik. Amma hər şeyi təhlil etmək lazımdır.  Kənardan fikir bildirməkdən asan heç nə yoxdur. Şükürlər olsun, futbolçularım illərdir nə əziyyətlərdən keçib buralara gəlib çıxıblar. Bu cür fikirlərə futbolçularımız da üzülür. Sanki, qarşımızdakı rəqib kiçildilir”.

“Qarabağ”ın çalışdırıcısı Avropada hər oyunun onlar üçün faydalı olduğunu deyib:” Amma rəqibimizin ilboyu hər oyunu bu sürətdə, dinamikada keçir. Və bu da futbolçunun sabit formada qalması üçün çox vacibdir. Futbol çox yüksək sürətlə inkişaf edir. Bizim bilmədiyimiz, ağlımıza gətirmədiyimiz o qədər məqamlar var. İndi desək ki, “Gent” və ya başqa rəqibi mütləq keçməliyik və ya keçəcəyik, doğru olmaz”.

Oxşar xəbərlər