• 22 Noyabr 2024 19:19

Vərəmin artmasının ilginc səbəbi – koronanın evdə müalicəsinin fəsadı…

 

Həkim: “Son zamanlar dərmanlığa həssaslığı olmayan, müalicəsi çətin gedən vərəm çöpləri meydana çıxıb”

Son günlər Azərbaycanda vərəm xəstəliyinin təhlükəli hal alması ilə bağlı məlumatlar yayılıb. Bu barədə sosial şəbəkədə pulmonoloqlar paylaşım edirlər. Qeyd olunur ki, bütün dünyada vərəmə nadir görülən xəstəlik olaraq baxılsa da, ölkəmizdə bu xəstəlik gündən-günə daha çox yayılır.

Pulmonoloq Həsən Həsənzadənin yazdığına görə, təcili tədbirlər görülməsə, çox gec ola bilər: “Ölkəmizdə vərəm xəstəliyi ilə bağlı vəziyyət ciddi, təhlükəli hal alıb. Kimsə deməsin ki, mən qorunuram. Bu mövzuda ya cəmiyyət qorunmalıdır, ya da kimsə fərdi şəkildə qoruna bilməz. Tədbirlər, müalicələr yetərsizdir. Müalicə edənlərin (istisnalar var) bu mövzuda biliyi yetərsizdir. Maariflənmə yetərsizdir. Məcburi müalicə qanunları və tətbiqi şərtdir. Xəstəliyi və xəstəliyini bilib gizlədən, müalicə almayan xəstə məsuliyyət daşımalıdır. Ya indi tədbirlər başlanmalıdır, ya da artıq çox gecdir”.

Vərəm əleyhinə QHT Koalisiyasının sədri Elçin Muxtarlı da öz sosial şəbəkə hesabında ölkədə vərəm xəstəliyinin durmadan artdığını deyərək, həyəcan təbili çalıb.

O, insanları daha ehtiyatlı olmağa və bu xəstəliyə ciddi yanaşmağa səsləyib:

“SOS!!! Dünyada olan vərəm xəstələrinin 87 faizini 30 ölkə təşkil edir. Hindistan, Nigeriya, Banqladeş, Cənubi Afrika, Filippin kimi ölkələrin olduğu bu siyahıda təəssüf ki, Azərbaycanın adı da çəkilir. Vərəm xəstəliyi ölkədə çox ciddi hal alıb. Bu xəstəliyin müalicəsi var və tam sağala bilir. Amma vərəmdən hər dəqiqədə ən azı 2 nəfər dünyasını dəyişir. Bu günə kimi Azərbaycanda (2023-cü ildə) 52 nəfər vərəmdən dünyasını dəyişib. Vərəmin daha uzun müddət müalicə tələb edən, dərmanlara davamlı forması ölkəmizdə günbəgün artmaqdadır. Bu xəstəlik Bərdə və ətraf rayonlarda pandemiya vəziyyətindədir. İnsanlar vərəm olduqlarını gizlədir. İctimai nəqliyyatda, əhalinin sıx olduğu yerlərdə daha tez yoluxma baş verə bilir”.

Ekspert qeyd edib ki, ölkədə vərəmə qarşı ciddi tədbir görülməzsə, bu xəstəlik koronavirusdan daha təhlükəli səviyyəyə gəlib çata bilər.

Problemlə əlaqədar Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutundan yerli mediaya açıqlamada bildirilib ki, vərəm xəstəliyi xüsusi müayinə üsullarına əsaslanaraq, yalnız həkim ftiziatr tərəfindən diaqnozu təsdiq olunmalıdır. Bu da yalnız ixtisaslandırılmış vərəm müəssisələrində mümkündür.

Qeyd olunub ki, vərəm xəstəliyinin qarşısının alınmasının vacib aspektlərindən birincisi xəstəliyin profilaktikasıdır. İlkin addım kontaktların, yoluxmuş şəxslərin, risk qruplarının vaxtında aşkarlanması və ilkin səhiyyə xidməti ilə kolloborativ əməkdaşlıqdır, hətta özəl xəstəxanaların həkimləri bu işdə diqqətli olmalıdırlar: “Məqsədimiz əhalinin düzgün maarifləndirilməsi, doğru ünvana yönləndirlməsi, düzgün müayinə, diaqnostika və müalicəsdir. Vətəndaşları sosial şəbəkələrdə yayılan yanlış məlumatlara yox, yalnız dövlət qurumlarının rəsmi məlumatlarına istinad etməyə çağırırıq”.

2022-ci il üzrə ölkədə cəmi 5320 vərəm xəstəsi qeydiyyata alınıb. Onlardan 2939 nəfəri həyatında ilk dəfə vərəmlə xəstələnən, 2381 xəstə təkrar olaraq qeydiyyata alınıb.

Məlumata görə, xəstəliyin artmasına səbəb pandemiya dövründə koronavirusa yoluxmuş şəxslərin evdə müalicəsinin özbaşına və ya hansısa həkimin yazdığı reseptlə edilməsidir. Belə ki, həmin müalicənin əksəri peşəkar həkimlər tərəfindən aparılmadığı üçün ciyərlərdə fasadlar qalıb. Sirr deyil ki, bəziləri ciddi müalicə belə almaq imkanında olmayıb. Ağciyərlərin zəifləməsinin səbəblərindən biri də normal və ya düzənli qidalanmanın olmamasıdır.

Tanınmış pulmonoloq Əsəd Beydullayev mövzu ilə bağlı Musavat.com-a danışıb:

““Mycobacterium tuberculosis” bakteriyası tərəfindən törədilən vərəm xəstəliyi vərəm-ağ ciyərxəstəsi olan xəstələrdən hava-damcı yolu ilə, yəni asqıranda və yaxud öskürəndə damcı şəklində sağlam insanlara keçir. Xəstəlik hava-damcı yolu ilə yayılır. Azərbaycan vərəm xəstəliyinin endemik ocağı sayılır. Yəni bizdə vərəm xəstəliyi çox yayılır. Şəxsdə halsızlıq, çəki atma, xüsusilə gecə tərləmələri, temperaturun yüksəlməsi, qanlı öskürək müşahidə olunarsa, bu o deməkdir ki, həmin şəxs vərəm xəstəliyinə yoluxmuş ola bilər. Xüsusən də sosial insanlar, yəni insanlarla daha çox ünsiyyətdə olan müəllim, həkim, polis və sair. Bu cür şəxslərin xəstəliyə yoluxmaq şansı daha çox olur. Qeyd olunan şikayətlər müşahidə olunduğu zaman mütləq şəkildə peşəkar həkimə, o cümlədən terapevtə və yaxud pulmonoloqa müraciət etmək lazımdır”.

Pulmonoloq son zamanlar həmkarlarının sosial şəbəkələrdə həyəcanlı paylaşımlarına da münasibət bildirib:

“Bizim yaxın həkimlərimizdən biri bu haqda paylaşım etmişdi. Məsələ ondan ibarətdir ki, həkimlərimiz son zamanlar vərəm xəstələri ilə çox qarşılaşırlar. Burada iki əsas səbəb var. Birincisi, koronavirus dövründə insanlar antibiotiklər almışdılar, vərəm xəstəliyinin əlamətlərini hiss etdikdə bunu koronavirus bilib, həmin antibiotiklərlə müalicə almışdılar. Doğrudur, həmin dərmanlar vərəm xəstəliyinə müəyyən qədər təsir edə bilir, xəstə bir müddət özünü yaxşı hiss edir, amma xəstəliyi müalicə olunmur və xəstəlik özünü daha şiddətli şəkildə büruzə verir, bu zaman onun müalicəsi də çətin gedir. İkincisi, vərəm xəstəliyinin müalicəsi o qədər də çətin deyil, yəni bu, sıradan vərəm xəstələrinə aiddir. Belə ki, bu xəstəlik üzrə 4 dərman var, xəstələr adətən 6 ay bu dərmanlarla müalicə alır, bəzən xəstəlik ağır olanda müalicə bir ilə qədər davam edir. Bəzi tamahkar, bu sahə üzrə qeyri-peşəkar olan həkimlər özləri bu xəstəliyi müalicə etmək qərarına gəlir. Əlbəttə ki, həmin həkimlər bu sahəyə aid olmadığından effekt əldə etmək olmur. Yaxud bəzi xəstələr müalicəsini yarımçıq qoyur. Bu zaman xəstəlik daha da şiddətlənir, davamlı ştamlar ortaya çıxır. Bu hallar da vərəm xəstəliyinin artmasına səbəb olur, hansı ki, bugünkü vəziyyətdə bunu görürük”.

Həkim bildirib ki, son zamanlar dərmanlığa həssaslığı olmayan vərəm çöpləri meydana çıxıb:

“Əvvəl də bu cür çöplər var idi, lakin çox az təsadüf olunurdu, hansı ki, onun müalicəsi çox çətindir. İndi isə onların sayında artım müşahidə olunur. Bu cür xəstələrin doğru müalicə olunmaması digər sağlam insanların da bu xəstəliyə yoluxmasına gətirib çıxarır. Bu da çox ciddi məsələdir. Bəzi xəstələr öz xəstəliyini gizlədir, işindən qalmaq istəmir, nəticədə ətrafdakıları da yoluxdurmuş olurlar. Daha bir məsələ, “ayıb” faktoru var. Çox təəssüf ki, Azərbaycanda vərəmə “ayıb xəstəlik” kimi baxırlar. Axı bu, dəri-zöhrəvi xəstəlik deyil, hava-damcı yolu ilə  digərlərinə keçən xəstəlikdir və hər kəsdə ola bilər.

Tacxeber.com

Oxşar xəbərlər