Amerika Kardiologiya Kollecinin illik elmi sessiyasında təqdim olunan yeni araşdırmaya görə, yaxşı yuxu ümumi sağlamlığın qorunmasında, eləcə də ömrün uzadılmasında mühüm rol oynaya bilər.
Tacxeber.com xarici mediaya istinadla bildirir ki, alimlər 2013-cü ildən 2018-ci ilə qədər yuxuları və sağlamlıqları haqqında məlumat verən 172 min insanın iştirakı ilə araşdırma aparıblar. Tədqiqat zamanı 8000-dən çox insan dünyasını dəyişib. Ölümlərin 2000-dən çoxu ürək-damar xəstəlikləri, 2000-i xərçəng, 4000-i isə başqa səbəblərdən olub. Hər hansı səbəbdən ölüm hallarının təxminən 8 faizi pis yuxu rejiminə aid edilə bilər.
Müəlliflərin sözlərinə görə, məlumatları təhlil etdikdən sonra onlar yuxu ilə bağlı ömrü uzadacaq və sağlamlığı yaxşılaşdıracaq beş vərdiş üzə çıxarıblar.
Vərdişlər arasında ideal yuxu müddəti yəni, gecə yeddi saatdan səkkiz saata qədər yatmaqdır. Ancaq bu qədər yatmaq dərmanlardan istifadəsiz baş verməlidir.
Bundan əlavə, insan həftədə iki dəfədən çox yuxuya getməkdə çətinlik çəkməməli, həftədə iki dəfədən çox yuxu problemi (məsələn, zəif yuxu) yaşamamalıdır. Həftədə ən azı beş dəfə yaxşı yatmalıdır.
Tədqiqatçıların sözlərinə görə, insanlar bütün bu vərdişlərə sahibdirlərsə, onların daha uzun yaşaması ehtimalı daha yüksəkdir.