Uşaq gün ərzində həm dərs oxumalı, həm oynamalı, həm açıq havada olmalı, həftədə 2-3 dəfə isə idmana getməli, ən azı gəzməlidir. Əgər bunları çatdırmırsa, demək, dərslə yüklənib. Dövlət məktəblərində dərs yükü çox deyil, əvəzində valideyinlər 2-3 əlavə dərs hazırlığı ilə uşağı yükləyir. Özəl məktəblər isə öz reytinqlərini artırmaq üçün uşaqları yükləyir. Guya beynəlxalq sistem tədris edirlər, halbuki, heç bir beynəlxalq sistem uşağa bu qədər işgəncə vermir.
Tacxeber.com xəbər verir ki, bu sözləri uşaq endokrinoloqu Nabat Ağayeva-Əlibəyova deyib. Həkim hesab edir ki, valideynlər övladlarını ağır dərslərlə yükləməli deyil.
“Əzizlərim, hər uşağın beyni bir cürdür. Qohum “XXX” liseyində oxuyursa, o demək deyil ki, ora hər uşaq tab gətirə biləcək. Uşağın potensialına uyğun davranmaq lazımdır. Zor tətbiq etməklə olmur, oxumağa nifrət yaranır. Sonra da soruşuruq, bu qədər depressiya hardan peyda olur? Dərs yükü heç bir halda uşaqda savad yaratmır. İcazə verin, övladlarınız uşaqlığını yaşasın. Fiziki sağlamlıq savaddan da önəmlidir”, – mütəxəssis qeyd edib.