İRNA agentliyi xəbər verir ki, cümə günü bir qrup İran ermənisi Ermənistanla “mübahisəli Qarabağ bölgəsi arasında” əlaqə yolunun bağlanmasına etiraz olaraq İsfahanın Vank kilsəsində etiraz aksiyası keçirib.
1100-ə yaxın insanın iştirak etdiyi aksiyada “Artsax”ın mühasirəsini götürün”, “Ermənistanın təhlükəsizliyi İranın təhlükəsizliyidir”, “Bakı hökumətinin Qafqazda ekspansionist siyasətinə yox!”, “Artsax”da 120 min insan mühasirədə” və “NATO-Turan dəhlizinə yox!” şüarları yazılmış plakatlar qaldırılıb. Mitinqdəki çıxışlar və sonda qəbul olunmuş bəyanatın mətni indiyə qədər İran KİV-lərində dönə- dönə getmiş ittihamların az qala hərfbəhərf təkrarıdır.
Erməni Kilsəsi İsfahan yeparxiyasının arxiyepiskopu Sipan Kaşçyan, Ermənistan parlamentinin nümayəndəsi xanım Kristin Vartanyan və Ermənistan patriarxının İsfahan və İranın cənubu üzrə Nümayəndələr Məclisinin rəhbəri Noel Minasyan, Ermənistan dini nümayəndə heyətinin nümayəndəsi Tarosyan və b. çıxışçılar “blokadaya son qoyulmasının” vacibliyini vurğulayıblar. Həmçinin, “artsaxlı telejurnalist Erik Antaranyan tərəfindən mühasirədə olan “Artsax”dakı son vəziyyət haqqında videoçarx təqdim olunub və İsfahandakı “Armen” və Kananyan Katarinyan erməni məktəblərinin şagirdləri də öz yaradıcılıq proqramlarını təqdim ediblər”.
“Modara” saytı xəbər verir ki, mitinqin sonunda ”Bakı hökuməti tərəfindən “Artsax” xalqının qeyri-insani mühasirəyə alınmasına etiraz olaraq İsfahan vilayətinin erməni toplantısının təşkilat komitəsi tərəfindən imzalanmış bəyanat oxunub.
Bəyanatda deyilir ki, yetmiş gündən artıqdır ki, “Şuşi (!) şəhəri yaxınlığında Əliyev hökuməti ilə əlaqəli silahlı birləşmələrin rəhbərlik etdiyi “ekoloji fəallar” Ermənistan və “Artsax” respublikası (Qarabağ) arasında yeganə rabitə yolunu bağlayıblar. Bakı hökuməti tərəfindən dəfələrlə işıq və qazın verilməsində yaradılan fasilələr “artsaxlılar”ın vəziyyətini daha da ağırlaşdırıb . Bakı hökuməti erməniləri “Artsax”ı tərk etməyə məcbur etmək üçün bütün mümkün olan və olmayan tədbirləri görür”.
Əlavə olunur ki, “Bakı hökuməti Türkiyənin və sionist müttəfiqlərinin aşkar dəstəyinə arxalanaraq beynəlxalq humanitar hüququ kobud şəkildə pozur. Soyqırımı və ermənilərin deportasiyası vasitəsilə Qərbi Ermənistanda etnik təmizləmə aparan Osmanlı və ya Fələstin xalqını öz ata-baba yurdlarından qovmağa cəhd edən sionist ağlarını yamsılayır. Dünya dövlətləri və hüquq müdafiəçilərinin sükutu davam edərsə, aclığın köməyi ilə Qarabağda yaşayan dinc əhaliyə qarşı növbəti cinayət törədiləcək”.
İsfahan erməniləri “qondarma Zəngəzur dəhlizi yaratmaq və İranın Avropa və Avrasiya ilə əlaqələrini kəsmək kimi bədnam planın həyata keçirildiyini, Ermənistan hökumətinə təzyiq göstərildiyini, “Artsax” xalqına qarşı hərbi cinayət törətməklə hədələdiyini” bəyan ediblər. “Bakı rejiminin ağalarının son məqsədi olan Böyük Turan yaratmaq kimi əbəs layihə də bu cinayətkar mühasirənin məqsədlərdən biridir”- deyə sayıqlamada bildirilir
Xatırladaq ki, II Qarabağ müharibəsi zamanı və sonradan Azərbaycana dəstək məqsədilə keçirilən aksiyalara görə Şərqi Azərbaycan, Qərbi Azərbaycan, Ərdəbil və Zəncan vilayətlərində onlarla soydaşımız həbs olunub, o zaman Azərbaycana azacıq dəstək ifadə edən ziyalılar, məmurlar əleyhinə qaralama kampaniyası bu gün də bitməyib. Onlar Bakı lobbisinin üzvləri kimi təqib olunur, diplomatik karyeralarına son verilir, cəzalandırlmaqla hədələnirlər və s. Amma Xocalı soyqırımından bir gün əvvəl Azərbaycanı “Arsax” xalqına qarşı soyqırımında ittiham edən tədbir keçirilməsinə icazə verilir. Üstəlik, Ermənistan rəsmilərinin də qatıldığı aksiya İranın rəsmi KİV-lərində də geniş işıqlandırılır.