• 22 Noyabr 2024 22:12

Siyavuş Novruzov: “Azərbaycanda heç bir yerdə biznesimi göstərə bilməzlər…”

 

Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov bir neçə gündür, sosial şəbəkələrdə “ömür boyu pulum olmayıb, bu gün də cibim boşdur, həmişə boş olub…” fikirlərinin yenidən gündəmə gətirilməsinə münasibət bildirib.

Komitə sədri Pravda.az-a müsahibəsində sözlərinin bu gün də keçərli olduğunu deyib.

Siyavuş Novruzov bildirib ki, o, ömür boyu siyasətlə məşğul olub: “Bizneslə heç vaxt məşğul olmamışam. Əslində, heç özüm də istəməmişəm. İnsan gərək bir işlə və bildiyi işlə məşğul ola. Azərbaycanda bir yerdə mənim biznesimi heç vaxt göstərə bilməzlər. Yəni mənim işim siyasət olub, partiyada rəhbərlik etdiyim dövrdə də, Milli Məclisin deputatı, komitə sədri kimi də yalnız qanunvericiliyin tələblərinə uyğun olaraq fəaliyyət göstərmişəm. Bu işi də davam etdirirəm. Çox şey yazırlar, guya filan bizneslə məşğulam. Bir yerdə göstərsinlər ki, bunun mənə aidiyyatı var. Yoxdur. Heç mənim qohum-əqrəbalarımın, yaxınlarımın birinə aidiyyatı var? Yox, qəti şəkildə. Bu, heç mənə uyğun deyil. Bizneslə məşğul olanlara pis baxmıram. Hər kəsin öz bacarığı, təcrübəsi var. Gərək, təcrübə ola, bu işi biləsən, idarə etməyi bacarasan”.

S.Novruzovun sözlərinə görə, seçilənə qədər hansısa deputatın bizneslə məşğul olması mümkündür: “Deputat fəaliyyəti dövründə bizneslə məşğul ola bilməz, qanun qadağan edir. Deputat seçilənə qədər hansısa deputatın biznesi olubsa, bunu qanun heç kimə qadağan etmir. Seçmək və seçilmək hüququ bütün Azərbaycan vətəndaşlarına verilir. Biznesmenə də, alimə də, müəllimə, həkimə, fermərə də… Seçimdən sonra deputat biznesə rəhbərlik edə bilməz ki, öz vəzifə səlahiyyətlərindən istifadə edib, biznesə hansısa dəstək göstərsin… Ona görə də deputat biznesdən dərhal uzaqlaşmalıdır. Bu, sırf qanunun tələbidir. Əlbəttə, vaxtilə bizneslə məğul olub, indi Milli Məclisin deputatı olan var. Həmin biznes indi deputatın oğlunun adınadırsa, həyat yoldaşı, qardaşı, qonuşusu rəhbərlik edirsə, bunu deyə bilmərəm. Faktiki, deputat özü rəhbərlik edə bilməz”.

S.Novruzov vurğulayıb ki, hər şeydə deputatları obyekt seçirlər: “Bilən də yazır, bilməyən də. Deputatın statusunu bilən də ortaya çıxır, bilməyən də. Deputatın statusu nədən ibarətdir? Qanun qəbul edir, bu qanunların həyata keçməsinə nəzarət edir, seçicilərin arzu və istəklərini müvafiq orqanların diqqətinə çatdırır, təmsil etdiyi seçki dairəsinin ərazisindəki problemləri qaldırır. Ayrı-ayrı nazirliklər, komitələr, Nazirlər Kabineti, şirkətlərdə görüləcək işlərin sürətləndirilməsinə, plana salınmasına, aparılmasına dəstək göstərir, ölkəni beynəlxalq tədbirlərdə təmsil edir və s. Bəzən görürsən ki, nə olursa, sual verirlər “deputat hara baxır?” Bunun deputatın səlahiyyətinə aidiyyatı yoxdur axı. Ailə-məişət münaqişəsidir, deyir ki, deputat hara baxır? Oğlu ilə yola getmir, deyir “deputat hara baxır?” Əslində, hər şeyi Milli Məclisin deputatından gözləməyin də yaxşı cəhəti var, vətəndaş deputata inanır, etibar edir, arxalanır. Amma elə şeylər var ki, artıq deputat səlahiyyətinə daxil olan məsələlər deyil. Deputat, sadəcə, çalışır ki, vətəndaşların, seçicilərinin problemlərini müvafiq strukturlarda, hökumətin hesabatında, büdcənin müzakirəsində diqqətə çatdırsın. Məsələn, rayon ərazisində üç məktəb qəzalı vəziyyətdədir, deputat çalışır ki, bu, plana salınsın. Bu məktəbi dövlət tikir, deputat yox. Deputat sosial problemləri olan seçicilərin müraciətini Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərir, araşdırır ki, pensiyası, digər müavinətləri verilsin. Deputat bunların hamısı ilə məşğul olur. Bizə kifayət qədər ərizələr daxil olur. Hər ay yüzlərlə ərizə, müraciət… Aidiyyatı strukturlara göndəririk, üstündə dururuq ki, həllini tapsın. Bir çoxu həllini tapır. Bunlar deputatın səlahiyyətlətinə aiddir. Qalan şeylərin bizə heç bir aidiyyatı yoxdur”.

Tacxeber.com

Oxşar xəbərlər