Ötən gün Mədəniyyət Nazirliyində ciddi kadr dəyişikləri baş verdi. Nazirliyin mərkəzi aparatı, regional idarə və şöbələrində çalışan 30-dan çox rəhbər şəxs və işçilər işdən azad olundular.
Eyni zamanda bir sıra yeni təyinatlar həyata keçirildi.
Maraqldır, bu dəyişikliklərin mədəniyyət, eləcə də teatr və kino sahəsində irəliləyişlərə səbəb olacaqmı? Ümumiyyətlə, nazirliyin fəaliyyətində daha hansı dəyişikliklər olmalıdır?
Mövzu ilə bağlı Bakupost.az -a açıqlama verən Xalq artisti Şeyx Əbdül Mahmudbəyov bildirib ki, gec də olsa, nazirlikdə təmizlənmə işlərinin aparılması təqdirəlayiq haldır:
“Düşünürəm ki, bu çox uğurlu addımdır. Amma kaş nəticəsi olsun. Yeganə istəyim odur ki, teatra, kinoya, mədəniyyət sahəsinə həqiqətən sağlam əqidəli, milli ruhlu, vətənpərvər, peşəkar insanlar gəlsinlər. Biz də onlarla iş görə bilək. Yoxsa təsəvvür edin ki, məni kosmonavtlara rəhbər təyin edirlər, mən də onlara ağıl öyrətməyə başlayıram. Bu gülməlidir axı. Bu eybəcər ənənə Sovet dövründən qalıb. Nazirliklərdə şəxsi maraqlar, mağara düşüncəsi, qohum-əqraba hakimiyyəti insanları cana yığıb. Bu cür hallar dövlətə qarşı narazılıq yaradır”.
Şeyx Əbdül qeyd edib ki, bu gün Azərbaycanın mədəni inqilaba çox böyük ehtiyacı var:
“Sovetdən qalma ittifaqlar var ki, hərəsi bir yerdə oturub. Büdcədən pul alıb söz-söhbət yaratmaqla məşğuldurlar. Kino sahəsində heç bir iş görmürlər. Ona görə də hər şey mərkəzləşsə, yaxşı olar. Çünki dövlət zəhmət çəkib büdcədən mədəniyyətə, kinoya pul ayırır, qoy kinostudiyalar işini görsün, artıq ştatlar, insanlar rədd olub getsin. Hər şeyi kadr həll edir. Kadr vətənpərvər olmasa, heç bir sahədə iş görmək olmaz. Ələlxsüs da mədəniyyət kimi çətin bir sahədə. Təsadüfi adamlar, yaltaqlar bizi öldürüb. Bir tayfadan bir qurumda iki nəfər belə birlikdə işləməməlidir. Çünki istər-istəməz tərəfkeşlik olur”.