“İnsan həmişə öz qəhrəmanını həm başının üzərinə qaldırır, həm də yerə çırpır. Əsas odur ki, biganə qalmır. Dünyada biganəlikdən dəhşətli bir şey yoxdur. Bəzən şou əhli müxtəlif ssenarilər, oyunlar qurur, guya bir-birini təhqir edirlər, hətta döyürlər. Bəs sizcə, bunlar nə üçündür? Hamısı diqqəti özlərinə cəlb etmək üçündür”.
Bu sözləri Yenisabah.az-a Əməkdar incəsənət xadimi Baba Vəziroğlu deyib.
Tez-tez cəmiyyətin qəhrəmanına çevrilən şəxslərin birdən-birə elə həmin şəxslər tərəfindən yerə çırpılmasından söz açan nəğməkar şair belə hallarla özünün də rastlaşdığını etiraf edib:
“Onlar diqqət çəkmək üçün ən dəhşətli variantlara belə əl atırlar. Bəzən milli mentalitetimizə zidd olan namus, qeyrət məsələlərini belə aşıb özlərinə ssenari tərtib edirlər.
Dünyanın ən dəhşətli hadisəsi məhz biganəlikdir. Ona görə sabah səni qaldırıb yerə çırpanda heç kəs inciməməlidir. Heç bir məhşur düşünməməlidir ki, niyə onu gah zirvəyə qaldırıb, gah da dərənin dibinə endirirlər. Onları təhqir edirlər, söyürlər, sabah da haradasa görəndə qaçıb şəkil çəkdirirlər.
Belə hadisə ilə mən özüm də qarşılaşmışam. Elə insan olub ki, mənim görüşlərimə az qala bir avtobus güllə gəlib, amma axşam sosial şəbəkədə haqqımda ağzına gələni yazıb. Mən onu üzdən görəndə tanımışam ki, bu, həmin şəxsdir. Belə hadisələri görəndə sadəcə gülümsəyirəm. İnsan belədir, öz qəhrəmanını həm tapdalayır, həm də başının üstünə qaldırır. Belə şeylərdən incimirəm, insan o vaxt inciyər ki, ona qarşı hər kəs biganə qalır. Həm də nəzərə almaq lazımdır ki, insan təkhüceyrəli amöb deyil ki, ömrü boyu eyni fikirdə qalsın”.
Baba Vəziroğlunun sözlərinə görə, insan xisləti elədir ki, bəzən ən kamil yaradılışda belə bir qüsur tapa bilir:
“Mən özüm də eləyəm, hər şey əhvalımdan asılıdır. Bəzən televizorda kimsə oxuyanda gedib az qala qulağımı yapışdırıb dinləyirəm, amma həmin şəxs başqa vaxt qarşıma çıxanda bu əhvalımın olmayan vaxtına təsadüf eləsə, televizoru tez söndürüb deyirəm ki, “get işinlə məşğul ol, sənallah, sən oxuya bilmirsən”. Bu, ovqatdan asılıdır. Mən ovqat adamıyam. İnsanlar da həmçinin ovqat adamıdır, bu məsələyə hansı prizmadan baxmağından asılıdır.
Böyük rus yazıçısı A.Çexov ölmüş itin cəsədində gözəllik axtarıb. Təsəvvür edin, itin cəsədindən iyrənc şey yoxdur, amma bu adam orada da gözəllik axtarıb. O, insanlara da bunu məsləhət görüb, deyib ki, burada da gözəllik axtarın və axtarsanız, inanın ki, görəcəksiniz. Bütün bunlara baxmayaraq, insan xisləti elədir ki, bəzən ən gözəl, kamil varlıqda belə bir qüsur axtarır. Ona görə hər şeylə barışmaq lazımdır. Bircə biganəlik heç kəsə qismət olmasın.
Mən hətta onun tərəfdarıyam ki, evdə ər-arvad dalaşsın, mübahisə etsin, bir-birini qırsın, amma aralarında biganəlik olmasın. Bu, ən böyük faciədir. Cütlüklər bir-birinə “zəhrimar”, “çor” desin, lakin biganə qalmasın. Bilirsiniz, nifrət də sevginin bir bölümüdür, sevgi varsa, orada hər şey var. Sevgi varsa, orada nifrət də, acıq da, küsmək də, ayrılıq da, həsrət də var. Biganəlik isə vakuumdur, fəzadır, orada heç bir şey yoxdur”.