• 22 Noyabr 2024 17:21

Talıbova biznes imperiyası quran Emin Uçar danışdı – “O otelin bizə aidiyyəti yoxdur…”

Talıbova biznes imperiyası quran Emin Uçar danışdı – “O otelin bizə aidiyyəti yoxdur...”

 

“İlham Əliyevin Prezident olduğu ölkədə kimsənin haqqı kimsədə qalmaz”. “Yeni Sabah” xəbər verir ki, bu sözləri uzun illər Naxçıvanda fəaliyyət göstərmiş “Gəmiqaya” Holdinqin prezidenti, türkiyəli iş adamı Emin Uçar “Tns.az” saytına müsahibəsində jurnalistin “Böyük əziyyətlə yaratdığınız şirkətləri Talıbovlardan ala, hüquqlarınızı bərpa edə bildinizmi?” sualına cavabında deyib.

Xatırladaq ki, E.Uçarın adı uzun illərdir Vasif Talıbovun biznes imperiyasının başçısı kimi çəkilir. 20 ildən çoxdur Naxçıvanda fəaliyyət göstərən Uçarın adı, milliyətcə kürd olduğundan bəzən PKK mövzularında da keçib. Yerli medianın yazdığına görə, Naxçıvandakı əksər iri müəssisələrin qurulmasında, infrastruktur layihələrinin həyata keçirilməsində türkiyəli iş adamının rəhbərlik etdiyi “Gəmiqaya” Holdinq əsas pay sahibi olub. O, qazandığı böyük vəsaitləri Talıbovlarla bölüşüb.

Talıbovlar dövranını başa çatdıqdan sonra E.Uçarın Azərbaycanda biznes fəaliyyətini davam etdirməsi maraq doğurub. Dediyinə görə, perspektivə nikbin baxır…

İş adamının müsahibəsini qısa ixtisarla təqdim edirik:

– “Gəmiqaya” şirkətinin taleyi necə oldu?

– “Gəmiqaya” ləğv edildi.

– Sizin müəssisələrin aqibəti necə oldu?

– Rəhbərlik etdiyim “Arkoz” Holdinq Naxçıvanda da fəaliyyət göstərir. Vaxtilə “Gəmiqya”nın tərkibində olan Naxçıvan Daş Məhsulları Sənaye Kompleksi, Kərpic Zavodu, “Bellisa” Mebel Fabriki, Naxçıvan şəhərindəki “Dekoria” ticarət mərkəzi “Arkoz” Holdinqin müəssisələri kimi fəaliyyətini davam etdirir.

– Bəs “Gəmiqaya”nın digər müəssisələri?

– Bizim ortaqlığımızdan mənim payıma düşən bu müəssisələrdir. Digərləri məni maraqlandırmır və onlar barədə də məlumatlı deyiləm.

– Naxçıvandakı fəaliyyətinizi genişləndimək barədə düşünürsünüzmü?

– Əlbəttə. Muxtar Respublikadakı müəssisələrin fəaliyyətini genişləndirmək, Naxçıvanda aparılan quruculuq işlərində yaxından iştirak etmək, yeni istehsal və xidmət sahələri yaratmaq, yeni iş yerləri açmaq istəyirik. Uzun illərdir, Naxçıvanda çalışdığımdan bölgəni yaxşı tanıyıram. Naxçıvanın çox yaxşı potensialı var. Orada böyük istehsal müəssisələri yaratmaq, minlərlə iş yeri açmaq mümkündür. Bizə yaradılan şəraitdən istifadə edərək, Naxçıvanda sahibkarlığın inkişafı, yeni iş yerlərinin yaradılıması üçün əlimizdən gələni əsirgəməyəcəyik. Bilirsiniz ki, bu yaxınlarda Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Naxçıvanda sahibkarlarla görüş keçirdi, Naxçıvanın iqtisadiyyatının inkişafı üçün bütün mövcud biznes mexanizmlərinin tətbiq ediləcəyini bildirdi. Artıq Naxçıvanda sahibkarlar üçün münbit şərait yaradılıb.

– Naxçıvanla bağlı yeni layihləriniz varmı?

– Hesab edirəm ki, bu barədə danışmaq hələ tezdir. İşlərimizi yeni qaydasına salırıq. Real nəticələr əldə etdikdən sonra bu barədə ətraflı danışarıq.

Emin Uçar daha sonra mediada Gürcüstanda Talıbovlarla ortaq biznesi olduğu barədə xəbərlərə aydınlıq gətirib. Vurğulayıb ki, Gürcüstandakı şirkətin Talıbovlara heç bir aidiyyəti yoxdur. Ona məxsus olan “Maqro Construction” tikinti şirkəti indiyədək Tbilisidə yaşayış kompleksləri, otellər tikib istifadəyə verib.

Emin Uçar deyib ki, Gürcüstanda 270 milyon dollar dəyərində biznesinin olduğu barədə məlumatlar da həqiqət deyil. O əlavə edib ki, bu məbləğ onun şirkətinin indiyə qədərki biznesinin dövriyyəsini təşkil edir.

“Bəs Batumidəki “Divan” otel kimindir?” sualına sahibkar belə cavab verib: “Bax, onun da bizə aidiyyəti yoxdur. Bizim Batumidə bir mebel fabrikimiz var…”

Tacxeber.com

Oxşar xəbərlər