Xəbər verdiyimiz kimi, ötən gün Qafqaz Müsəlmanları İdarəsi (QMİ) sədrinin səlahiyyətli nümayəndəsi, din xadimi Hacı Şahin Həsənli 48 yaşında ürəktutmasından vəfat edib.
Tacxeber.com xəbər verir ki, ölümündən sonra onu sevən insanlar sosial şəbəkələrdə ilahiyyatçıya olan dərin hörmət və sevgi ilə bağlı rast gəldikləri hadisələri paylaşırlar.
Bu cür paylaşımlar edənlərdən biri də “Vətən Bağı” Sosial Təşəbbüslər İctimai Birliyinin sədri Emin Tarverdiyev olub.
“Babək prospektində Daxili Qoşunların binası ilə üzbəüz bir dönərxana var. 2 dönər sifariş verdim, hazır olanda pulu qəbul etmədilər ki, bu gün Hacıya ehsan veririk. Ölüsü ilə ac qarınları doyduran Hacı, ruhun şad olsun”,- deyə o qeyd edib.
Jurnalist Dünya Sakit də ilahiyyatçının xeyirxah əməlləri barədə eşitdiklərini belə nəql edib:
“Bayaq oğlumu məktəbdən götürməyə getmişdim. Məktəbin həyətində xeyli qadın vardı. Bir yerə yığışmış 5-6 qadının Hacı Şahinin adını çəkdiyini eşitdim. İstər-istəməz yaxınlaşıb qulaq asdım. Biri ağlaya-ağlaya danışırdı ki, qaynı uzun müddət işsiz qalıb, vəziyyəti çox pis olub. Gəlib qardaşına deyib ki, mənə bir yerdən oğurluq etməyi təklif edirlər, əlacsızlıqdır, gedib edəcəyəm, nə olar-olar. Əlindən gələn qədər qardaşına kömək edən böyük qardaş götürüb onu Hacı Şahinin yanına aparıb, xahiş edib ki, bir az söhbət eləsin, pis əməldən daşındırsın. Hacı da oğlanla görüşüb, onu dinləyib. Sonra yanındaca ticarətlə məşğul olan bir adama zəng vurub, ona iş verməsini xahiş edib. Çıxanda da oğlanın cibinə xeyli pul qoyub. Deyib ki, maaş alana qədər ailəni dolandır, qardaşının imkanlı olmadığını bilirəm.
Həmin o oğlan indi özü iş adamıdır, biznesi, özünün neçə işçisi var.
Qadın dedi ki, Vətən Müharibəsi dövründə, ondan sonra Hacının çağırışı ilə qaynı kimi minlərlə adam döyüşçülərə, qazilərə yardım ediblər, indi də edirlər”.
Jurnalist əlavə edib ki, əvvəllər Hacı Şahinə daha çox Azərbaycan dövlətinin maraqlarını uca tutduğuna görə rəğbət bəsləyirdisə, onun haqqında eşitdiyi faktlardan sonra hörməti daha da artıb.
“Ruhu şad olsun, xeyirxah əməllərinin savabını Allah övladlarının qarşısına çıxarsın”- o yazıb.