• 22 Noyabr 2024 22:24

“Atası öldü, ağlamadı” İTTİHAMI: “Başsağlığını da telefonla verirlər”

“Atası öldü, ağlamadı” İTTİHAMI: “Başsağlığını da telefonla verirlər”

Mərhum Xalq artisti Ramiz Novruzun qızı, stilist Şəfəq Novruz sosial şəbəkədə ünvanına yazılan tənqidlərə ağlayaraq cavab verdi. 

Göz yaşlarını saxlaya bilməyən Ş.Novruz dəfn zamanı şokda olduğunu, gözündən buna görə yaş gəlmədiyini bildirdi. O, ünvanına hədsiz dərəcədə tənqidi şərhlər yazıldığını deyib.

Mövzu ilə bağlı Yenisabah.az-a danışan müğənni Günel Ələkbərova (Pişik Günel) sənət adamlarına qarşı cəmiyyətdə anlamsız aqressiya olduğunu deyib:

“Sənət insanlarına qarşı cəmiyyətin bəzi nümayəndələri sanki başqa planetdən gəliblərmiş kimi münasibət göstərir. İnsanlar sənət adamlarına, onların ailələrinə qarşı acımasızdır. Sanki sənətçilər onların çörəyinə bais olur, yaxud doğmalarını əllərindən alıblar. Bu əslində, çox acınacaqlı durumdur. Bəlkə də insanlar fikirləşirlər ki, sənət adamları hamıdan yaxşı yaşayır, lüks həyatları var.

Amma belə deyil, sənətçilərin də problemləri çoxdur, amma kənardan baxanlar elə bilmir. İnsanlar elə bilir ki, əgər bu aparıcı, aktyor, aktrisa, müğənnidirsə, efir adamıdırsa, onun problemi yoxdur, dərd-səri yoxdur.

Allah sənətkarımız Ramiz Novruza qəni-qəni rəhmət eləsin, ailəsinə, övladlarına səbr versin. Bizim üçün bu cür sənətkarları itirmək ağırdır və ciddi itkidir.

Amma bu gün insanlar arasında ölüm sanki adiləşib. İnsanlar artıq kiminsə ölümünü normal qarsalayırlar, bir kəlmə “Hə, Allah rəhmət eləsin” deyib keçirlər. Cəmiyyət çox soyuqqanlı olub, robotlaşıb. Cavan da rəhmətə getsə, qoca da getsə, sənətçi də getsə, hamısını normal qəbul edirlər. Necə ki, həkimlər əməliyyata girdikdə rahatlıqla insanları kəsib-doğrayırlar, bizlər də sanki bu cür soyuqqanlı olmuşuq. Hər şeyi normal, adi qarşılayırıq. Belə şeylər çox qorxuludur”.

Sənətçinin sözlərinə görə, insanlar son illərdə çox soyuqqanlı olub və hər şeyə adi yanaşırlar:

“Srağagün marketə silahlı basqın oldu, həmin cinayətkarı öldürdülər. İnsanlar bunu da normal qarşıladılar, elə bil hər gün gördüyümüz bir şey idi. Elə bil yerdə yatan heç ölü deyil, qrimlənmiş aktyordur. İnsanlar hədsiz soyuqqanlı olublar. Əvvəllər belə şeyləri ancaq kinolarda görürdük. Bu qədər laqeydlik əslində qorxuludur, yaxşı bir şey deyil. Mən din adamı deyiləm, amma deyirlər ki, belə şeylər axirətin əlamətidir.

Əvvəl insanlar bir-birinin dərdinə şərik olurdu, maraqlanırdı. İndi belə şeylər demək olar ki, yoxdur. Xüsusən pandemiyadan sonra bu hal daha da artdı. Virusun tüğyan elədiyi vaxtda insanlara qadağalar qoydular. Yasa, xəstə yanına gedə bilmədik. Artıq bu vərdiş halını alıb, indi kiminsə ölüsü düşəndə elə telefonla zəng edib başsağlığı verirlər. Toy dəvətnamələrini də “WhatsApp”la göndərirlər. Bu çox pis bir şeydir.

Bu gün sənət insanlarına qarşı da ikiqat biganə, soyuqdurlar. Niyə belədir bilmirəm. Nəzərə almaq lazımdır ki, hamımız bu vətənin övladlarıyıq. Bir bir-birimizə dəyər verməliyik. İnsan gündəmdədirsə, bu o demək deyil ki, o üzülmür. Hamımız insanıq. Gəlin, insanlığımızı itirməyək. Kimsə ailə üzvünü, valideynini itirirsə, onun dərdinə şərik olmalıyıq, əgər bunu bacarmırıqsa, susmalıyıq, könül bulandırmamalıyıq. Ölüm haqdır, bu hamı üçündür. Başqasının üzüntüsünə sevinənlərin insanlığına şübhə edirəm”.

Tacxeber.com

Oxşar xəbərlər