• 23 Noyabr 2024 03:13

Gec ailə qurdu, ərinin xəstəliyini hamıdan gizlətdi, məşhur müğənninin paltarında səhnəyə çıxdı – FOTO

 

Kulis.az Xalq artisti Gülyanaq Məmmədova haqqında maraqlı faktları təqdim edir.

Məmmədova Gülyanaq Zakir qızı 10 iyun 1973-cü ildə Şəki rayonunun Böyük Dəhnə kəndində, onuşaqlı fəhlə ailəsində dünyaya gəlib. Ailədə altı bacı, dörd qardaş olublar. Uşaqlıq və yeniyetməlik illəri kolxozda, əkin-biçində keçən Gülyanaq keçmiş illər haqqında danışanda deyir:

“Mən zəhmətkeş bir ailədə böyümüşəm. Tütün əkirdik, barama saxlayırdıq. Biz o qədər əziyyətlərdən, zəhmətlərdən keçmişik ki. Ailəlikcə fəhləliyə, işə bağlı olmuşuq. Gecə-gündüz əkin sahələrində işləmişəm. Əllərimiz işləməkdən qabar-qabar olub. Tütün sahələrində səhərə qədər gecələdiyimiz olub ki, su növbəsini qaçırmayaq, gecə tütünlərimizi suvaraq. Tütün yarpaqlarını iynəyə düzə-düzə bir gözüm kitabda dərs oxumuşam”.

371257

Orta məktəbi Böyük Dəhnə 1 saylı orta məktəbdə başa vurub. 1992-ci ildə Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecinin (köhnə adı ilə A. Zeynallı adına Musiqi texnikumu) muğam şöbəsində Nəriman Əliyevin sinfində təhsil almağa başlayıb. Onunla eyni sinifdə Xalq artisti Nəzakət Teymurova da oxuyub. Bakıda kirayədə yaşayan Gülyanağın çətin, kasıblıq günləri çox olub. Bəstəkar Şəfiqə Axundovanın Filarmoniyada yubileyində Gülyanaq da səhnədə oxumalı olub. Ancaq onun yaxşı səhnə geyimi olmadığından o, rəfiqəsi Nəzakət Teymurovanın paltarını geyinib səhnəyə çıxmalı olub.

1996-2000-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “musiqili teatr və kino aktyoru” fakültəsində aktyor ixtisası üzrə təhsil alıb. 2002-ci ildə magistr dərəcəsi ilə universiteti bitirib.

371258

1990-1992-ci illərdə Şəki rayon Mədəniyyət evində fəaliyyət göstərib. 1993-cü ildən bu günə kimi R.Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında vokalist vəzifəsində çalışıb. 1995-1997-ci illərdə İsveçin Malmö şəhərində, “Malmö” festivalında çıxış edib, Stokholm və Koteburq şəhərlərində konsertlər verib, 2000-ci ildə Almaniyanın Hannover şəhərində EKSPO-2000 sərgisində, 2000-ci ildə Türkiyədə “Boğaziçi” festivalında İstanbul və Ankara şəhərlərində konsertlər verib.

Gülyanaq Türkiyədə konsert verən zaman orada yaşayan bir azərbaycanlı ailə onun konsertində iştirak edib. Daha sonra onlar müğənnini bacısı Gülyazla birgə evlərinə qonaq dəvət ediblər. Qonaqlıqda Gülyanaq gələcək həyat yoldaşı Ziya ilə tanış olub. Onu sənəti ilə birgə qəbul edən bəy düz beş il Gülyanaqdan “hə” cavabı alacağı günü gözləyib. Nəhayət, onlar ailə qurublar. Bu evlilikdən cütlüyün 3 övladı dünyaya gəlib.

371259

Müğənni haqqında son illər yayılan şayiələrdən biri isə onun həyat yoldaşından ayrılması xəbəri olub. Ancaq bu barədə ondan soruşanda, deyib:

“Yanlış xəbərdir. Çox xoşbəxt ailəm, üç gözəl balam var. Allah hər kəsə belə gözəl ailə nəsib etsin. Ailə qurmaq üçün gec qaldım. Sənətə yönəldim, daha da püxtələşmək, öz sözümü deyə bilmək üçün evliliyi sonraya saxladım və 33 yaşımda ailə qurdum. Buna baxmayaraq, sevinirəm ki, dərk etdiyim bir vaxtda ailə qurmuşam. Şükür ki, həyat yoldaşım da anlayışlıdır, məni başa düşür. Hamiləliyin doqquzuncu ayında Beynəlxalq Muğam Mərkəzində Gülyaz xanımla konsert verdim. Çox uğurlu alındı. Elə başa düşülməsin ki, mən hamiləliyin doqquzuncu ayında oxudum, konsert verdim. Oturmuşdum, qavalı da qabaqda tutmuşdum. Dedilər ki, müğənnilər bu vəziyyətdə konsert verirlər ki, gündəmə gəlsinlər. Dedim ki, yox. Əksinə, mən elə bir paltar geyinmişəm ki, hamiləliyi gizlətməyə çalışmışam”.

371260

Bir müddət əvvəl müğənni həyat yoldaşının xəstəliyi ilə bağlı açıqlama verərək deyib:

“Həyat yoldaşım xəstə idi. Onun xəstəliyini gizlədirdim. İndi şükür, yaxşıdır. İstər Azərbaycanda, istər Türkiyədəki həkimlər sağ olsunlar. Həkimlər sayəsində indi hər şey yaxşıdır”.

1998-ci ildə Azərbaycan Respublikasının Əməkdar artisti, 2014-cü ildə Xalq artisti adına layiq görülüb.

Tacxeber.com

Oxşar xəbərlər