“Bəxtiyar Hacıyevlə bağlı olan məsələlərlə qəti maraqlanmıram, heç maraqlanmaq da istəmirəm”. Bu sözləri Globalinfo.az-a açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev ictimai fəal Bəxtiyar Hacıyevin münasibətdə olduğu xanımların görüntüsünün yayılması haqda danışarkən deyib.
H.Hacıyev B.Hacıyevlə qohumluq əlaqələri olduğunu bildirib:
“Hamı yazır ki, guya Bəxtiyar mənim qardaşım oğludur. Amma bu yanlış məlumatdır. Bəli, bir nəsildənik. O, atamın əmisi nəvəsinin oğludur. İndi heç ata öz balasına cavabdehlik daşımır”.
Siyasətçi deyib ki, hər zaman yıxılana balta vurmaq daha asan olur:
“Hərə bir söz deyir, bir şər atır. Deyilənlərin doğru olmasına inanmıram. Onun belə addım atması ilə bağlı əlimizdə dəqiq fakt yoxdur. Güclü texnologiya dövründə yaşayırıq. Bu, montaj da ola bilər. Sabah götürüb mənim də, başqalarının da haqqında bu tip xəbər yaya bilərlər. Şər-böhtandan heç kim sığortalanmayıb. Bəxtiyar tərbiyəsiz uşaq deyil. Sadəcə, bəxti belə gətirdi ki, həbsə düşdü”.
H.Hacıyev Bəxtiyar Hacıyevə şəkil göndərən qızları tənqid edib:
“Əgər doğrudan da, həmin xanımlar Bəxtiyara şəkil göndəriblərsə və o şəkillər yayılıbsa, yaxşı olub. Adama deyərlər, ağlın varsa, foto göndərmə, otelə getmə, onunla oturub-durma. Hər oyundan çıxırlar, sonra da gəlib deyirlər ki, “şəklimiz yayıldı”. Görüntülər niyə məhz bu gün yayılır?! Bəxtiyar azadlıqda olanda niyə yayılmırdı bəs?! Ona görə də, bunları araşdırmaq lazımdır”.