Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin şöbə rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev martın 4-də hipermarketlərdən birində baş verən silahlı insidentlə bağlı bəzi açıqlamalar verib.
BAKU.WS xəbər verir ki, “Xəbərertəsi” verilişinə qonaq olan DİN rəsmisi basqının çox peşəkar şəkildə təşkil edildiyini, hətta silahlı şəxslərin təhlükəsizlik kameralarını belə əvvəldən nəzərə aldığını bildirib:
“Bu cinayətlə bağlı əməliyyat-istintaq işinə toxunmadan ümumi olaraq bildirim ki, cinayət çox yaxşı təşkil edilib. Qabaqcadan hazırlanan, bir neçə şəxs tərəfindən planlaşdırılan cinayət idi ki, o ünvana gedilib bu hadisə törədilsin.
Nəticədə oradan külli miqdarda vəsait talanmalı idi. Gəlin baxaq, o cinayətkarlar həmin informasiya-kommunikasiya vasitələrini də nəzərə almışdılar. Bilirdilər ki, harada kameralar var. Amma onların nəzərə almadıqları bir çox cəhətlər var idi ki, onlar ondan məlumatsız idilər. Əvvəl cinayəti törədənlərin şəxsiyyəti müəyyən edildi. Onlar hansı ünvana gedə bilər o ünvanlar nəzarətə götürüldü”.
Xatırladaq ki, 3 gün əvvəl Xətai rayonunda yerləşən hipermarketlərdən birində silahlı basqın edilib. Daha sonra Daxili İşlər Nazirliyinin əməkdaşları hipermarketdə bank əməkdaşlarına hücum edərək ərazidən uzaqlaşan şəxslərə qarşı əməliyyat keçirib.
Şəxslərin yeri müəyyən ediləndə onlar polisə odlu silahdan atəş açmağa başlayıblar. Avtomat silahı ilə polisə müqavimət göstərən, 22 yaşlı Ruhlan İsmayılov zərərsizləşdirilərək məhv edilib. Bir nəfər isə saxlanıb. İstintaq sirri olduğu üçün hələlik onun adı açıqlanmır.