“Naxçıvan” Universiteti sosial şəbəkələrdə tənqidlərə tuş gəlib.
Tacxeber.com xəbər verir ki, tənqidlərə səbəb tanınmış rəqqasə və aktrisa Oksana Rəsulovanın “Heydər Əliyev İli”nin silsilə tədbirləri çərçivəsində “Naxçıvan” Universitetinə dəvət olunması və orada mühazirə söyləməsidir.
Tənqidçilər universitetə elm adamlarının deyil, rəqqasənin dəvət olunmasına görə yeni rektor Anar Kazımovu hədəfə alıblar.
“Naxçıvan” Universitetindən verilən açıqlamada isə qeyd olunub ki, Oksana Rəsulova “Heydər Əliyev İli” çərçivəsində gerçəkləşdirilən “Həmsöhbət” layihəsi çərçivəsində dəvət olunub.
Aktrisa “Blogerlik və incəsənət” mövzusunda mühazirə söyləyib.
Öz həyat və iş təcrübələrini söhbət əsnasında tələbələrlə bölüşən Oksana xanım ixtisasının həkimlik olduğunu deyib:
“Rusiyada Tibb Akademiyasını bitirmişəm, orada altı il təhsil almışam. Sonra dəri-zöhrəvi xəstəlikləri ixtisası üzrə təhsilimi davam etdirmişəm. İki diplomum var. Anamın ən böyük arzusu həkim olmağım idi. Hər şeydə bir xeyir var. Həkim olmaqdan əvvəl incəsənətlə məşğul olmaq istəyirdim. Sadəcə, elə oldu ki, istəyim baş tutmadı. Xəyallarımın gərçəkləşməsi üçün zamana ehtiyacım var idi. Zamanla aktrisa kimi fəaliyyət göstərməyə başladım. Hazırda isə blogerliyə üstünlük verirəm”.
Tələbələrin “bloger kimdir” sualına O.Rəsulova belə cavab verib:
“Azərbaycanda son zamanlar blog mədəniyyəti geniş yayılıb. Blogerlər texnologiya, moda, səyahət, siyasət, sağlamlıq, həyat tərzi və incəsənət kimi bir çox mövzuda rəhbərlik edəcək yaradıcı fikirlərə sahib olan və maraqlandığı mövzularla əlaqəli internetdə maraqlı və orijinal məzmun istehsal edən və yayımlayan insanlardır. Hazırda mən incəsənət sahəsində blogerlik edirəm. Məzmun vermək istədiyim mövzuları araşdırır və hədəf auditoriyası üçün cəlbedici etmək üçün yayımlayıram. Təbii ki, bir bloger olmaq üçün gündəmi və texnologiyanı başa düşmək, eyni zamanda məzmunu yeniləmək lazımdır. Mən də əlimdən gələnin ən yaxşısını etməyə çalışıram”.
Universitetin açıqlamasında bildirilib ki, blogerlik sahəsində qarşılaşdığı çətinliklərdən danışan O. Resulova öz təcrübələrini və məsləhətlərini də gənclərlə bölüşüb. Tələbələrin mövzu üzrə suallarına cavab verib.