Son günlər insanların qəfil ürəktutmasından və ya digər xəstəliklərdən cavan yaşlarda vəfat etməsini eşidirik. Ölümün gəncləşməsi və ya gənc, cavan insanlarda xəstəliklərin əvvəlki illərə nibətən çoxalmağa başladığı deyilir. Bu da cəmiyyətimizi narahat edən mövzular sırasındadır.
Bəs ölüm cavanlaşıbmı? Belədirsə, bu hansı amillərlə bağlıdır?
Mövzu ilə bağlı Ölkə.Az-a danışan tibbi ekspert, professor Adil Qeybulla suallara aydınlıq gətirib. O bildirib ki, ömrü qısaldan iki əsas qlobal səbəb var:
“Bunlardan birincisi ekoloji səbəblər, yəni qida və içməli suyun təhlükəsizlik məsələsi, ikincisi isə hipodinamiya – az hərəkətlilikdir.
Əvvəla, xəstəliklərin böyük əksəriyyəti əhali artımına bağlıdır. Əhalinin çox artımı Yer kürəsində çox ciddi problemlər yaradır. Pandemiyanın baş vermə səbəbi də bununla bağlıdır. Bütün dünyada qida, içməli su çatışmazlığı problemi var. Yəni bunların hamısı insanların sağlamlığında da öz əksini tapır. Bu baxımdan da ürək-damar və digər xəstəliklərin bir səbəbi də ekologiyadır.
Ürək-damar xəstəliklərinin digər səbəbi isə həyat tərzinə bağlıdır. Yəni insanlar daha çox tənbəlləşiblər, avtomatlaşma artıb. Əvvəllər insanların əl əməyi ilə icra etdiyi şeyləri indi maşınlar edir. Bu baxımdan insanlar çox yemək, az hərəkət etmək kimi bir bəlaya düçar olublar. Bu da hipodinamiya adlanır. Hipodinamiya bədənə daxil olan qida kalorisi ilə sərf olunan kalori arasında disbalansa gətirib çıxarır ki, bunun da nəticəsində daxil olan kalorinin bir hissəsi orqanizmdə çökür və piylənməyə, çəki artımına gətirib çıxarır. Bu gün dünya əhalisində piylənmə çoxluq təşkil edir.
Bundan əlavə, trans yağların son vaxtlar qidalara daxil olması, bunların həzmi prosesinin xeyli çətinləşməsi, onların qaraciyərdə çökməsi, qaraciyərin detoksikasiya funksiyasının aşağı düşməsi, stres nəticəsində mikrozədələnmiş yerlərində çökməsi, qan damarlarının divarını daraltması nəticəsində işemik xəstəliklərə – miokard infarktına, beynin insultlarına gətirib çıxarmasıdır. Bütün bunlar ürək, qan-damar xəstəliklərinin artması deməkdir. Həmin qidaların içərisində kanserogen maddələr də az deyil. Bunlar özləri də xərçəng şişi törətməkdə xüsusi rol oynayırlar.
Bununla yanaşı, son vaxtlar xanımlar arasında da siqaretdən, qəlyandan, alkoqoldan istifadənin artması, elektron siqaretlərdə kanserogen maddələrin istifadəsi də bu faktorların sırasındadır”.
Professor ölümün gəncləşməsinin qarşısının alınması üçün görülməli olan tədbirlərdən də söz açıb:
“Bu gün şəkərli diabetin, mübadilə xəstəliklərinin sayı həddən artıq çoxdur.
Buna görə də kütləvi idman, qidalanma mədəniyyətinin tənzimlənməsi, bunun təbliğatının aparılması, qida təhlükəsizliyi məsələsinin dövlət səviyyəsində həlli, yəni ölkəyə kifayət qədər keyfiyyətli qidaların idxalına diqqət etmək, ölkə daxilində istehsal olunan qidaların keyfiyyətinə nəzarət, genofondun sağlamlaşdırılması yönündə atılacaq əsas addımlardan biridir”, – deyə o əlavə edib.