• 22 Noyabr 2024 07:17

Test ləğv olunsa, savadlı uşaqlar kənddə dana otaracaq…

Test ləğv olunsa, savadlı uşaqlar kənddə dana otaracaq...

 

Dəyişmək, yeniləşmək zamanın tələbidir. Test Quran ayəsi deyil ki, toxunmaq qadağan olunsun… 

Mən Azərbaycanda test üsulu ilə tələbə adını qazanan ilk pionerlərdən biriyəm. Əgər 1992-ci ildə ölkədə test üsulu tətbiq olunmasaydı, bəlkə də indi hansısa dərədə qoyun güdürdüm.

İndiki gənclər bilməz, sovet dövründə ali təhsil almaq üçün təkcə yaxşı oxumaq kifayət etmirdi. Həm də yaxşı “dayı”, yaxşı pul lazım idi. Yaxşı “dayın”, yaxşı pulun olmayanda, yaxşı təhsilin əhəmiyyəti olmurdu.

Oxuculardan üzr istəyirəm, iki eşşəyin arpasını bölə bilməyən adamlar dədəsinin pulu sayəsində tələbə ola bilirdilər. Nəinki tələbə, hətta məmur da olurdular. Pul bütün qapıları onların üzünə açırdı. Demirəm ki, savadlı, istedadlı gənclərimiz hamısı kənarda qalırdı, amma o vaxt ali təhsil almaq indiki kimi asan deyildi. Yüzdə, bəzən mində bir adama rüşvət vermədən tələbə adını qazanmaq qismət olurdu.

Mən Cəbrayılın ən adlı-sanlı, tanınmış kəndlərindən birində anadan olmuşam. Hələ sovet dövründə kəndimizdən 50-dən çox alim çıxmışdı. Soltanlı kənd orta məktəbinin məzunları bütün SSRİ-yə səs salmışdı. Müxtəlif ali məktəblərdə çalışan alimlərimiz öz qohum-qardaşlarının, yaxınlarının qolundan tutub irəli çəkirdilər. Buna görə də hər il məktəbimizin məzunlarının 70-80 faizi ali məktəblərə qəbul ola bilirdi. Onların arasında savadsız gənclərlə yanaşı, çox savadlı, istedadlı uşaqlar da vardı. Dərd burasındaydı ki, təkcə savadsız deyil, həm də savadlı uşaqların valideynləri qəbul vaxtı qapısındakı danaları bazara çıxarırdı. Nə qədər savadlı olsan da öküzün, davarın pulu olmasaydı, sən də tələbə ola bilmirdin.

Test üsulu kəndlini bu problemdən xilas etdi. 1992-ci ildən bəri heç kim uşağını oxutmaq üçün qapısındakı damazlıq dananı satmır, savadı olan abituriyentlər heç kimin minnətini götürmədən tələbə ola bilirlər.

Son günlər test üsulu ilə bağlı müzakirələr yenidən qızışıb. Hətta bəzi dostlarımız test üsulunun ləğv edilməsini, DİM-in səlahiyyətlərinin Elm və Təhsil Nazirliyinə verilməsini təklif edirlər. İnanın, bu sözləri eşidəndə canımı qorxu alır. Kimlərsə bilərəkdən, ya da bilməyərəkdən bizi rüşvətin tüğyan etdiyi sovet dövrünə qaytarmaq istəyir. Elm və Təhsil Nazirliyinə etibar etmək olar?  Sizi deyə bilmərəm, şəxsən mən bu barədə düşünmək belə istəmirəm. Bir nazirliyin ki, tabeliyində olan məktəblərdə hətta süpürgəçini də işə rüşvətlə götürürlər, o quruma qəbul imtahanını həvalə etmək ağılsızlıq olardı. Test üsulundan imtina etsək, sürətlə keçmiş dövrə qayıdacağıq; yenə prokurorun balası prokuror, çobanın balası çoban olacaq…

Bəs nə edək? Məncə, testi təkmilləşdirək, ağıllı adamların, mütəxəssislərin verdikləri təklifləri süzgəcdən keçirək, ölçək-biçək, xarici təcrübədən yaxşı nümunələr götürək, pisi atıb yaxşını seçək, amma nə isə edək…

Bunu yazmağa əlim gəlmir, çəkinirəm, ehtiyat edirəm, amma belə olacağına yüz faiz əminəm: test ləğv olunsa, savadlı uşaqlar kənddə dana otaracaq…

Seymur VERDİZADƏ

Tacxeber.com

Oxşar xəbərlər