“Tayfabazlıq və yerlibazlıq məsələsi elə bir şeydir ki, bu, Avropa, şərq-qərb və başqa bölgələrə baxmır”.
Bu sözləri Yenisabah.az-a açıqlamasında Ağ Partiya başqanı Tural Abbaslı Azərbaycan cəmiyyətində xəstəlik halına çevrilmiş tayfabazlıq siyasətindən söz açarkən deyib.
Yerlibazlığın fəsadlarından söz açan müxalifətçi bunun səbəbi kimi Azərbaycanda dövlətçilik ənənələrinin hələ də tam oturuşmamasını misal gətirib:
“Çünki biz son 300 illik tariximizə baxsaq, görərik ki, – əsasən də, Şimali Azərbaycanda – uzun müddət müxtəlif istilaların mərkəzində olmuşuq. Yalnız cümhuriyyət dönəmində 23 aylıq qısa müddətdə dövlət ənənəmiz olub. Son müstəqillik tariximizə gəldikdə isə müstəqil olmağımıza baxmayaraq, idarəçilik qaydası, demokratik idarəçilik metodu olmadığı üçün daha çox yerlibazlıq, qohumbazlıq və tayfabazlıq inkişaf edib”.
T. Abbaslı diqqəti ona yönəldib ki, bir çox hallarda vəzifəyə gətirilən insanlar hansısa qanunsuz əməlləri edəcəyini bildiyi üçün öz ətrafına güvəndiyi adamları yığır:
“Dünyada da belə bir təcrübə var ki, güvəndiyin insanları ətrafına yığmalısan, amma Azərbaycanda güvəndiyin adam deyəndə səninlə eyni əqidə və dünyagörüşündə olan insanlardan daha çox səninlə eyni qan bağlılığı, qohumluğu olanlar nəzərdə tutulur. Aidiyyət hissiyyatının ən primitiv mərhələsi isə qohumların bir araya gəlməsidir. Lakin normal ölkələrdə hansısa partiyadan kimsə hakimiyyətə gəlir və öz partiyasından vəzifələri təyin edir. Burada bir növ qohumbazlıq var, amma orada tək fərq budur ki, ideya və hədəflər ətrafında toplanırlar”.
“Bu gün ölkəmizdəki siyasi partiyaların, siyasi gündəmin və fiqurların vəziyyətinə baxın. Məsələn, Avropada təhsil almış gənc gəlib burada vəzifə tutanda kimə və nəyə istinad edib bu kadrları toplayacaq? Ona görə də bunun ən sadə yolu, tez-bazar qohum-əqrəbada və tayfada kim varsa, onları vəzifəyə yerləşdirməkdir. Sonradan da bu qohumbazlıq gətirib korrupsiya və rüşvətin ən dərinliyinə çıxarır. Çünki kimsə bir-birinin əleyhinə danışmayıb iş görməyəcək. Belə olan halda da rahat şəkildə yeyintilər baş verəcək”, – siyasətçi fərqləri izah edib.
Onun təklifinə görə, bunun qarşısının alınmasının yeganə yolu siyasi səhnənin peşəkarlaşması və şərq modelinə uyğun demokratik ənənələrin inkişaf etdirilməsidir:
“Başqa yolumuz yoxdur. Məsələn, Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri və s. kimi ölkələrə nəzər yetirək: birində nazir kralın əmisi oğludur, digərində isə müdafiə naziri bibisi oğludur. Bizdə də aşağı-yuxarı elədir, hətta qohum olmayanlar da qız verib-alırlar ki, qohum olsunlar. Analiz etsək, görərik ki, bizim köhnə nəsil siyasətçilərimizin – hansı ki, onlar bu dəqiqə orta təbəqə məmurlardır – hamısı bir-biri ilə qohumdurlar. Ona görə də siyasi partiyaların rolu artmalı, siyasi səhnə daha da sivil qaydaya düşməli və demokratik ənənələr inkişaf etməlidir. Çıxış yolumuz bundadır”.