Xəbər verdiyimiz kimi, bu gündən Həcc ziyarətinə getmək üçün sənəd qəbuluna başlanılır. Bildirilib ki, bir nəfərlik səyahət paketinin qiyməti 5750 dollardır.
Orta aylıq əmək haqqı 807 manat civarında olan bir ölkənin vətəndaşları bir ziyarət üçün 5750 dolları necə təmin etsin? İbadət etmək üçün təxminən 10 min manat ödəməyə dəyər mi? Ümumiyyətlə, dini kitabımız olan Quranda bu məsələnin hansı yönlərinə toxunulub?
Məsələ ilə bağlı Yenicag.az-a açıqlama verən ilahiyyatçı Elşad Miri bildirib ki, Həcc ziyarətinə getməli olan insanlar Qurani-Kərimdə qeyd olunub:
“Həcc sürəsi olan 22-ci surənin 27-ci ayəsində deyilir ki, insanların problemlərini həll edə biləcək şəxslər Həccə getməlidir. Yəni zülmə, başqalarının əsarətinə məruz qalan, əzab-əziyyət çəkən şəxslərə kömək edə biləcək vəzifədə olan şəxslər Həccə getməlidir.
Yoxsa bu gün hamı pul yığıb gedir. Hə nə olsun ki? Nə işə yarayır? Gedib görmək istəyirsə, o başqa məsələ. Amma dini ziyarətlər turizm məqsədinə çevrilib. Ora gedəndə daşı qucaqlamaq lazım deyil. İslamda daşı öpmək deyilən bir şey yoxdur. Bundan əlavə, paltarı daşa sürtmək və ya şeytan daşlamaq deyilən anlayış da yoxdur.
Ora ziyarət etməyin məqsədi insanların simpozium edərək bir araya gəlməsi və problemlərin həll edilməsidir”.
E. Miri uşaqları da Həccə aparmaq nüansına toxunub:
“Şahidi oluruq ki, uşaqları da Umrəyə aparırlar. O uşaq bilir mi, ora niyə gedir? Uşaq üçün oynamağa, gəzməyə yer olsun. Uşağın vecinədir ki, ora haradır?
İnsan niyə namaz qılır? Allah əmr etdiyi üçün, insanları əxlaqsızlıqdan uzaqlaşdırdığı üçün… Amma sən öz bildiyini edirsənsə, ibadət etməyin nə mənası var?”.
Problemin maddi tərəfləri ilə bağlı iqtisadçı ekspert Eldəniz Əmirov qeyd edib ki, ziyarət üçün müəyyən edilmiş məbləğ kifayət qədər yüksəkdir:
“Ötən ilki məbləğ indikindən 860 dollar daha ucuz idi. Təxminən 20 faizlik artım müşahidə edilir. İnflyasiyanı nəzərə alsaq, artım gözlənilirdi. Amma Azərbaycandakı inflyasiya səviyyəsi 13.9 faizdir. Bizim ölkənin indeksi ilə düşünəndə Həcc ziyarətinin qiyməti 9 faiz daha artıqdır.
Digər məsələ isə kvotadır. 680 nəfərlik yer ayrılıb. 680 nəfər üçün 12 milyon 384 manatlıq bir vəsait deməkdir. Aydın məsələdir ki, heç kəsə Həccə getmə deyə bilmərik. Amma anlamaq lazımdır ki, bu məbləğ müxtəlif səbəblərdən təhsil ala bilməyən, evi olmadığı üçün ailə qurmayan, Avropada təhsili yarımçıq qalan və s. şəxslərin problemlərini həll edə biləcək səviyyədədir.
Yəni həmin məbləğin ölkədə ehtiyacı olanlara kömək məqsədilə xərclənməsi Allaha da xoş gedər”.