Qanda şəkərin qalxma əlamətləri: ŞƏKƏR XƏSTƏLİYİNDƏ ÖNƏMLİ MƏQAMLAR
Şəkərli diabet endokrin sistemin xəstəliyi olub, tam və ya nisbi insulin çatmamazlığı nəticəsində qanda qlükozanın xroniki artımı ilə müşahidə olunur.
Diabetdə karbohidratların, zülalların və yağların mübadiləsi pozulur. Diabetli xəstələrin sayı, xüsusi ilə də inkişaf etmiş ölkələrdə durmadan artır. Hesab olunur ki, ölkədən asılı olaraq əhalinin 2-10%-i şəkərli diabetlə xəstədir.
Qanda şəkərin qalxma əlamətləri
• Ağızda quruluq, susuzluq, sidik ifrazının tezləşməsi (o cümlədən gecə yarısı sidik ifrazı) xaric olunan sidiyin miqdarının artması.
Əlamətlərin meydana gəlməsi aşağıdakı mexanizmlə izah olunur. Belə ki, qanda şəkər normal olduqda sidiyə şəkər keçmir. Normal vəziyyətdə orqanizm “bioloji yanacaq” kimi şəkərdən çox qənaətlə istifadə edir. Burada böyrəklərin funksiyası da müəyyən əhəmiyyət kəsb edir. Məsələ burasındadır ki, böyrəklər daxili sabitliyi tənzimləyir: o qandan lazımsız maddələri, o cümlədən toplanmış əlavə maddələri xaric edir, lazım olanları isə saxlayır. Əgər qanda həddən artıq şəkər yaranarsa, o sidiklə xaric olur. Lakin bu prosess qanda şəkəri normallaşdırmağa imkan vermir. Qanda şəkərin səviyyəsinin şəkərin sidiyə keçməsinə səbəb olan miqdarı “qlükozanın böyrək həddi” adlanır.
Adətən qlükozanın böyrək həddi qanda şəkər 8 mmol/l-dən 10 mmol/l-ə kimi olan intervalda meydana gəlir . Buradan da normada sidikdə niyə şəkərin olmaması aydınlaşır: axı qanda şəkərin maksimal miqdarı 7.8 mmol/l-dir. Düzdür, individual qlükozanın böyrək həddi böyrək xəstəlikləri, yaş və ya digər səbəbdən dəyişilə bilər. Bəzən elə hallar olur ki, qanda şəkər normal olduğu halda, sidikdə çox miqdarda şəkər müşahidə olunur. Əslində burada qəribə heç nə yoxdur. Bunun açıqlaması budur ki, sidik yığılan zaman qanda şəkər yüksək olub. O müvafiq olaraq sidikdə müşahidə olunur, lakin hal-hazırda (məsələn, səhər acqarına) qanda şəkərin miqdarı normal olur.
Sidiklə şəkərin xaric olması üçün çox miqdarda su tələb olunur ki, bu da orqanizmin hüceyrələrindən alınır ki, bu da susuzlaşmaya səbəb olur. Buradan da suszluq, ağızda quruluq, dərinin quru olmasının səbəbi aydınlaşır. Bununla da insan ona görə çox miqdarda sidik xaric etmir ki, çox maye qəbul edir, əksinə, ona görə çox su içir ki, çox sidik xaric edir. Bu deyilənləri nəzərə alaraq deyə bilərik ki, şəkərli diabetdən əziyyət çəkən şəxslər susuzlaşmanın qarşısını almaq üçün mütləq çox miqdarda maye qəbul etməlidir.
-
Zəiflik, əzginlik, yorğunluq, iş qabiliyyətinin aşağı düşməsi.
Bu əlamətlərin meydana gəlməsini insulinin təsir mexanizmini bildikdə aydınlaşdırmaq mümkündür. Əgər qanda şəkərin miqdarı yüksəkdirsə, deməli o hüceyrəyə daxil olmur, enerji mənbəyi rolunda iştirak etmir və sizin orqanizminizin normal işləməsinə mane olur. -
İştahın yüksəlməsi, bədən çəkisinin azalması.
Bunun səbəbi insulin çatışmazlığı fonunda şəkər enerji sintez edə bilmir, bu zaman orqanizm enerji mənbəyi kimi digər insulin tələb olunmayan mənbəələr axtarır. Belə mənbəələrdən biri də yağ ehtiyatlarıdır, bu səbəbdən də həmin şəxs arıqlamağa başlayır və həmişə aclıq hissi ilə yaşayır. Arıqlamağa başqa səbəb də orqanizmin susuzlaşmasıdır.
-
Dəri zədələnmələrinin (yara, çapıq) çox gec sağalması, frunkulların əmələ gəlməsi.
Bunun izahı qanda şəkərin miqdarının yüksəlməsi fonunda immunitetin zəifləməsi və orqanizmin infeksiyaya müqavimətinin azalmasıdır.
-
Dəri və selikli qişaların qaşınması
Bütün sadalanan əlamətlər heç də həmişə bir yerdə müşahidə olunmur: xəstədə əlamətlərdən bir və ya ikisi ola bilər. Eyni zamanda bəzi əlavə simptomar da meydana gələ bilər, məsələn: baş ağrı, görmənin zəifləməsi və s. Əksər hallarda hiperqlikemiya yalnız ilk etapdaxəstələri narahat edir, lakin sonralar belə demək mümkündürsə , orqanizmdə yüksək qlükoza fonuna “adət etmə” yaranır və əlamətlər yox olur. Şəkərli diabetin “məkrliliyi” də bundan ibarətdir. Təcrübələr göstərir ki, qanında şəkərin miqdarı hətta 14-16 mmol/l olan əksər xəstələr əhvallarının pozulmasını hiss etmirlər. Qanda şəkərin miqdarının kəskin qalxması, hətta “adət etmə” fonunda belə yüxarıda qeyd etdiyimiz əlamətləri verə bilər.
Əgər şəkərli diabet vaxtında müalicə edilməzsə, vəziyyətin kəskin pisləşməsi müşahidə oluna bilər. Əgər xəstə artıq müalicə qəbul edirsə, kəskin pisləşmə (həkimlər bunu dekompensasiya adlandırırlar) diabetə digər xəstəliyin qoşulması ( ağciyərlərin iltihabı, kəskin appendisit və s.) və ya insulinin kəsilməsi ılə izah edirlər.