• 27 Dekabr 2024 01:35

Mələkxanım Əyyubova: Qızımın aparıcı olaraq seviləcəyinə əminəm

 

Xalq artisti Mələkxanım Əyyubovanın rəssam qızı Nəzrin Nəcəfzadə AzTV-də yayımlanan “Telesəhər” verilişində aparıcılıq edib.

Nəzrin Nəcəfzadə martın 20-də efirə çıxıb.

Xatırladaq ki, aktrisa Aidə Cəbiyevanın qəfil proqramdan ayrılması bu prosesi sürətləndirib. Qızının aparıcılıq fəaliyyəti ilə bağlı təəssüratını öyrənmək üçün Oxu.Az-ın əməkdaşı Xalq artisti Mələkxanım Əyyubova ilə danışıb.

Xalq artisti qızına illər öncə özəl telekanallardan təkliflər gəldiyini söyləyib: “Nəzrini illər öncə bir neçə özəl telekanal veriliş aparmağı təklif edib. Lakin Nəzrin imtina etmişdi ki, öz sənətim, öz işlərim var.

Lakin 1 ay öncə Azərbaycan Dövlət Televiziyasından mənə zəng gəldi. Nəzrini “Telesəhər” proqramında aparıcı olaraq görmək istədiklərini dedilər. Mən dəvəti rədd etmədim. Lakin qərarı özü verməli idi. Bu işə hazır olub-olmadığını o daha yaxşı bilir. Təbii ki, bacarar. Çünki o uşaqlıqdan televiziyadadır. Ailədə də görüb. “Bülbüllər” qrupunda dərs alıb. Rəssamlıq işləri ilə bağlı televiziyaya dəvət alıb. Televiziya Nəzrinin həyatında daim olub. İlk deyil”.

Xanəndə qeyd edib ki, ilk başda Nəzrinin onun qızı olduğunu bilməyiblər:

“Nəzrini sosial şəbəkədə görüb, bəyəniblər. Əvvəlcə mənim qızım olduğunu bilməyiblər. Nəzrin onların hər bir kriteriyalarına uyğun gəlib. Və qərara alıblar ki, dəvət etsinlər”.

M.Əyyubova qızının hər gün efirə çıxmayacağını əlavə edib:

“Bu iş Nəzrinin ayda 10 dəfə vaxtını alacaq. Bir həftədən bir 5 gün efirdə olacaq. Hər gün yox. Vaxt limiti Nəzrini də qane etdi. Çünki işləri çoxdur. Ona yorucu gələ bilərdi.

Əslində Nəzrin sentyabrda efirə çıxacaqdı. Lakin qismət belə imiş ki, tezləşdi. Qızım martın 20-də ilk efirinə çıxdı. Gələn həftədən müntəzəm şəkildə efiri aparacaq”.

Mələkxanım Əyyubova sonda qızının bu işin öhdəsindən gələcəyinə əmin olduğunu qeyd edib:

“Bu bizim Dövlət Televiziyamızdan gələn təklif idi. Nəzrin də qəbul etdi. Tam hazır olmasa da yavaş-yavaş zaman və təcrübə ilə yaxşı olacaq. Tez bir zamanda öhdəsindən gələcəyinə əminəm. İnsanlar Nəzrini səmimi biri kimi çox sevirlər. Mənim qızım olduğu üçün sevilmir. O, sevgini özü qazanıb. Efirdə də seviləcəyinə əminəm”.

Qeyd edək ki, N.Nəcəfzadə rəssamlıq fəaliyyəti ilə yanaşı, influenser kimi də məşhurdur. O, bir çox brendlərlə əməkdaşlıq da edir.

Tacxeber.com

Oxşar xəbərlər