Birincisi, anti-türk mövqeyi sərgiləmirəm. Belə bir mövqedə deyiləm. Sadəcə, məhz elə bu cür fikirlərə qarşıyam: “türkün türkdən başqa dostu yoxdur” Bu, faşist ifadəsidir, faşist şüarıdır. Yəni digər etnoslara qarşı düşmənçilikdir. Yüz il əvvəl Almaniyada da belə ideyalar var idi. “Almanların özlərindən başqa dostları yoxdur, almanlar dünyaya hakim olmalıdırlar…” Hətta bu yaxınlarda toy məclislərinin birində qonaqlardan biri söz aldı, dedi ki, türk dünyaya hakim olacaq, dünya türkün olacaq. Son zamanlar tez-tez belə şeylər görürəm. Əslində, narahatam. Bu, faşizmdir. Necə yəni türk dünyaya hakim olacaq? Yəni bütün dünyanı türklər gedib işğal edəcək? Çox təhlükəli tendensiyadır. Mövqe bildirməyi ziyalı kimi özümə borc bilirəm. Başa düşürəm, bəzilərinin xoşuna gəlmir. Heç vaxt kiminsə xoşuna gəlmək üçün fikir bildirmirəm. Çünki mən siyasətçi deyiləm. Siyasətçilər çoxluğun xoşuna gəlmək üçün söz deyirlər. Bunun tərəfdarı deyiləm. Nəsə xoşuma gəlmirsə, gələcək üçün bunu təhlükə sayıramsa, kiməsə görə heç vaxt susmayacağam. Əlbəttə, bilirdim ki, fikirlərim bəzilərinin xoşuna gəlməyəcək.
Bunu Pravda.az-a açıqlamasında ekspert Əkrəm Həsənov bildirib.
Ə.Həsənov qeyd edib ki, Azərbaycan xalqı yalnız türk etnosundan ibarət deyil: “Gəlin, elə bundan başlayaq. Azərbaycanda yerli aborigen olan bir çox etnoslar var. Tat, ləzgi, talış, udin, kürd… Hələ aborigenləri deyirəm, başqa millətlər də var. Yəni “türkün türkdən başqa dostu yoxdur” ifadəsi ilə nə demək istəyirik? Azərbaycan xalqının içində türklər digərlərindən üstündür, o birilər türklərə dost deyillər? Faşizmlə yanaşı, bu, dövlətçiliyə vurulan zərbədir, digər etnosları özünə qarşı qaldırmaqdır. Halbuki digər etnoslar da özünü Azərbaycan xalqı sayır, Azərbaycan dövlətinə sadiqdirlər. Hər iki Qarabağ müharibəsində hamı ilə bərabər iştirak ediblər, şəhidlər veriblər. İndi deyək ki, dostumuz deyilsiniz? Bunu kimsə başa düşmürsə, həmin insanları Azərbaycan dövlətinə düşmən hesab edirəm. Etnos qan qohumluğu olan və eyni dilə bağlı müəyyən insanların birliyidir. Bunu bəziləri başa düşmür. Hətta Azərbaycanın xaricində belə başqa etnoslardan olan dostlarımız var. İkinci Qarabağ müharibəsində bizi ən çox dəstəkləyən üç ölkə.. Türkiyə, İsrail və Pakistan idi. İsraillə Pakistan axı türk deyildi. Onlara deyək ki, yox, bizə dost deyilsiniz? Başqa etnoslar da var, bizə görə Ermənistanla heç bir diplomatik əlaqələri yoxdur. Məsələn, ərəblər. Deməli, bizə dostdur. Dünyada türkdilli dövlətlər var. Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan… Onlar bizə görə Ermənistanla diplomatik əlaqələr qurmaqda imtina ediblər? Xeyr. Fikirlərimdə heç bir anti-türk təbliğatı yoxdur. İngilis də desə ki, ingilisin ingilisdən başqa dostu yoxdur, ona da faşist deyərəm. Məsələnin hələ faktiki tərəfi də var. Azərbaycan xalqı, milləti nə dərəcədə türkdür, türk etnosuna mənsubdur? Bunun özü hələ sualdır, unutmaq lazım deyil. Sosial şəbəkədə son statusum bununla bağlı idi. Azərbaycan milləti bir sıra etnosların qarışığından ibarədir. Düzdür, Azərbaycan xalqı türk dilində danışır. Bunu heç birimiz inkar etmirik. Ümumiyyətlə, millət anlayışı son iki yüz, maksimum üç yüz ildə formalaşan fenomendir. Son iki yüz əlli ilə qədər dünyada insanlar özlərini hansısa birliyə, cəmiyyətə aid edirdi. Birinci sual verilirdi ki, hansı tayfadanam, hansı dindəyəm, hansı hökmdarın təbəsiyəm? Millət anlayışı yox idi. Bu məsələ xüsusən Qərbdə kifayət qədər təhlil olunub. Millət o zaman əmələ gəlir ki, bir ərazidə yaşayan insanlar özünü vahid toplum şəklində hiss etməyə başlayırlar. Burada kitab, qəzet çapının, mətbuatın rolu böyükdür. Onlar fərqli etnoslara aid ola bilərlər. Amma özlərini vahid görürlər, birgə iqtisadi, siyasi maraqları var, mədəniyyətləri qovuşur… Özlərini millət kimi hiss edib, dövlət qururlar. Son zamanlar, hətta orta məktəb dərsliklərində də görmüşəm ki, tariximizin-türk tarixinin Azərbaycanda qədimləşdirilməsi tendensiyası var. Bəzilərimiz başlayıb erməniləri yamsılamağa. Ermənilər də deyirlər ki, “biz ən qədim xalqıq”. Bəzi tarixçilərimiz də deyirlər ki, türk etnosu lap bir neçə min il əvvəl olub. Axı yalandır. Tarix var. Türk etnosu Azərbaycana gəlmədir. Bunu danmaq olmaz. Türklər Altaydan-Şərqdən gəlib. Türk etnosunun irqi monqoloiddir. Köçəri tayfa olublar. Azərbaycana III-IV əsrlərdən gəlməyə başlayıblar, amma əsasən XI əsrdə gəliblər. Əsrlərlə çoxalıb, yerli əhali ilə qarışıblar. Get-gedə türk dili vahid dil olub. Geniş mövzudur və mən tarxiçi deyiləm. Amma bu məsələ ilə zaman-zaman maraqlanıram. Hərdən fikirləşirəm ki, uzun elmi məqalə yazım. Çünki bu məsələni son zamanlar danışan yoxdur. “Türkün türkdən başqa dostu yoxdur” deyənlər nəinki çoxalırlar, hətta aqressivləşirlər. Heç kim çıxıb bunlara cavab vermək istəmir. Biz bu gün deyə bilmərik ki, türk etnosu Azərbaycan xalqının içində neçə faiz təşkil edir? Bunu heç kim deyə bilməz. Zahirən də baxsaq, görərik ki, Azərbaycan xalqının mütləq əksəriyyəti avropoiddir. Axı monqoloid deyilik. Qazax, qırğızla bir-birimizə oxşamırıq. Biz yerli Qafqaz xalqlarına daha çox oxşayırıq. Genetik analizlər də göstərir ki, Azərbaycanda Şərqdən gələn tayfalarla eynilik cəmi 18%-dir. Düzdür, bu təhlillər çox aparılmayıb, amma əldə olunanlar bunu göstərir ki, türk qanı bizdə çox deyil. Bu yolu bir sıra xalqlar keçib. XVIII əsrin sonunda Fransada fransızca danışanların sayı cəmi 25% idi. Sonradan vahid millət formalaşıb. Hər yerdə belə olub. Heç yerdə bir etnos çoxluq təşkil etməyib. Sual yarana bilər – bəs Türkiyə? Orada da eyni söhbətdir: 1453-cü ildə Osmanlı İstanbulu-Bizans dövlətini fəth edəndə tüklərin sayı fəth etdikləri ölkənin əhalisindən qat-qat az olub. Oradakı əhaliyə qarışıblar. Buna görə də hazırkı türkiyəlilər qan, genetik baxımından əsasən bizanslılardır. Onların da içində monqoloidlər azdır. Bir sözlə, türk dilində danışsaq da, türk etnosuna aidlik azdır. Azərbaycan ədəbiyyatını götürək. XX əsrdə ən tanınmış ədiblərimizdən Cəfər Cabbarlı, Mikayıl Müşfiq… Onlar türk olublar? Yox, tat idilər. Nə olsun? Əlbəttə ki, azərbaycanlıdırlar. Ona görə də sözügedən ifadə düzgün deyil. Bu, təhlükədir və Azərbaycanda milli-etnik gərginliyə gətirə bilər. Belə fikirlərin qarşısı alınmalıdır. Ziyalılar, söz sahibləri fikir bildirməlidirlər. Sözümüzü deməliyik. Türkiyə və dünyadakı türk dövlətləri bizim dostumuzdur, amma həmin dövlətlərə bizi bağlayan həm də İslam dinidir, ancaq türkçülük deyil. Bəlkə çoxlarının yadından çıxıb, internetdə axtarsınlar. 1995-ci ilin oktyabrında ümummilli liderimiz Heydər Əliyev Konstitusiya layihəsinin müzakirəsində dilimizin adı ilə bağlı müşavirə keçirib. Bəziləri təklif edirdi ki, dilimizin adını “türk dili” qoyaq. Amma çoxu buna qarşı çıxdı… O zaman mərhum akademikimiz Ziya Bünyadov çıxıb dedi, kim özünü türk sayırsa, güzgüyə baxıb desin ki, sən də türksən, mən də. O demək deyil ki, Ziya Bünyadov anti-türk təbliğatı aparıb? Qoy hamı Bünyadovun kitablarını oxusun, onun türk tarixinə, etnosuna verdiyi yüksək qiyməti görsün. Bünyadov həqiqi tarixçi idi. Başa düşürdü ki, hamımız türk deyilik. Həqiqəti deyirdi. Bünyadov kimi tarixçilərimiz indi azdır. Bu yaxınlarda Şahbaz Xuduoğlu dedi ki, gəlin, ümumiyyətlə, Azərbaycan dilindən imtina edək, Türkiyə türkcəsini qəbul edək. Həmin türk dili daha çox türk dilidir, yoxsa bizim danışdığımız? Bunun özü də sualdır. Çoxları bilmir. İndi Türkiyədə danışılan türk dilinin yaradıcısı erməni Akop Martayandır. Ona Türkiyədə “dilaçar” deyirlər. İnternetdə axtarın, bu adam kimdir? 1930-cu illərdə Atatürk türk dilini ərəb və farsdan təmizləmək üçün həmin Akopu dəvət edir ki, gəl, müasir türk dilini yarat. Atatürk də ona “dilaçar” adı verir. Akop da təklif edir ki, Mustafa Kamalın adı “Atatürk” olsun. Bunu bizdə bilən çoxdurmu? Bəlkə də, Martayan Türkiyə dövlətinə sadiq olub, bilmirəm. Amma faktı deyirəm. Müasir Türkiyənin türk dili süni bir dildir. 1990-cı illərin əvvəllərində bizdə Türkiyə türkcəsini çoxu tam başa düşmürdü. Şəxsən mən də. Çünki bizim dildən fərqi çox idi. Onların filmlərinə baxır, mahnılarına qulaq asırıq. Əlaqələr genişlənib və artıq onları başa düşürük. Ona görə də bu məsələyə elmi yanaşmalı, həqiqəti deməliyik. Uydurmalara getməməliyik. Bunun həm ölkədaxili etnoslar arasında, həm də xarici münasibətlərimizə nə dərəcədə təsir etdiyini başa düşməliyik. Kimsə hay-küylə “tariximiz ancaq tükdür” deyirsə, özünü kasıblaşdırır. Azərbaycan xalqının dini İslamdır – ərəblərdən gəlib, xalqımızın Novruz bayramı İran mənşəlidir. Bunu necə fırlatmısınızsa, indi də fırladın. “İran” yalnız “fars” demək deyil. İran qədim tarixə, mədəniyyətə malik ölkədir. İranın da çoxlu etnosları olub. İran ancaq indiki İran deyil. Qədim zamanda Orta Asiya da məhz İranın tərkibi olub. Əhəmənilərin, Sasanilərin vaxtında Novruz rəsmi dövlət bayramı olub. O demək deyil ki, indi İranla münasibətimiz pisdir, Novruz türk bayramıdır. Xeyr. Türk bayramı deyilsə, Novruzdan imtina etmək də düzgün olmaz. Hətta talışlar, kürdlər, tatlar İrandilli etnoslardır. Bir sözlə, özümüzü kasıblaşdırmayaq. Biz geniş tarixə, mədəniyyətə məxsus xalqıq, millətik. Gəlin, özümüzü bir etnosa bağlamayaq”.