• 02 Dekabr 2024 01:10

“Ermənistan  yenə də Qərblə Rusiya arasında o yan-bu yana qaçır…”

“Ermənistan  yenə də Qərblə Rusiya arasında o yan-bu yana qaçır...”

 

“Əslinə qalsa, hazırda Ermənistan açıq şəkildə göstərir ki, o, Praqada və Soçidəki çoxtərəfli görüşlər və imzalanmış sənədlərdə  Azərbaycanın ərazi bütövlüyünü tanıyıb. İndi isə elə bir mərhələ gəlib ki, artıq bu məsələ ikitərəfli görüş və imzalanacaq sənədlərdə də tanınsın. Amma indi Paşinyan hakimiyyəti buna getmək istəmir”. 

Bunu Moderator.az-a açıqlamasında keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov bu günlərdə ABŞ dövlət katibi Entoni Blinkenin “Azərbaycan və Ermənistan tezliklə sülh sazişi üzrə razılıq əldə edə bilər” bəyanatı və Ermənistan baş naziri N.Paşinyanın guya Azərbaycan tərəfinin sülh danışıqlarına maneə yaratması haqdakı fikirlərinə münasibət bildirərkən söyləyib.

“Bilirsiz, 1991-ci ilin dekabrında Alma-Atada imzalanmış bəyannamə, həmçinin BMT-nin nizamnaməsi də çoxtərəfli sənəddir. Həmin sənədlərə əsasən Ermənistan Azərbaycanın ərazi bütövlüyünü de-fakto və de-yure tanıyıb. Amma bizə lazımdır ki, Ermənistan iki tərəf arasında imzalanmış sənəddə də bizimlə qarşılıqlı olaraq ərazi bütövlüyümüzü tanısın. Əks halda, elə həmin Alma-Ata bəyannaməsi əsasında Ermənistanın Tacikistanın ərazi bütövlüyünü tanımasıyla Azərbaycanın ərazi bütövlüyünü tanıması arasında heç bir fərq yoxdur. Ancaq Ermənistanın Tacikistanla heç bir problemi yoxdur axı, bizimlə var… Lakin rəsmi İrəvan deyir ki, imzalanacaq sənəddə Qarabağdakı ermənilərlə bağlı hansısa hüquqlar və təhlükəsizlik mövzusu da  qeyd olunmalıdır. Halbuki, biz deyəndə ki, Qərbi Azərbaycandan qovulmuş soydaşlarımız öz tarixi dədə-baba yurdlarına qayıtmalıdır, Ermənistan bunu ərazi iddiası kimi qəbul edir. Bəs necə olur, Azərbaycan ərazisindəki ermənilərin haqqlarından danışmaq ərazi iddiası olmur, amma biz Ermənistanda yüz illərlə yaşamış soydaşlarımızın yaşam haqqlarından danışanda bu, ərazi iddiası kimi dəyərləndirilir?” -deyə açıqlamasının davamında politoloq sual edib.

“Bir sözlə, hadisələrin gedişindən, verilən bəyanatlardan və s. belə anlamaq olur ki, Ermənistan məntiqi baxımdan Qərblə Rusiya arasında küncə sıxışdırılıb. Ancaq ABŞ dövləti də artıq görür ki, kim sülh prosesinə qarşı maneələr törədir və kim həmin prosesi dəstəkləyir. Azərbaycan Prezidentinin son bəyanatları da onu göstərir ki, vəziyyət təxminən belədir. İndi, təbii, ermənilər də həmişə olduğu kimi, öz günahlarını kiməsə yükləmək istəyirlər. Bu yandan da görürük ki, Lavrovla Mirzoyan görüşündə də hansısa ikimənalı fikirlər səsləndirilir… Yəni yenə də Ermənistan Qərblə Rusiya arasında o yan-bu yana qaçır. Amma heç yana qaça bilən deyillər. Sadəcə, vaxtı uzada bilərlər”- deyə sabiq baş diplomat vurğulayıb.

Tacxeber.com

Oxşar xəbərlər