• 26 Dekabr 2024 18:52

BMT-də İran və Ermənistan haqqında sərt sözlər – Video

BMT-də İran və Ermənistan haqqında sərt sözlər - Video

 

Martın 24-də İsveçrənin Cenevrə şəhərində BMT İnsan Haqları Şurasının tədbirləri davam edib. Martın 20-dən tədbirlərdə iştirak edən hüquq müdafiəçisi, “Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyinin eksperti Azər Həsrət həftəsonu tədbirində İranda Azərbaycanlıların hüquqları və Ermənistanın etnik təmizləmə əməlləri haqqında danışıb.

Azər Həsrət qeyd edib ki, “İran rəsmi islam dövlətlərindən biri olaraq təəssüf ki, dindən fars olmayan millətləri sıxışdırmaq üçün bəhanə kimi istifadə edir”.

O, əlavə edib ki, “bəzi təxminlərə görə, İranda 30-40 milyon arası Azərbaycan türkü yaşayır. Lakin təəssüf ki, bu insanların hələ də ana dilindən istifadə hüququ yoxdur. İran bu “azlıq” üçün türk dilində məktəb təşkil etmək məsələsində sinifdə qalıb. Daha dəhşətlisi isə budur ki, məktəb yaşına çatmış uşaqlar fars dilini bilməzsə təhsil almaq üçün qeydiyyatdan keçə bilməz”.

Hüquq müdafiəçisi sonra bildirib ki, “TV kanalları da daxil olmaqla İran mediası üçün ölkənin türk dilində danışan bütün insanlarını təhqir etmək adi haldır. İranın Azərbaycan türklərinin çoxluq təşkil etdiyi əyalətlərində iqtisadi vəziyyət ölkənin digər bölgələrinə baxanda olduqca pisdir”.

Təbii fəlakət zamanı İranın öz əhalisinə biganə yanaşdığı da natiqin çıxışında qeyd edilib: “28 yanvar 2023-cü ildə Qərbi Azərbaycanın Xoy şəhərində baş vermiş zəlzələ zamanı İran hökuməti başqa insanların bu əhaliyə yardım etməsini əngəllədi. Hökumətin özü də möhtac insanlara yardım məsələsində sinifdə qaldı”.

Sonda Azər Həsrət Ermənistanın da İran kimi başqa millətlərə dözümsüz yanaşmasını diqqətə çatdırıb: “Bənzər şəkildə İranın qonşusu – Ermənistan da azlıqlar üçün insan haqlarını təmin etməkdə sinifdə qalır. Haradasa 230 min azərbaycanlı 1988-ci il və sonrasında Ermənistanda etnik təmizləməyə məruz qalıb. Bundan sonra Ermənistan dünyanın az saylı monoetnik ölkələrindən birinə çevrilib”.

Əlavə edək ki, BMT İnsan Haqları Şurasının 52-ci sessiyası fevralın 27-də başlayıb və aprelin 4-də başa çatacaq. Sessiyada dövlət rəsmiləri ilə yanaşı vətəndaş cəmiyyəti təmsilçiləri də iştirak və çıxış edir.

Tacxeber.com

Oxşar xəbərlər