• 22 Noyabr 2024 22:17

Zərərçəkmiş: ““12-ci imam Mehdi“yə 14 min manat zəkat vermişəm” 

Zərərçəkmiş: ““12-ci imam Mehdi“yə 14 min manat zəkat vermişəm” 

 

Özünü “12-ci imam Mehdi” kimi təqdim edən şəxsə hər ay 150 manat zəkat vermişəm, ümumilikdə 14 min 400 manat ziyana düşdüm”.

“Report” xəbərinə görə, bunu Bakı Ağır Cinayətlər Məhkəməsində 40 nəfərə qarşı dələduzluq etməkdə ittiham olunan Aqil Babayevin cinayət işi üzrə qapalı keçirilən məhkəmə iclasında zərərçəkmiş qismində Əli Quliyev deyib.

Hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş bildirib ki, təqsirləndirilən şəxslə 2013-cü ildə qohumu Emin Həsənov vasitəsilə tanış olub:

“Aqil Babayev dini söhbətləri ilə insanları ələ alırdı. Daha çox mövzular imam Mehdinin zühuru ilə bağlı idi. Onun dini savadı mənim diqqətimi çox çəkdi. Mənə dedi ki, günahlarının bağışlanması üçün zəkat verməlisən. Onun tapşırığı ilə hər ay zəkat verməyə başladım. Bundan əlavə, Ramazan aylarında fitrə, Qurban bayramında pul, ad günlərində bahalı hədiyyələr alırdım. Aqilə 2013-cü ildən 2021-ci ilə qədər hər ay minimum 150 manat olmaqla ümumilikdə 14 min 400 manat zəkat verdim. Onun yalanını 2021-ci ildə mömin qardaşlardan biri vasitəsilə bilmişəm. Mənə dedilər ki, Aqil zəkat pullarını mənimsəyib və din pərdəsi altında saxtakarlıq edərək hamımıza yalandan imam olduğunu söyləyib. Mən 8 il ərzində mən Aqilin ideal insan olmasının şahidi olmuşam”.

A.Babayev zərərçəkmişin dedikləri ilə razı olmadığını söyləyib. Təqsirləndirilən şəxsin sözlərinə görə, zərəçəkmiş Ə.Quliyev onunla qonşuluqda kirayədə yaşayıb: “Aramızda qonşuluq münasibətləri yarandı. Həm də Əli texnikanı yaxşı bildiyinə üçün arada onu kompüter və telefonumda problem yarananda köməyə çağırırdım. Mən ondan heç bir zəkat tələb etməmişəm. O, başqaları kimi pul toplayıb kiməsə verirdi”.

Daha sonra prosesdə digər zərərçəkmiş qismində Azər Cəfərov ifadə verib. O bildirib ki, 18 yaşından ibadətlə məşğuldur: “Uşaqlıqdan bizim əqidəmizdə əhli-beyt imamlarına məhəbbət və imam Mehdinin intizarında olmaq arzusu olub. Mənim iki ali təhsilim var. Dini suallarıma əksər mollalar cavab verə bilmirdi. Sonra Aqillə məsciddə tanış oldum. Mütəmadi olaraq onun təşkil etdiyi məclislərdə iştirak etmişəm. O, məni sanki ovsunladı və bütün suallarıma istədiyim cavabı aldım. Aqil çox kasıb yaşayıb”.

Daha sonra təqsirləndirilən şəxsin vəkilləri ilə zərərçəkmişlər arasında mübahisə yaranıb.

Məhkəmə aprelin 5-dək təxirə salınıb.

Qeyd edək ki, ittihama görə, A.Babayev zərərçəkmişlərə ümumilikdə 2 milyon 500 min manat miqdarında ziyan vurub.

İttihama görə, A.Babayev inanclı insanlar arasında özünü zühur etmiş “12-ci imam Mehdi” kimi təqdim edib. O, təşkil etdiyi dini məclislərdə guya yer üzünə ilahi qüvvə tərəfindən yaxşılıqlar və maddi çətinliyi olan insanlara köməklik etmək məqsədi ilə göndərildiyini, axirət əzabından xilas olmaq üçün ona inanmağın vacib olduğunu bildirib. Bu yollarla insanları təsiri altına salan A.Babayev hər ay ona pul ödənişləri edilməsini tələb edib və topladığı maddi vəsaitlərin guya kasıb insanlara onun vasitəsilə paylanıldığı görüntüsü yaradıb.

Hətta A.Babayevin zərərçəkənlərin etibarından sui-istifadə edərək Vətən müharibəsi dövründə şəhid və qazi ailələri üçün guya bina tikib, onların mənzillərlə təmin edilməsi adı altında da külli miqdarda pul vəsaitini ələ keçirdiyi ortaya çıxıb. O, topladığı vəsaitlər hesabına xeyirxah əməllər etmək əvəzinə öz şəxsi güzərarını yaxşılaşdırıb və Bakı şəhərində bahalı mənzillər, avtomobillər alıb. A.Babayevin ətrafında aparılan əlavə araşdırmalar zamanı tabeliyində olan insanların onun sözündən çıxdığı təqdirdə onlara müxtəlif zorakılıq hərəkətləri edərək şərəf və ləyaqətlərini alçaltdığı da müəyyən edilib.

A.Babayevin barəsində Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham elan edilib.

Tacxeber.com

Oxşar xəbərlər