• 27 Dekabr 2024 06:26

Erməni təxribatına qarşı çıxan İbişov İsveçdə niyə saxlanılmışdı?

 

Xəbər verdiyimiz kimi, AÇ-2024-ün seçmə mərhələsində keçirilən İsveç – Azərbaycan (0:5) oyununda ermənilər təxribat törədib.

Onlar qarşılaşmada qondarma rejimin bayrağını və dəstək pankartı açmışdı.

Daha sonra İsveç təhlükəsizlik əməkdaşlarının müdaxiləsi ilə pankart aradan qaldırılmışdı. Lakin həmin vaxt paylaşılan görüntülərdə Azərbaycan milli komandasının təhlükəsizlik xidmətinin baş mütəxəssisi Elnur İbişovun İsveç polisi tərəfindən saxlanılması da yer almışdı. Sosial şəbəkələrdə paylaşılan videoda ermənilərin də polis tərəfindən aparıldığı yazılsa da, məsələ başqa cür olub. Belə ki, əslində, erməni təxribatının qarşısını almaq istəyən Elnur İbişov tribunalardan uzaqlaşdırılıb.

Hadisənin mərkəzində olan Elnur İbişovla əlaqə saxlayıb baş verənləri öyrəndik. O, əvvəlcə hansı səbəbdən ermənilərin olduğu tribunalara getdiyini izah etdi: “Təxribatla bağlı əvvəlcədən məlumat var idi. AFFA bununla bağlı UEFA-nı da xəbərdar etmişdi. Onların hansı sektorlarda olacağını da bilirdik. 105-106-107-108-ci sektorlarda toplaşacaqdılar. Oyun günü UEFA və yerli polislə görüşdük. Onlar bizi əmin etdi ki, heç bir banner və ya bayraq keçirilməyəcək. Həmçinin bildirdilər ki, bizə Azərbaycan səfirliyindən məlumat gəlib. Biz də rahatlaşmışdıq. Fasilədə bizim azarkeşlərin yanına gedəndə orada şübhəli bir neçə nəfər gördüm və təhlükəsizliyə məlumat verdim. İkinci hissə başlayanda hamı gördü ki, ermənilər pankart çıxardılar, qondarma rejimin bayrağını açdılar. Gördüm ki, pankart yığışdırılsa da, bayraqları gödəkçələrinin içinə qoyub, yenidən çıxarırlar. Düşündüm ki, gedim ora. Mən polislərə çatan kimi dedim ki, bayraqları alın. Polis almaq istəyəndə ermənilər imkan vermədi. Sonra özüm müdaxilə edib birinin bayrağını aldım. Sol tərəfdə biri var idi, ondan da bayrağı götürdüm. Qalanı da qaçdı. Polislər isə məni tutdu, qoymadı. Sonra ermənilər bayrağı istədilər, polisə şikayət etdilər. Onlar da bayrağı almaq istədi, vermədim və məni apardılar. Əsas məsələ o idi ki, görüntülərdə ermənilərin etdiyi yer almasın. Mənim etdiklərimdən sonra erməniləri apardılar”.

E.İbişov daha sonra polisin yerləşdiyi əraziyə aparılıb: “Polislər dedi ki, bayrağı ver. Hüquq-mühafizə orqanlarının xüsusi dəstəsi məni başqa yerə apardı. AFFA-nın baş katibi Sərxan Hacıyev məsələyə müdaxilə etdi. Mənə deyirdilər ki, diz çök, Sərxan Hacıyevlə də aqressiv danışdılar. Daha sonra türk olan bir polis gəldi, rütbəli şəxslərdən idi. Sərxan müəllimə bildirdi ki, hər şey sakitləşəndən sonra onu buraxacağıq. Birbaşa hotelə apardılar, milli komandanın yanına getməyə qoymadılar”.

Təhlükəsizlik xidmətinin əməkdaşı bildirib ki, paylaşılan görüntülərdə onun haqqında yanlış informasiya verilib: “Hər bir azərbaycanlı mənim etdiyimi edər. Başa düşmürəm ki, niyə məni erməni kimi təqdim edirlər. Görüntüləri verib üstünə “erməni saxlanıldı” yazırlar. Polislər aparanda ermənilər fitə basırdılar  və mən də onlara cavab verirdim. Paylaşımlarda orada fit çalanları azərbaycanlı kimi təqdim edirlər, məni erməni kimi. Bu, məni çox əsəbiləşdirdi”./Qafqazinfo

Tacxeber.com

Oxşar xəbərlər