Qurban Qurbanov: “Çox istəyərdim ki, Azərbaycan çempionatı ilə Türkiyə çempionatı birləşsin”
“Qarabağ” yoldaşlıq oyunu çərçivəsində Bakıda Türkiyənin “Qalatasaray” klubuna 1:2 hesabı ilə məğlub olub.
Tacxeber.com Sportal.az-a istinadən xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb:
– Azarkeşlərimizə təşəkkür etmək istəyirəm. Çox möhtəşəm atmosfer var idi. Bütün təşkilatçılara da təşəkkür düşür, ki, bu cür şərait yaratmışdılar. Oyundan razı qaldım. Azarkeşlər üçün bol qol epizodu olan maraqlı matç alındı. Belə oyunlar həm futbola sevgini daha da çoxaldır, həm də bizə böyük təcrübə verir. Bu qarşılaşmadan çox şey qazandıq. Amma oyunun əsas mahiyyətini bilirik hamımız. Yardım məqsədi ilə keçirilən matç idi. Azarkeşlərə bu oyuna dəyər verdiyinə görə təşəkkür edirəm. “Qalatasaray”a uğurlar arzulayıram. Böyük işlər görürlər, yaxşı performans göstərən komandadır. Türkiyə çempionatında onlara uğurlar arzu edirəm.
– “Qalatasaray” bura bir gün əvvəl gəlib, məşq edib jurnalistlər önünə çıxa bilərdi. “Miks” zona da olmadı. Buna münasibətiniz necədir? Bu qədər təşkilatçılıq üçün 10 dəqiqə əlavə vaxt ayırmaq olmazdı?
– Məncə, inciyəcək bir şey yoxdur. Ətrafımda söhbət edəndə deyirəm ki, evdə xeyir iş olur, toy olur, o qədər insan narazı gedir ki. Amma mahiyyət odur ki, xoşbəxt olsunlar, yaxşı ailə qursunlar. Bu xırda detallara görə incimək bizə düşməz. Bunlar böyük klublardır. Onların işi, hər günü, hər saatı işləri üçün böyük dəyərdir. Bəzən özümüzdə də olur ki, deyirik ki, tələsirik. Bu, ilk görüşdü. Belə oyunların son vaxtlar olması yadıma gəlmir. Çatışmazlıqlar həmişə olur. Bəlkə öz tərəfimizdən də olur. Əsas oyunun mahiyyətini düşünək. Dostlarımızdan, qardaşlarımızdan küsməyə haqqımız yoxdur. Biz qardaşıq, belə fikrin olmaması daha yaxşıdır. Onları gülə-gülə, təşəkkür edərək yola salırıq.
– Əliyar Ağayev “Qarabağ”a bir penalti borclu qaldı?
– Yoldaşlıq oyunlarında, yoxsa çempionatda (gülür). Biz kimdənsə borc almaq istəmirik. Ehtiyacımız da yoxdur. Var idi ki, verdi penaltini. VAR sistemi olmalıydı. Demək ki, penalti var idi, baxmadılar. Belə şeylərə görə hakimlərin üzərinə getmək düzgün olmaz. Yoldaşlıq oyunu olsa da, idarə etmək asan deyildi. Rəqibin futbolçularının ilk yarıda narazılıqları oldu hakimə və bizim oyunçulara qarşı. Sərt oyuna görə. Onları başa düşmək olar. Çünki, dəyərli, bahalı oyunçuları var. Biz də istəmərik ki, zədə alsınlar. Əliyar Ağayev daha çox səhv etməkdən narahat idi. İstəməzdi ki, bizə və ya “Qalatasray”a qarşı səhv etsin. Bizə heç kimin borcu yoxdu.
“Qarabağ”ın heyətində “Qalatasaray”da oynaya biləcək neçə oyunçu var?
– Bir cavab verə bilməyəcəm. Çünki mənim futbolçularım burada oynamaq üçün daha çox layiqdirlər. Tam fərqli liqalardır, fərqli kollektivlər və oyun üslubları var. Hər bir futbolçumu orada görmək istəyərəm. Hər futbolçum bəlkə də çox tez uyğunlaşar o komandaya. Amma ümumən burada “Qalatasaray”ın futbolçularının ustalığını daha yaxından tanıdım. Ustalıqlarına söz yox idi. Burada daha çox dəyər verdim. Canlı gördüm. O qiymətdə, dəyərdə oyunçulardır.
– “Qarabağ”ı izləmək qürurlu idi. Dostluq görüşü olsa belə, oyunu necə dəyərləndirirsiniz? Yayda bu dostluq-qardaşlıq matçları davam edəcək?
– “Qalatasaray” rəhbərliyinə təşəkkür edirəm ki, belə oyun keçirməyə razılıq verdilər. İlk dəqiqələrdə hiss olundu ki, bu, dostluq matçıdır. Qarşılaşma daha sakit, aqressiv olmayan tərzdə başladı. Amma futbol elə oyundur ki, oynadıqca aqressiya artır, istək çoxalır. “Qalatasaray”ın gücünü də nəzərə almaq lazımdır. Demək olar ki, onlar bütün matçlara ilk dəqiqələrdən sürətli, aktiv başlayırlar. Standart vəziyyətdən qol buraxdıq. Amma hər komandada ilk dəqiqələrdə böyük komandalara qarşı oynayanda stress və həyəcan olur. Bizim təcrübəmiz var idi. Bu gün də hiss edildi. Belə kluba oynasaqda, get-gedə oyunu ələ almağa başladıq və xeyli qol şanslarımız oldu. Futbolçularımdan razı qaldım. Çox istəyərdim ki, digər futbolçularım da burada olsun. Bəlkə daha baxımlı oyun olardı. Çox istəyərdim ki, Azərbaycan çempionatı ilə Türkiyə çempionatı birləşsin və milli liqa keçirilsin. “Beşiktaş”ı, “Fənərbaxça”nı burada daim görək. Qarşıda bu cür oyunların keçirilməsi üçün bu gün gözəl başlanğıc oldu. Biz futbolçularımızın inkişafı üçün belə oyunların keçirilməsindən daha çox istifadə etməliyik. Bu cür matçlar futbolu azarkeşə sevdirir, futbolçuya inam verir. Baxmayaraq ki, bizim çempionatımızla Türkiyə Super Liqası arasında böyük fərq var. Ancaq belə oyunlar keçiriləndə, azarkeşlər, futbolçular, klub rəhbərlərinin futbola sevgisi, inamı böyüyür. İstəyərdim ki, qardaşlarımızla bu cür görüşlərimiz çox olsun. Biz həmişə hazırıq. Ən çox narahat olduğum, dostların bir-birinə qarşı futbol oynamasıdır. Orada həmişə oyunun gedişatında, sonunda narazılıqlar olur. Bu da futbolun silinməyən prinsiplərindəın biridir. Türkiyə xalqına uğurlar arzulayıram, futboluna da həmçinin. Biz həmişə bir-birimizin yanındayıq. Qarşıda görüşmək ümidilə.
– Donald Geryeni bugünkü oyundan sonra komandanızda görmək istəyərdiz? Amin Ramazanov nəyi göstərə bildi?
– Gerye hazırda “Zirə”nin futbolçusudur və fikir bildirə bilməyəcəm. Hələ ki, bizim heyətimizdə yoxdur. Aminə gəlincə, məncə, özünü yaxşı tərəfdən göstərdi. Hiss olunurdu ki, ilk dəqiqələrdən həyəcanlıdır. Futbolçunun böyüməsi üçün belə oyunlarda səhv edib, iştirak etməsi önəmlidir. Sona qədər soyuqqanlı, rahat və inamlı çıxış etdi. Yoldaşlıq oyunu olması da ona kömək etdi. Rəsmi oyun olduqda, futbolçu səhvdən daha çox qorxur. Amindən razı qaldım. Özünü yaxşı tərəfdən göstərdi.
– Milli komandada olan oyunçularınız heyətdə olsaydı, nəticə tam fərqli alınardı?
– Nəticəni deyə bilmərəm, amma daha baxımlı oyun olardı. Bəlkə matçın sonuna kimi dinamikanı qoruya bilərdik. Sona yaxın gücümüz azaldı. “Qalatasaray” da tam heyətlə deyildi. Nəticəyə bir söz deyə bilmərəm, amma digər futbolçular olsaydı, daha baxımlı oyun alınardı.
– Yay mövsümü gələndə rəhbərlik deyir ki, Qurban Qurbanov kimi istəsə onu da alacağıq, ancaq sonda 1-2 transfer olur. Növbəti mövsüm üçün daha bir neçə oyunçu transfer edilə bilər?
– Əvvəlcə çempionatı uğurlu başa vurmalıyıq. Sonra qrupa qədər digər oyunlarımız var. Ora düşməli, yaxşı oynamalıyıq. Avrokuboklarda daha irəli getmək üçün xeyli şanslarımız oldu. Bəzən haqq etdiyimiz yerdə qələbə bizimlə oldu. Bəzən, haqq etmədiyimiz yerdə qələbə bizim olub. Nəticə vermək üçün yaxşı komanda formalaşdırmalıyıq. Bunun üçün də ilboyu, daim gələcək üçün, hər transfer pəncərəsi üçün oyunçu axtarırıq, futbolçuları izləyirik. Vaxtımız da olmasa, bunu edirik. Bəli, rəhbərlik deyir ki, hansı oyunçunu istəsə gətirəcəyik. Hər şeyə real baxmaq lazımdır. O qədər futbolçu olub ki, razılaşmışıq, sonda alınmayıb. İstədiyimiz oyunçular olub ki, bizim verdiyimizdən daha az məbləğə başqa çempionata gediblər, bizə gəlməyiblər. Ola bilər ki, digər liqalardan Avropaya çıxmaq daha asandır. Oyunçular getsə də, komandamızı stabil qoruyub-saxlaya bilmişik. Minimum yerimizdə qalmağı bacarmışıq. Qarşımızdakı məqsədimiz odur ki, minimum olduğumuz yerdə qalaq. Əgər bu gün “Real” ÇL-i udursa, niyə hər il uda bilmir? İspaniya çempionu olursa, niyə hər il təkrarlaya bilmir? Hər klub bunun üçün işlər görür. Bir komanda olsa, marağı da qalmaz. Bizim üçün heç də asan deyil ki, istədiyimiz futbolçuları gətirək. Məbləğdən də başqa nüanslar var. Ancaq hazırlığımız gedir, daim oyunçu axtarırıq. Bir neçə oyunçu gətirmək istəyirik. Alınacaq çox gözəl, alınmayacaq əlimizdə olanlarla daha çox çalışacağıq. Bir şeyi bilin ki, klub və komanda olaraq çox ciddi yanaşırıq bu işlərə, çox məsuliyyətliyik. Tək özümüz üçün yox, xalqımız üçün yaxşı nəticələr əldə etmək istəyirik. Futbolçular bunu anlayır. Nəticə olmaya bilər, amma əmin olun ki, biz ürəkdən oynayırıq.
– Klub rəhbərliyi xəsislik etmir transferlərdə?
– Narahat olası bir şey yoxdur. Futbolçuların nəyə görə gəlmədiklərini dedim.
– Stadionda “Qalatasaray” azarkeşləri daha çox idi. Nəzərə alaq ki, bu komandalar rəsmi matçda da qarşılaşa bilər…
– Məncə, Bakıda rəsmi matç olsa, bizim azarkeşlər daha çox olacaqlar. Türkiyədə isə əlbəttə onların azarkeşləri. İnanın ki, hamısını öz azarkeşimiz kimi hiss edirdim. Hər şeydən razı qaldım. Əminəm ki, rəsmi matçda bizimkilər daha çox olacaq.
Tacxeber.com