• 22 Noyabr 2024 23:51

“Orucam, hacıyam, namazqılanam, bilirəm ki, israfçıları Allah da sevmir”

 

Hazırda müsəlmanların müqəddəs Ramazan ayını yaşayırıq. Ramazan ayının ilk günündən bəri iftar vaxtı restoranların qarşısında növbələrin yarandığının şahidi oluruq. Hər bir restoranın iftar menyusunun çeşidləri və qiyməti fərqlidir.

Restoranlarda adambaşı iftar süfrəsinin qiymətləri fərqlidir. Cəmiyyətdə iftar süfrələrinin restoranlarda verilməsinə münasibət isə birmənalı deyil. “Oruc kasıbın halını anlamaq üçün tutulursa, təmtəraqlı iftar süfrəsinə bu qədər pul xərcləmək nəyə lazımdır?” “Bu israfçılıqdır” kimi fikirlər tez-tez səsləndirilir. Mövzu ilə bağlı bir neçə ay öncə Həcc ziyarətindən gələn aşıq Namiq Fərhadoğlu Yenisabah.az-a danışıb.

Dəbdəbəli iftar süfrələrindən danışan sənətçi bunun israfçılıq olduğunu qeyd edib. Onun sözlərinə görə, iftar süfrələri elə açılmalıdır ki, orada sosial təbəqələşmə aparılmasın:

“Kimsə iftar süfrəsini evdə yox, restoranda vermək istəyirsə, burada bir qəbahət görmürəm. Şükürlər olsun, mən özüm də hal-hazırda orucam, hacıyam, namazqılanam. Mən də olub ki, dost-tanışla oturmuşam yemək yemişəm, iftar açmışam. Sadəcə burada bir məqam var: yeyə biləcəyin qədərini sifariş etmək. Stolun üstünü müxtəlif təamlarla doldurmaq nəyə lazımdır? Nə qədər yeyə biləcəksənsə, o qədər demək lazımdır. Bu, Quranda da yazılıb, israfçılıq edənləri Allah sevmir”.

Hazırki iftar menyularından xəbərsiz olduğunu deyən aşıq süfrəyə yeyəcəyindən artıq təamların sifariş verilməsini düzgün hesab etmədiyini bildirib:

“Açığı, hazırda restoranlardakı iftar menyularının qiymətlərindən xəbərim yoxdur. Mən getdiyim bəzi restoranlar var, orada da iftar menyusu sifariş verməmişik, oturmuşuq, nə istəyiriksə, onları sifariş etmişik. Ancaq yediyimizin pulunu vermişik, artıq nə isə sifariş verib israfçılıq etməmişik. Məsələn, 5 nəfər oturmuşuqsa, 100-120 manat hesab gəlib, bu qiymət də yerə görə dəyişir. İftar süfrəsi toy süfrəsi deyil ki, dəbdəbəli olsun. Belə süfrələr son vaxtlar mənim rastıma çıxmayıb. Ümumiyyətlə, 10 aydan çoxdur ki, Həcc ziyarətindən gəldikdən sonra restoranlara çox getmirəm. Yalnız toy məclisləri olduqda, nadir hallarda da yaxın dost-tanışımla harasa gedirəm. Ona görə də hazırki iftar menyuları ilə bağlı ətraflı məlumatım yoxdur, qiymətlərindən xəbərsizəm”.

Tacxeber.com

Oxşar xəbərlər