• 10 Dekabr 2024 16:36

Ac olanda əlləriniz əsir və ürək döyüntüləriniz artır? – Bu 3 problemlə bağlı ola bilər

“Bir çox insanlar arıqlamaq üçün, adətən, pəhriz saxlayır və bu, orqanizmin kifayət qədər enerji almaması səbəbindən qanda şəkərin miqdarının aşağı düşməsinə, nəticədə həyəcana və əllərin əsməsinə səbəb ola bilər…”

Lakin əllərin əsməsi və ürək döyüntülərinin artması patoloji səbəblərlə, əsasən, orqanizmdə 3 problemlə bağlı ola bilər, bunu görməzdən gəlməyin.

Tacxeber.com xəbər verir ki, bu barədə Çinin “Sohu” nəşri yazıb.

Bizim orqanizmimiz qida qəbulu hesabına normal balansı saxlayır və biz sağlam qalırıq. İnsan uzun müddət qida qəbul etmədikdə kəskin aclıq zamanı onda başgicəllənməsi meydana çıxır.

Orqanizm kifayət qədər enerji almadığından siz bütün bədəninizdə zəiflik hiss edə bilərsiniz və ovqatınız korlana bilər. Bəzən siz həyəcan və əsmə hiss edə bilərsiniz.

Çoxlarınız şəkərli diabetin erkən əlamətlərinin ürək döyüntülərinin artması və əllərin əsməsi (tremor) olduğu barədə məlumatlıdır. Ona görə də belə əlamətlər olduqda şəkərli diabetin olduğundan ehtiyyatlanırsınız. Digərləri güman edir ki, aclıq zamanı bu əlamətlər normal fizioloji reaksiyadır.

Nədən aclıq zamanı əlləriniz əsir və ürək döyüntüləriniz artır?

Bu orqanizmdə aşağıdakı 3 problemlə bağlı ola bilər və onları görməzdən gəlmək olmaz.

Birinci problem: Qalxanabənzər vəzin xəstəlikləri

Qalxanabənzər vəz endokrin sisteminə aiddir. O, orqanizmdə hormonlar balansının saxlanılması üçün tiroksin maddəsi ifraz edir.

Qalxanabənzər vəzin xəstəliklərində endokrin pozuntuları və anomal maddələr mübadiləsi baş verir.

Əgər sizdə surətli metabolizm varsa, bu, hipoqlikemiyaya (qanda şəkərin miqdarının aşağı düşməsi) gətirib çıxara bilər.

Əgər vaxtında yeməsəniz, bədəninizdə enerjini bərpa etməyənədək əlləriniz əsəcək və ürək döyüntüləriniz artacaq. Ona görə də əlləriniz əsirsə, bunun, sadəcə, fizioloji hal olduğunu düşünməyin.

Ola bilər ki, bu, patoloji səbəblərlə bağlıdır və orqanizmin verdiyi siqnallar hər kəsi narahat etməlidir.

İkinci problem: Qanda şəkərin miqdarının aşağı düşməsi

Hal-hazırda bir çox insanlar arıqlamaq üçün, adətən, pəhriz saxlayır. Əgər siz uzun müddət qida qəbul etmirsinizsə, orqanizminiz kifayət qədər enerji almır, nəticədə qanda şəkərin miqdarı aşağı düşür, siz özünüzü həyəcanlı hiss edəcəksiniz və əlləriniz əsməyə başlayacaq.

Əgər bədəniniz kifayət qədər qida və maye alacaqsa, qanda şəkərin miqdarı qalxacaq və bu əlamətlər ötüb keçəcək. Əgər belədirsə, bu, sadəcə, fizioloji reaksiyadır və əsəbiləşməyə dəyməz.

Lakin əgər siz yemək yeyəndən sonra da aclıq hiss etməyə davam edirsinizsə, ürəyiniz tez-tez döyünür və əlləriniz əsirsə, ehtimal ki, bu, şəkərli diabetdən xəbər verir.

Üçüncü problem: Mədə-bağırsaq pozuntuları

Mədəniz həddən artıq mədə şirəsi ifraz edirsə, orqanizm mədəyə düşən qidanı tez həzm edir və siz yenidən aclıq hiss edirsiniz.

Əgər mədə şirəsi normadan artıqdırsa, bütün orqanizmdə aclıq hissi yaranır, təlaş, əllərin əsməsi, ürək döyüntülərinin artması baş verir.

Lakin yadda saxlayın ki, həddən artıq mədə şirəsi mədənin selikli qişasını zədələyir və bu, bütün mədə-bağırsaq yolunun selikli qişasına da aiddir. Beləliklə, bu, asanlıqla qastrit və xoralı kolit kimi mədə-bağırsaq yolunun fəsadlarına gətirib çıxarır.

Əgər sizdə tez-tez ürək döyüntülərinin artması və əllərin əsməsi ilə müşayiət edilən aclıq hissi yaranırsa, böyük ehtimalla, bu, qanda şəkərin miqdarı ilə bağlı deyil və siz qastroenteroloqun müayinəsindən keçməlisiniz.(Moderator.az)

Tacxeber.com

Oxşar xəbərlər