• 22 Noyabr 2024 17:12

Bahalaşma və şadlıq sarayları: “İndi toya salınan əlli manat əvvəlki deyil”

 

Şadlıq sarayları və restoranlarda menyu qiymətlərinin bahalaşması ilə bağlı sosial şəbəkələrdə məlumatlar var. Görünən odur ki, ölkəmizdə davam edən bahalaşma şadlıq sarayları və restoranlardan da yan keçməyib. Menyu qiymətlərinin əvvəlki illərə nisbətən kəskin baha olmasını bəziləri Ramazan ayına görə sifariş sayının azlığı ilə əlaqələndirirlər. Maraqlıdır, restoranlarda menyu qiymətlərinin artmasının səbəbi nədir? Bununla bağlı Oxu.Az-ın əməkdaşı restoranlar arasında sorğu keçirib. Şadlıq saraylarından birinin səlahiyyətlisinin sözlərinə görə, menyu qiyməti ziyafətdə iştirak edəcək şəxslərin sayına görə dəyişir:

“Ramazan ayı olmağına baxmayaraq, müraciət edənlər var. Tələbat o qədər də az deyil. Minimum menyu qiyməti bizdə 55 manatdan başlayır. Bu, sırf toy menyusunun qiymətidir. Ad günündə tamam fərqli olur. Menyu qiymətinin yüksək olduğunu düşünmürəm. Tələbat da o qədər az deyil ki, artım və ya azalma olsun”.

Digər bir şadlıq sarayından verilən məlumata görə, tələbatın azlığı yanvar ayından müşahidə olunur:

“Tələbat çox aşağıdır. Yanvar ayından bu vəziyyətdəyik. Ramazana görə sifarişlər bir qədər də azalıb. Bu ayda toy etməyin qadağası yoxdur. Lakin insanların şüurunda elə qalıb ki, orucluqdur, toy etmək olmaz. Menyular bizdə köhnə qiymətlərdir. Artım olsa, əlimizdəki bir-iki toy sahibi də qaçacaq. 2023-cü il daxil olandan bu vəziyyətdəyik”.

Başqa bir restoran səlahiyyətlisi toyda iştirak edən şəxslərin sayının azlığından xüsusilə şikayətlənib:

“Tələbat çox aşağıdır. Toy edən yoxdur. Əvvəlki illərə nisbətən göstərici çox aşağıdır. Qiymətlərlə ayaqlaşa bilmirik. Bazar od tutub yanır. Məcbursan ki, qiymətləri qaldırasan. O zaman da müştəri olmayacaq”.

O, toylara maksimum 100-150 nəfər çağırıldığını deyib:

“Bizdə qiymətlər 45 manatdan başlayır. İndi toy edən də, biz də ziyana düşürük. Çünki toya salınan 50 manat əvvəlki illərdəki 50 manatla bir deyil. Bununla yanaşı, indi camaat 100-150 nəfərlə toy edir. Bu da koronavirus pandemiyasına görə sərt karantin rejimindən qalma vərdişdir. İndi 200-300 nəfərlik toy edən yoxdur”.

Restoranlardan birindən isə iaşə obyekti istifadəyə veriləndən menyu qiymətlərində dəyişiklik etmədikləri bildirilib:

“Tələbat xeyli azalıb. Bunu da Ramazan ayı ilə əlaqələndiririk. Bu ayda toy etmək olar. Sadəcə, spirtli içki olmaz. Amma orucluq ayında müraciət edən olmur. Tək-tük hallarda olur. Bu şadlıq sarayı açılandan minimum qiymət 50 manat üzərindəyik. İllər boyu da bu şəkildə işləmişik. Bahalaşmaya görə qiymətlər qalxdı. Biz eyni qiymətdə qaldıq. İnsanların cibini də fikirləşirik. Ümid edək ki, müraciət edən olar”.

Digər bir şadlıq sarayından isə menyunun 40 manatdan başladığı qeyd olunub:

“Müraciətlər həddən artıq zəifləyib. Bizdə menyu qiyməti 40 manatdan başlayır. Menyuya hər şey daxildir. Qiymətləri qaldırmırıq. Çünki müştərilərin cibini nəzərə alırıq”.

Başqa bir restoran səlahiyyətlisi ümumi durğunluğun olduğunu söyləyib:

“Ramazan ayına görə tələbat düşüb. Müraciət edən ümumiyyətlə yoxdur. Bu aylarda həmişə belə olur. Menyu 45 manatdan başlayır. Ümumi durğunluq var. Qiymətlə bağlı deyil”.

Şadlıq sarayı səlahiyyətlisi həftəsonlarına edilən sifarişlərin çoxluğundan danışıb:

“Sifariş çox zəifdir. Əsasən, həftəsonlarında müraciət edirlər. Həftəiçi daha azdır. Menyu qiymətləri münasibdir. 45-50 manatdan başlayır”.

Digər bir restorandan verilən məlumata görə, menyu 70 manatdan başlayır:

“Menyu qiymətlərinin dəyişməsi gözləniləndir. Təbii prosesdir. Standart menyumuz 70 manatdan başlayır. Lakin müştəri sayı da az deyil”.

Müşahidələrdən aydın oldu ki, ən aşağı menyu 40-45 manat üzərindədir. Əvvəlki illərdəki 30-35 manat olan menyuya, demək olar, rast gəlinmir.

Tacxeber.com

Oxşar xəbərlər