• 10 Dekabr 2024 14:40

“Telman Adıgözəlova “Nəsimi” filmindən sonra vurulmuşdum…”

 

“Həyatda heç nə hamar, düz olmur. Hansısa işə başlayanda mübarizə aparırsan, mücadilə verirsən. Özünü sübut etmək üçün ən çətin rolları oynamalısan. Bəsit rollar mənim üçün deyil. Mən bu gün də özümü təsdiq edirəm. Xalq artisti, rejissor Mərahim Fərzəlibəyov mənə deyirdi ki, “sən Azərbaycan teatr tarixində bəlkə də ən uzun monoloq söyləyən aktrisasan”. Teatr mənim yaşam tərzimdir, evimdir, həyatımdır. Yeganə məkandır ki, orada tam xoşbəxtəm. Elə tamaşalar var ki, mən onlardan heç doymamışam. 5-6 il oynamışam, sonra repertuardan çıxarıblar”.

Tacxeber.com xəbər verir ki, bunu moderator.az-a açıqlamasında xalq artisti, Akademik Milli Dram Teatrının aparıcı aktrisası Bəsti Cəfərova deyib.

“İndiyə qədər elə gözəl tərəf müqabillərim olub ki. Allah dünyadan köçənlərə rəhmət, qalanlara can sağlığı versin. Onların hamısından razıyam. “Nişanlı qız” tamaşasında həm İlham Namiq Kamalla, həm də Rafael Dadaşovla tərəf müqabili olmuşam. Allah rəhmət etsin, Siyavuş Aslan mənə deyirdi ki, “sən necə aktrisasan ki, Rafaellə başqa, İlhamla tamam başqa cür oynayırsan?”. Deyirdim axı, tamam müxtəlif insanlardır, belə də olmalıdır. Tərəf müqabillərim zəif olmayıb. Olubsa da belə, çalışmışam ki, onları da öz səviyyəmə qaldırım” deyə xalq artisti bildirib.

Xalq artisti bildirib ki, seriallarda çəkilməyə qrafiki imkan vermir.

“Mənə elə gəlir ki, gərgin qrafiklə seriallarda çəkilə bilmərəm, mənim üçün bu çətin olar. İllər öncə bir serialda çəkilirdim. İki seriyanı çəkib, şəkillərini yaydılar. Hind sujeti əsasında çəkilirdi. Mən razılıq vermişdim çəkilməyə, nə yaxşı ki, həmin serial alınmadı. Çünki qrafikim çox çətin idi. Universitetdə dərslərim, teatrda tamaşalarım var idi. Nə olursa yaxşılığa doğru olur. Son illərdə iki seriala dəvət almışdım, amma qəbul etmədim. Çünki komik rol idi. Mən teatrda tamaşalarda komik rol oynamışam, amma seriallarda oynamaq istəməzdim” deyə sənətkar bildirib.

Xalq artisti həmkarı, mərhum aktyor Telman Adıgözəlovla bağlı xatirələrini də danışıb.

“Mən gənc qız olanda Telman Adıgözəlovu sevirdim. “Nəsimi” filmində epizodik rol oynayırdı, bu filmdən sonra ona vurulmuşdum. Artıq mən universitetə, Tədris teatrına gələndə gördüm ki, Telman orada çalışır. Sözlü-söhbətli, zarafatcıl insan idi. Ona qarşı olan sevgim dostluğa çevrildi. Ölən gününə qədər biz onunla dost olduq. Mən ona komplimentlər deyəndə, o dəqiqə deyirdi ki, “sən məndən də böyük aktrisasan”. Onun bir xasiyyəti var idi ki, qarşısındakı insanı həmişə ucaldırdı. Hələ də Telmanın ölümünə inanmırıq. Biz dostlarına elə gəlir ki, Telman harasa gedib, qayıdıb gələcək. Telmanın yoxluğunu qəbul edə bilmirik” deyə sənətkar bildirib.

Xalq artisti qızı, teleaparıcı Fidan Cəfərovadan da danışıb.

“Fidan İncəsənət Gimnaziyasının rəssamlıq fakültəsini bitirib. Çox istəyirdim ki, qızım rəssam olsun. Mənə elə gəlirdi ki, rəssamlıqda əsəb yoxdur, oturub özləri üçün şəkil çəkirlər. Qızım məktəbi bitirəndə dedi ki, “elə bir sənət istəyirəm ki, ömür boyu mənə maraqlı olsun”. Ona görə də rejissorluğu seçdi. O illərdə də teatr studiyasında çalışan tələbələrlə bir tamaşa hazırlamışdım. Fidanı da ora cəlb etdim. Daha sonra bir tamaşada da Fidanı rejissor asistenti təyin etdilər. 2018-ci ildə “Qətibə İnanc” tamaşası səhnələşdiriləndə qızım mənim cavanlığımı oynadı. Hazırda da İctimai televiziyada aparıcı kimi çalışır” deyə sənətkar bildirib.

Tacxeber.com

Oxşar xəbərlər