• 23 Noyabr 2024 00:08

Aleksey Arestoviç: “Azərbaycan ordusu çox güclüdür və İranın öhdəsindən gəlməyə qadirdir” – VİDEO

 

“İranlıların silahlarını nümayiş etdirmələri hələ o demək deyil ki, onlar bundan istifadə etməyə çalışacaqlar”.

Bu sözləri Ukrayna Prezidenti Ofisinin keçmiş müşaviri Aleksey Arestoviç deyib.

Arestoviç “Ukrlife TV” internet kanalına müsahibəsində digər məsələlərlə yanaşı, Azərbaycan sərhədində yaranmış gərginliklə bağlı da fikirlərini bildirib.

“Ermənistan və İran məhsul mübadiləsindən çox asılıdırlar, İran isə bunun üzərindən böyük pullar və imkanlar əldə edir. Əgər Azərbaycan və Türkiyə Zəngəzur dəhlizini inşa etsələr, o zaman Bakı və Ankara şərti olaraq əsas nəqliyyat arteriyasına çevriləcəklər. İran arteriyası isə bu halda nəinki zəifləyəcək, hətta deyərdim ki, bu arteriya kəsiləcək. Bu isə qəti şəkildə İranın maraqlarına uyğun deyil”, – deyə o qeyd edib.

Arestoviçin sözlərinə görə, Azərbaycan tərəfi öz proqramını ardıcıl şəkildə həyata keçirir.

“Şərq təmkini ilə, yavaş-yavaş, səliqəli şəkildə bu proqramı reallaşdırırlar və kompleks məsələləri ardıcıl şəkildə həll edirlər. Düşünürəm ki, problemləri həll etmək yollarını Azərbaycandan öyrənmək lazımdır – ardıcıl və məqsədyönlü…”  – deyə o vurğulayıb.

Keçmiş müşavir Azərbaycanla İran arasında müharibə ehtimalının zəif olduğunu deyib.
“Düzünü desəm, mənim üçün Azərbaycan və İran arasında müharibə əməliyyatlarını təsəvvür etmək çətindir. Çünki bu məsələyə dərhal Türkiyə qarışacaq. Azərbaycan Ordusu özlüyündə çox güclü və hazırlıqlıdır. Və İranın öhdəsindən gəlmək iqtidarındadır, xüsusilə də Türkiyə qarışarsa. Amma hesab edirəm ki, hazırda bütün baş verənlər təhdidlər səviyyəsindədir, çünki reallıqda tərəflər toqquşmalarda maraqlı deyillər. Buna görə də bəlkə, eskalasiya, hərbi insidentlər baş verə bilər, amma birbaşa hərbi toqquşmalar ehtimalı azdır”, – deyə bildirib.

“Məsələ burasındadır ki, Ermənistanın Azərbaycan tərəfinin addımlarına qarşı hər hansı strategiyası yoxdur. Onlar yalnız KTMT-nin çağırılması, Rusiyaya müraciət kimi tədbirlərə əl ata bilərlər. Lakin Rusiya özü üçün də bu dəhlizin inşasında maraqlıdır. Bu halda Ermənistana dəstək kimi İrana arxalanmaq qalır. Amma Ermənistan üçün mühüm olan bu nəqliyyat arteriyası İranın həyati əhəmiyyətli maraqları sırasında deyil. Ona görə də çətin ki, bu məsələ müharibə ilə nəticələnsin. Çünki İran bu halda daha çətin vəziyyətə düşəcək.

İranlılar tanklarla irəli-geri gedəcək, Azərbaycanı və Türkiyəni qorxutmağa çalışacaqlar, amma problem ondadır ki, bu iki ölkə qorxmur. Deyərdim, yəqin, özləri də hətta istəyirlər ki, İran “hərəkət etsin” və dərhal onun cavabını versinlər”, – deyə Aleksey Arestoviç əlavə edib.

“Ancaq unutmaq olmaz ki, vaxtilə Azərbaycanın tərkib hissəsi olan Güney Azərbaycanda çox sayda azərbaycanlı yaşayır, hətta deyərdim, onların sayı on milyonlarladır. Bununla bağlı 18-28 milyon və fərqli rəqəmlər səsləndirirlər, amma bu, İran üçün olduqca böyük rəqəmlərdir.

Bəs onlar Azərbaycan Ordusu ilə döyüşmək cəhdinə necə reaksiya verəcəklər? Axı onlar bir xalqdır. Bundan sonra İranın özündə daxili problemlər baş qaldıra bilər. Odur ki, iranlıların silahlarını nümayiş etdirmələri hələ o demək deyil ki, onlar bundan istifadə etməyə çalışacaqlar”, – deyə Arestoviç fikrini tamamlayıb.

 

Oxşar xəbərlər