• 16 Sentyabr 2024 23:36

Deputatdan İrana sərt xəbərdarlıq: “Azərbaycan odu ilə oynamayın, sizi külə döndərər”

 

“İran parlamenti həddini aşaraq İsrail Dövlətində səfirliyimizin açılmasına etiraz edən qətnaməni qəbul edərək daxili işlərimizə qarışmağa cəhd göstərib. Bu, millətimiz tərəfindən anındaca rədd edilmiş, cırılıb atılmış istifadəyə yararsız kağız parçasıdır. Ona görə ki, hər hansı bir dövlətdə, o cümlədən İsrail Dövlətində səfirlik açmaq Azərbaycan Respublikası dövlətinin hüququdur. Heç bir dövlətin, xüsusən müqəddəs dinimiz islama ləkə gətirən, adında islam olsa da, islamdan əsər-əlamətin olmadığı, dindən uzaq İran parlamentinin bu məsələni müzakirə etməyə beynəlxalq hüquq və mənəvi baxımından haqqı yoxdur”.

Tacxeber.com xəbər verir ki, bunu deputat Musa Qasımlı parlamentdə çıxışı zamanı deyib.

O bildirib ki, İsrail Azərbaycan ərazilərini işğal etməyib: “Bizi yəhudilərlə tarixi, qədim dostluq və qardaşlıq telləri birləşdirir. Bu sənədi qəbul edənlər anlamalı idilər ki, İsraildə səfirliyimizin açılması təkcə ikitərəfli münasibətlərlə bağlı deyil, eyni zamanda uzun illərdən bəri davam edən Fələstin-İsrail münasibətlərinin yumşaldılmasına yönəldilib. Xarici işlər nazirimizin İsrailə səfəri zamanı Fələstin rəhbərləri ilə görüşləri buna dəlalət edir. Sülh, əmin-amanlıq, birgəyaşayış dini olan müqəddəs dinimiz İslam günahsız qanların tökülməsini istəmir. Azərbaycan dövləti təkcə Qafqazda deyil, Yaxın, Orta Şərqdə də sülh, İran isə düşmənçilik, günahsız insanların qanlarının tökülməsini istəyir.Qanların tökülməsini istəyən bir ölkə islam adına necə iddia edə bilər?  Bu rejim müsəlmanların üz qarası, utanc yeridir. İrticaçı Tehran rejimi Azərbaycanın müsəlman ölkələri ilə münasibətlərinin üstünə kölgə sala bilməz. Özünü dünya müsəlmanlarının hüquqlarının qoruyucusu elan edən İranda belə sənədi qəbul edənlərdən soruşmaq lazımdır ki Ermənistan müsəlman azərbaycanlıları ev-eşiklərindən vəhşicəsinə qovaraq qaçqına və məcburi köçkünə çevirərkən, 30 ilə yaxın müddət ərzində Azərbaycanın işğal olunmuş ərazilərində məscidləri dağıdarkən, tövlə kimi istifadə edərkən, müsəlman qəbiristanlıqlarını şumlayarkən İran nə üçün işğalçı, terrorçu Ermənistanın yanında idi? Çünki islamı iyrənc siyasət aləti edərək gözdən düşürən İranın terroru dövlət siyasətinə çevirən Ermənistan yanında olması elə hər ikisinin terrorçu dövlət olması ilə bağlıdır. Həm də o demək idi ki, torpaqlarımızın işğalında və davam etməsində Ermənistanın yanında İran da yer alıb”.

Deputat əlavə edib ki, İranın anti-Azərbaycan siyasətinin səbəbləri məlumdur: “Birincisi, hələ 1918-ci ildə olduğu kimi, indi də İran bizim dövlət müstəqilliyimizi, güclü dövlət olmağımızı özünə, Cənubi Azərbaycana təsir edə biləcək təhdid kimi görür. O vaxt dövlət müstəqillimiyimizi tanımaq istəməyən bu ölkə necə geri çəkilməyə məcbur oldu. İkincisi, 44 günlük Vətən müharibəsində qazandığımız qələbəni özünün məğlubiyyəti kimi qəbul edir.

Özü şüşə evdə oturan İranın yüksək demirəm, çünki yüksəkliyin bəlli ölçüsü olur, Uca olan Azərbaycan dövlətinə və millətinə atdığı daş geri qayıdıb başına dəyəcək, çilik-çilik olacaq. Daxilinizə baxın və Azərbaycan odu ilə oynamayın. O, sizi külə döndərər”.

Tacxeber.com

Oxşar xəbərlər