• 21 Noyabr 2024 21:01

Milli Məclisdə nazirlə deputat arasında MÜBAHİSƏ

Milli Məclisdə nazirlə deputat arasında MÜBAHİSƏ

“Elektroenergetika haqqında” qanun layihəsini bütün ölkədə tətbiq etməkdənsə, pilot layihə kimi həyata keçirək.

Tacxeber.com xəbər verir ki, bunu deputat Vahid Əhmədov Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclasında “Elektroenergetika haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

“Məsələn, ilkin olaraq cənub bölgəsində bunu tətbiq edək. Birdən bütün ölkəni buna cəlb etmək olmaz”, – deputat söyləyib.

Energetika naziri Pərviz Şahbazov deputata cavab olaraq bildirib ki, pilot layihə olaraq, bu sahənin ölkəmizdə yerinə yetirilməsi mümkün deyil: “Təbiətin qanununa görə belədir”.

Vahid Əhmədov isə deyib ki, bununla bağlı təcrübələr var, mübahisə etməyin yeri yoxdur.

Qeyd edək ki, bu gün Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclasında “Elektroenergetika haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb. Deputat Vahid Əhmədov sözügedən qanun layihəsinə etirazını bildirib. O deyib ki, yeni qanun qiymət artımına səbəb olacaq:

“Xeyr, bu qanunla ciddi qiymət artımı olacaq. Bunu üçüncü oxunuşa çıxarmaq olmaz. Qanun qəbul olunarsa, mən mətbuat konfransı keçirib, camaatı məlumatlandıracam. Qanunun qəbulu narazılıqlara səbəb olacaq. Kim deyirsə ki, tariflərə toxunmayacaq, mümkün deyil. Şirkət investisiya qoyursa, mənfəət əldə etməlidir. Yeni qanun layihəsi ciddi problemlərə gətirib çıxaracaq. Qarşıdan 2025-ci il seçkiləri gəlir. Bizə sürpriz hazırlamayın. Bizim ona ehtiyacımız yoxdur”.

Nazir Pərviz Şahbazov isə enerji sahəsində qiymət artımının olmayacağını söyləyib: “Milli Məclisdə deputatlar tərəfindən “Elektroenergetika haqqında” qanunun müzakirəsi zamanı narazılıqlar olub. Qanunun qəbulu qiymətlərin artması demək deyil. Qanunun qəbulu ilə tariflər tənzimlənəcək. Eyni zamanda qiymətlərin artması hələ nəzərdə tutulmur. Qanun bazarda rəqabət mühitinin yaranması üçündür”./Modern.az

Tacxeber.com

Oxşar xəbərlər