“İslam və əsl islam deyə bir fərqləndirmə kökündən yanlış düşüncədir. Nəzəri islam və praktik islam var. Nəzəri islamı praktikaya tətbiq etdikdə ortaya müsəlman ölkələri kimi bir reallıq çıxır. Necə ki nəzəri kommunizmi praktikaya tətbiq edəndə ortaya SSRİ, Çin, Şimali Koreya kimi ölkələr çıxdı”.
Tacxeber.com xəbər verir ki, bunu şair Aqşin Yenisey sosial şəbəkədə yazıb. Onun sözlərinə görə, casusluğa gəlincə, bunlar elə İranda inqilab edəndə də xarici kəşfiyyat orqanlarının maraqlarına xidmət edirdilər:
“Mehdinin təmsilçisi göydən “Air France” təyyarəsi ilə enmişdi. Bu gün Azərbaycandakı vəziyyəti inqilab öncəsi İranla müqayisə edəndə açıq-aydın görünür ki, ölkə addım-addım adı islam olan inqilaba doğru gedir.
Sadəcə, bir fərq var; İranda inqilabın hədəfi hökuməti yıxmaq idi, Azərbaycanda dövləti yıxmaqdır.
İran inqilabını gerçəkləşdirən bütün səbəblər bu gün Azərbaycanda təmin olunub.
Yerli dini liderlər varmı, var.
Orta biznes dini burjuanın əlindədirmi, bəli.
“Nicat şəriətdədir” təranələri ilə ofsunlanmış kütlələr get-gedə böyüyürmü, necə lazımdır. (“Təranə” dedikdə təkcə dini moizələri nəzərdə tutmuram, meyxana yoluyla kütləvi şəriət hedonizminə xidmət edən şou-biznes də artıq təranələşib Azərbaycanda)
Liberal, solçu, demokratik və s. zümrələr hökumət əleyhinə eyni fikirdədirmi, bəli.
Dindarların gücündən istifadə edib hakimiyyətə gəlmək üçün onlara sığınan xam xəyallı siyasi liderlər varmı, var.
Ən əsası, ölkədəki aydın, ziyalı təbəqə ya küsüb, ya susub, ya da dini təbliğatın qulbeçəliyini qəbul edibmi, hər üçü danılmaz reallıqdır.
Yetişməkdə olan bu inqilabın qarşısını yalnız aydın, mütərəqqi düşüncələrə meydan verməklə almaq olar, başqa heç bir güc təcrübədə özünü doğrultmayıb.