Artıq 3 həftədir ki, müqəddəs Ramazan ayını yaşayırıq. İslam dininə görə, müsəlmanlar Allahın rızasını qazanmaq üçün bir ay әrzindә sübh namazından mәğrib namazınadәk yemәk yemir, su içmir, oruc tuturlar.
Azərbaycan Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, Azərbaycan İlahiyyat İnstitutunun dosenti, fəlsəfə üzrə fəlsəfə doktoru Elvüsal Məmmədov “Kaspi” qəzetinə müsahibəsində Ramazan ayının özəlliyi, fəlsəfəsi və bizləri maraqlandıran bir sıra məqamların mahiyyətindən danışıb.
Həmin müsahibəni təqdim edirik:
– Elvüsal müəllim, müsəlmanlar nə üçün Ramazan ayında oruc tutmalıdır?
– Orucu ona görə tuturuq ki, Allah onu bizə vacib buyurub. Əgər biz özümüzü müsəlman sayır, Allahın təkliyini qəbul ediriksə, oruc tutmalıyıq. Bu, məsələnin sırf dinlə əlaqəli tərəfidir. “Orucun bizə hansı faydaları var” sualına aydınlıq gətirmək istəsək, o zaman tamam başqa mənzərə yaranır. Dinlər ona görə göndərilir ki, insan oğlunun mənəvi cəhətdən tərbiyəsi təmin olunsun, ruhu paklansın, mənəviyyatı təmizlənsin. Dinlərdəki ayrı-ayrı ibadət formaları da sözügedən məqsədə xidmət edir. Ramazan orucunun da məqsədi, fəlsəfəsi budur. İslamın müqəddəs kitabı Qurani-Kərimdə Allah-təala açıq şəkildə buyurur ki, “Ey iman gətirənlər, sizdən əvvəlkilərə oruc tutmaq vacib edildiyi kimi, sizə də oruc tutmaq vacib edildi. Bəlkə bunun sayəsində təqva əhlindən olasınız”. Təqva möminliyin, mənəvi təmizliyin xüsusi dərəcəsidir. Təqva ruhun təmizliyidir, vicdanın ayıqlığıdır, insanın insanlara, günahlara, Allaha münasibətdə həssaslığıdır. Yəni ruh həssaslıq dərəcəsinə çatdıqda təqva məqamına ucalır. Allah Ramazan orucunu bizə ona görə vacib hesab edib ki, biz təqvalı olaq. Allahın qarşısındakı öhdəliklərimizi yerinə yetirək. Allahı da xeyirxahlıqla, yaxşı işlərlə, müsbət əməllərlə təmsil edə bilərik.
– Oruc tutulanda niyyət etmək vacibdir, yoxsa yalnız Allah rizası üçün tutulmalıdır?
– İslam dinində niyyət dedikdə, bir şeyi Allah üçün niyyət etmək nəzərdə tutulur. Məsələn, mən niyyət etdim ki, Allah üçün oruc tutacam. Amma bəzi insanlarımız elə bilir ki, niyyət dedikdə nə isə başqa bir arzu, şəxsi işlərin həyata keçməsi diləyi olmalıdır. Misal üçün, Allahım, filan arzum yerinə yetsin, filan işim düzəlsin, oruc tutacam. Bu, doğru deyil.
– Ramazan ayı boyunca sübh tezdən sahura oyanıb yeməyimi yeyib yatdım, gün ərzində müxtəlif əyləncələrlə başımı qatdım, axşam gün batandan sonra iftarımı açdım, bununla da ibadətimi etdim. Bu yanaşma doğrudurmu?
– Bu həm doğrudur, həm də yanlış. Doğrudur o mənada ki, əslində oruc dedikdə insanın gün ərzində mədəsini yemək-içməkdən saxlaması nəzərdə tutulur. Lakin bu, dar mənadadır. Bioloji, fiziki aclıq yox, mənəvi və məqsədyönlü aclıq bizi tərbiyə edə bilər. Məqsədyönlü aclıq Allah üçün ac qalmaqdır. Bunun üçün yalnız mədəmi yemək-içməkdən qorumuram, eyni zamanda digər əzalarımı da müəyyən işlərdən qoruyuram – oruc tuturam. Misal üçün, gözümlə oruc tutmalı, günahlardan qorumalıyam. Yaxud obrazlı ifadə etsək, qulağımla oruc tutmalı, qeybətdən, dedi-qodudan, kimisə pusmaqdan və sairdən uzaq olmalıyam. Ağzımla oruc tutmalı, küfr danışmamalı, təhqirə yol verməməli, yalandan uzaq olmalıyam. Əgər mədəmi yemək-içməkdən qoruyarkən bunları da edirəmsə, orucum kamillik dərəcəsinə çatır. Yalnız bu şəkildə tərbiyə olunmaq mümkündür. Məhəmməd Peyğəmbər buyururdu ki, yalan danışmağı, saxtakarlıq etməyi tərgitməyənin yemək-içməyi tərgitməsinə Allahın ehtiyacı yoxdur.
– Yeməyin, şirniyyatın və digər qidaların qoxusu orucu poza bilərmi?
– Bu, niyyətdən asılıdır. İnsan var ki, restoranın, mətbəxin yanından keçəndə yemək qoxusu burnuna gəlir. Bu, bizdən asılı olmayan səbəbdir. İstəsək də, bu qoxunu özümüzdən uzaqlaşdıra bilmərik, ancaq həmin məkandan keçib getmək məcburiyyətindəyik. Belə olan halda oruc pozulmaz və bu, hansısa xoşagəlməz niyyətdə olmağımız anlamına gəlməz. Amma həmin məkanlardan keçərkən, yaxud evdə mətbəxdə olarkən yemək qoxusunu məqsədli şəkildə, ləzzətlə ciyərlərimizə çəkiriksə, bu, orucu pozmasa da, onun fəzilətini, yəni savabını azaldır.
– Ramazan ayında oruc tutan şəxsin duş qəbul etməsi, başını yuması ibadəti poza bilərmi?
– Oruc tutan şəxs yuyuna, çimə, dişini fırçalaya, həmçinin digər gigiyena qaydalarına riayət edə bilər. Bunlar orucu pozmaz. Sadəcə, elə etməliyik ki, burun və ağız boşluğumuzdan içəri su, maye daxil olmasın. Bu qaydada qoruna biləriksə, nəinki duş qəbul edə, hətta sərinləmək üçün başımıza su da tökə bilərik. Oruc tutduğumuz zaman ağzımız quruyubsa, su ilə yaxalaya bilərik. Şəriətin əsas məqsədi budur ki, hansısa ibadəti yerinə yetirərkən bizə fiziki-psixoloji baxımdan zərər toxunmasın. Əgər ibadət bizə fiziki-psixoloji zərər toxundurursa, İslam dini həmin ibadəti o an üçün qüvvədən salır.
– Elə insanlar var ki, oruc tutduqları üçün başqalarının onun yanında yemək yeməsinə əsəbi yanaşır, bunu günah sayırlar. Bəziləri isə gün ərzində ac qaldıqları üçün aqressivləşir, ətrafdakılarla kobud rəftar edirlər. Bu cür davranış nə dərəcədə düzgündür?
– Azərbaycan xalqının böyük əksəriyyəti dindar deyil. Orucluq qaydalarını da bilmirlər. Ona görə də parkda, ictimai nəqliyyatda, işdə, yaxud digər yerlərdə bizim yanımızda kimsə yemək də yeyə bilər. Bu halda bizim onlara sərt münasibət göstərməyimiz bir neçə cəhətdən düzgün deyil. Biz özümüz barəsində aqressiv dindar obrazı yaratmış olarıq. O insanların bizim təmsil etdiyimiz dəyərlərə münasibətini korlayarıq. Yalnız seçkin insanlar şəxslərin davranışlarına deyil, onların sahib olduqları dəyərlərə qiymət verərlər. Təəssüf ki, bu gün İslam da insanların davranışlarına görə qiymətləndirilir. Bu baxımdan oruc tutan şəxsin yemək yeyən birisinə sərt reaksiya verməsi doğru deyil. Biz yalnız davranışlarına görə məsuliyyət daşıdığımız kəslərə tövsiyə edə bilərik ki, oruc tutanların yanında yemək yeməsinlər. Bu, düzgün hərəkət deyil, qeyri-etikdir və sair. Amma öz ailə üzvlərimizə, yaxınlarımıza da bunu sərt şəkildə demək, hətta onlara zorla oruc tutdurmaq da düzgün deyil.
– Ramazan ayında tez-tez rastlaşdığımız hallardan biri də iftar süfrələridir. İftar süfrələrində hansı qaydalar mütləq gözlənilməlidir?
– İftar süfrələrinin təşkilində ifrata yol vermək düzgün deyil. Ramazan çoxdan imtina, yeni həyat tərzinə qədəm qoymaq, özünütərbiyə, özünə yeni vərdişləri aşılamaq deməkdir. İftar süfrələrini hədsiz dərəcədə zəngin etdikdə, bizim bir gün ərzində göstərdiyimiz səbrin, təmkinin, dözümün, imtinanın nəticələrinə fərqli təsir göstərir. Əlbəttə ki, iftarda ac qalmamalıyıq. Amma elə etməliyik ki, iftar süfrələrinin fərqliliyi, çeşidləri bizə Ramazan ayında olduğumuzu hiss etdirsin. İftar bizim üçün qonaqlıq, ziyafət olmamalıdır.
– İftar süfrələrinə oruc tutmayan şəxslərin dəvət olunması, onların da bu mərasimdə iştirak etməsinə dair fotolar çəkdirib sosial şəbəkələrdə paylaşılması nə dərəcədə düzgündür?
– İftar süfrəsi oruc tutan şəxsə yeməyin verilməsidir. Ona görə də iftar süfrələrinə əsasən ibadət edənlər, oruc tutanlar dəvət olunmalıdırlar. Çünki buna onların daha çox haqqı çatır. Lakin biz görsək ki, hazırda oruc tutmayan müəyyən şəxsləri iftar süfrələrinə cəlb etməklə onlarda da oruca, ibadətə, dinə rəğbət yarada bilərik, belələrinin də iftar süfrəsinə dəvət edilməsi normaldır. Lakin təəssüf ki, bizdə istər iftar, istərsə də ehsan süfrələrinə çağırılanlar arasında layiq olanlardan daha çox layiq olmayanlar var. Düşünürlər ki, bu şəxslərin vəzifəsi var, cəmiyyətdə tanınır və sair. İftar süfrəsi açanda da səmimi olmalı, özümüzü kiməsə göstərməməli, Allah rizası üçün addım atmalıyıq. İftar süfrələrinə ibadətinə, davranışına, əməlinə, səmimiyyətinə görə Allahın – göy əhlinin tanıdığı insanları dəvət etməli, bir yerə yığmalıyıq. İbadət etməyən, oruc tutmayan şəxsin iftar süfrəsinə dəvəti qəbul etməsinə gəlincə, o, üzrxahlıq edə, oruc tutmadığını əsas gətirərək mədəni qaydada iftar süfrəsindən imtina da edə bilər. Əksər hallarda biz bunun əksini görürük. Ancaq elə hal ola bilər ki, iftara dəvət olunan şəxs ibadət etməsə də cəmiyyətdə yaxşı əməlləri ilə tanınıb. Belə şəxslərin iftara cəlb edilməsi gələcəkdə onun da oruc tutmasına, dinə xidmət etməsinə səbəb ola bilər. Çünki dinimiz bizə buyurur ki, özümüzün ibadət etdiyimiz kimi, başqalarının da Allahı tanımasına şərait yaradaq. Buna da din adına təbliğat, dəvət deyilir.
– Oruc tutmayan bir şəxs oruc tutan müsəlmanlara iftar süfrəsi verməklə Ramazan ayında günahlarının bağışlanmasına nail ola bilərmi?
– Əgər niyyəti Allah üçündürsə iftar süfrəsi açan şəxs savab qazana bilər. Amma oruc tutmamağı üzürsüzdürsə və oruc tutmadığına görə iftar süfrəsi açırsa, buna görə onun oruc tutmamaq günahı yuyulmayacaq.
– İslamda başqasının yerinə oruc tutmaq, bu yolla onun günahlarının bağışlanmasına nail olmaq ənənəsi varmı?
– Sağ insanların yerinə oruc tutulmaz. Sağlığında hər kəs öz əməlinə və ibadətinə görə özü məsuliyyət daşıyır. Qurani-Kərimdə aydın şəkildə göstərilir ki, heç kəs başqasının məsuliyyətini daşımaz. Ona görə də mən namaz qılmalı, oruc tutmalıyamsa, hər iki ibadəti vaxtlı-vaxtında etməliyəm. Kimsə mənim əvəzimə nə oruc tuta bilməz, nə də namaz qıla bilməz. Bəzən olur ki, hansısa şəxs oruc tutmağı niyyət edir, lakin vəfat etdiyi üçün bu niyyətinə çatmır. Əgər dünyasını dəyişən həmin şəxsin varisi istəyərsə, vəfat edən üçün oruc tuta bilər. Bunun üçün konkret öhdəlik yoxdur. Yalnız istəyə uyğun olaraq, könüllü şəkildə ola bilər.