• 22 Noyabr 2024 18:56

“Quranı başa qoymaq ona qarşı hörmətsizlikdir” – Elşad Miri

“Quranı başa qoymaq ona qarşı hörmətsizlikdir” – Elşad Miri

 

“Qədir gecəsi özəl bir ibadətin həyata keçirildiyi və ya hansısa xüsusi duaların oxunduğu şans gecəsi heç deyil. Bu gecə Quranın gəlməyə başladığı gecədir. Bu kitabı bizim də anlamağa başladığımız gecəmiz – Qədir gecəmizdir”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında dinşünas Elşad Miri deyib. O, qədir gecəsində başa Quran qoyularaq dualar oxunması barəsində fikirlərini bölüşüb.

Xatırladaq ki, ilk əhya gecəsində Hacı Surxay Məmmədlinin Quranı başına qoyaraq dua oxuması sosial şəbəkələrdə tənqidə səbəb olub.

Öz növbəsində, E. Miri söyləyib ki, bu gecədə bəzən insanların Quranı açaraq başlarının üstlərinə qoyduğunun şahidi oluruq:

“Bunun dinlə heç bir əlaqəsi yoxdur. Quranı başımıza qoyduğumuz zaman orada yazılanlar başımıza girəcəksə, gəlin, hamımız bunu birlikdə edək. Quran ayələri orada sıyrılıb ürəklərimizə süzülməyəcək”.

O, vurğulayıb ki, Quranı başımızın üstünə yox, başımızın içinə yerləşdirmək lazımdır:

“Quranı başa qoymaq Qurana hörmət olsaydı, bunu ən çox peyğəmbərimiz edərdi. Quranı başa qoymaq onu anlamağımız, eləcə də anlayıb yaşamağımız üçün göndərənə qarşı hörmətsizlikdir. Quranın ilk nüsxələrini başa qoymaq isə onun böyüklüyü və həcmi altında nəfəssiz qalmaqdır”.

İlahiyyatçı Ağa Hacıbəyli isə söyləyib ki, Qurani-Kərimin başa qoyularaq əhya gecələrində dua oxunması sadəcə olaraq Cəfəri məzhəbinə mənsub olan bir adətdir:

“İnsanlar bunu bir adət olaraq edirlər. Onlar Quranı başa ona görə qoyurlar ki, “Allahım, sənin kitabını biz başımızda daşımağa söz vermişik”. Bəsit olaraq yanaşsaq, belə bir yanaşma var. İndi kim tənqid edir-etmir, bu, mövcuddur.

Əslində isə önəmli olan budur ki, bir müsəlman olaraq, könülümüzü Hira mağarasına çevirək ki, Quran qəlbimizə nazil olsun. Bir müsəlman öz iç dünyasını, mənəvi həyatını pak edib, paklar-pakının (Allah-Təala) hüzuruna çıxsa və “Allahım, kindən, nifrətdən, həcvdən, paxıllıqdan və neqativ duyğulardan bütün dünyamı təmizləmişəm, ona görə də Quranı mənim könlümün coğrafiyasına, fikir yamaclarıma endir” deyib göz yaşı içərisində yalvarsa, bu, daha doğru olardı düşüncəsindəyəm”.

“Qısası, Cəfəri məzhəbində belə bir anlayış var ki, Quran Ramazan ayında, özəlliklə də Qədir gecələrində başa qoyularaq dua edilər. Bu, bir anlayışdır və qardaşlarımız bunu edirlər. Bunu kim tənqid edəcək, kim təqdir edəcək, öz işidir. Lakin bu, dinin hökmü, şəriətin əhkamı və Allahın bilmədiyi bir şey deyil. Sadəcə bunu edirlər”, – qeyd edib.

Tacxeber.com

Oxşar xəbərlər